» » Parlament müxalifəti Heydər Əliyev haqda:

Parlament müxalifəti Heydər Əliyev haqda: “Ona borcluyuq”

Bölmə: GÜNDƏM
Parlament müxalifəti Heydər Əliyev haqda:
12 dekabr Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi bu il də dahi siyasətçinin anım günündə onunla bağlı xatirələr canlanır, bu gün də aktual olan çıxışları, tezisləri yada salınır.

Xalqinfo.az Milli Məclisdə fəaliyyət göstərən müxalifət partiyaları sədrlərinin Heydər Əliyevlə bağlı xatirələrini təqdim edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev:

“Ümumiyyətlə, mən ölkədə bütün siyasi liderlərə, siyasi partiyalara bərabər yanaşmanın tərəfdarıyam. Hesab edirəm ki, kimin hansı tərəfdə olmasından asılı olmayaraq qısqanclıq nümayiş etdirmək və yaxud kimisə gözdən salmaq doğru deyil. Azərbaycanın siyasi tarixi var və bu tarixin səhnəsində hər lider öz rolunu oynayıb. Əlbəttə, tarixdə qara ləkə kimi qalan adamlar da var. 20 yanvar qırğınını törədiblər, Xocalı soyqırımının səbəbkarı olublar və.s.

Amma müstəqillik illərindən sonra qurucu liderlər olaraq Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev bizim prezidentlərimiz və tariximizdir.

Biz tariximizə hörmətlə yanaşmalıyıq. O insanların qoyduqları irsi davam etdirməyi bacarmalıyıq. Yarımçıq qalan işləri tamamlamalıyıq. Heydər Əliyev də dönəmin çox böyük siyasi xadimlərindən olub.

Mən həm Heydər Əliyevin, Məhəmməd Əmin Rəsulzadənin, həm də Əbülfəz Elçibəyin xatirəsinin mütəmadi olaraq anılmasının tərəfdarıyam. Hesab edirəm ki, buna bütün partiyalar partiya mövqeyindən yox, millət mövqeyindən baxmalıdırlar”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:

“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inşasında müstəsna rolu olmuş tarixi şəxsiyyətdir. Bu gün də Azərbaycan dövlətinin dünyada tanınmasında onun misilsiz rolu var. Ona görə də Azərbaycanın ən ağır günlərində ölkəmizin toparlanması, yenidən dövlət olaraq möhkəmlənməsi, həm də beynəlxalq arenada qəbul olunan dövlətə çevrilməsi Heydər Əliyevin reallaşdırdığı strategiyanın yekunudur. O, hər zaman Azərbaycan tarixində böyük şəxsiyyət kimi xatırlanacaq”.

Vəhdət Partiyasının sədri , deputat Tahir Kərimli:

“Mənim müxalifətdə fəaliyyət göstərdiyim vaxtların olması faktdır. O zaman Heydər Əliyevin xalq hərəkatı üzərində böyük təsirini danmaq olmaz. O, daim dövlət quruculuğunda, müstəqilliyin əldə edilməsində öz məsləhətlərini verib. Hətta uzun müddət Heydrə Əliyevin fikirləri xalq hərəkatı ilə üst-üstə düşüb. Əbülfəz Elçibəylə İsmayıllıdakı mitinq də bunu təsdiqləyir. Onun çıxışı zamanı səsləndirdiyi fikirlər hərəkatın istəkləri ilə oxşarlıq təşkil edirdi.

Heydər Əliyev şübhəsiz ki, Azərbaycan tarixinin yetişdirdiyi çox böyük şəxs olub. İlk azərbaycanlı DTK generalı olub. Yadımdadır, onun dövründə Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir kimi rayonlarda insanların rahat yaşayışı təmin edilmişdi. 70-ci illərdə Ağsuda yaşayırdım deyə, bunun canlı şahidi olmuşam. İqtisadiyyat inkişaf edirdi, insanların təhsil səviyyəsi yüksəlirdi və.s

Bu gün Azərbaycanda bəzi müsəlman dövlətləri kimi sabitlik pozulmayıbsa, Heydər Əliyevə borcluyuq. O, böyük dövlət xadimi, liderdir.

Mən etiraf edirəm ki, uzun illər müxalifət tərəfindən çıxış etməyimə baxmayaraq, Heydər Əliyevin dövlətçilik ənənlərini qəbul etmişəm. Eləcə də mənim kimi yüz minlərlə insan bunu qəbul edir”.

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə:

“Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm, söhbətlərimiz olub. O, çox böyük intellektə malik şəxsiyyət, həm də dahi insan idi. Heydər Əliyevlə müəyyən mövzularda razılaşdığım, eyni zamanda razılaşmadığım vaxtlar olub. Amma normal, sadə münasibətimiz var idi. Hərçənd ki, o məndən yaşca böyük idi, lakin davranışları ilə bunu hiss elətdirmirdi. Yəni onun qarşısında istər-istəməz sərbəst olurdun. Heydər Əliyevlə əsasən Qarabağ problemi ətrafında söhbətlərimiz olurdu, çünki bu, mənim ən ağrılı yerimdir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler