» » Azərbaycan mediası ən mühüm xəbəri niyə erməni saytlarından götürdü?..

Azərbaycan mediası ən mühüm xəbəri niyə erməni saytlarından götürdü?..

Bölmə: GÜNDƏM
Azərbaycan mediası ən mühüm xəbəri niyə erməni saytlarından götürdü?..
Azərbaycanda bəzi dövlət qurumlarının mətbuat xidmətləri operativlikdə qonşu ölkələrə, xüsusilə də düşmən tərəfə məğlub olur. Söhbət ictimai əhəmiyyətli informasiyadan gedirsə, daha diqqətli olmaq lazımdır. Məsələn, bəzən hansısa önəmli məlumatları, hətta onun təfərrüatlarını erməni saytlarından izləyirik. Çünki bizdən əvvəl bu məlumatları və şəkilləri onların dövlət qurumlarının mətbuat xidməti yayır.

Elə Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdikləri 16 oktyabr tarixli görüşündə olduğu kimi... Mediamız ilk xəbərləri ya erməni saytlarından əldə etdi, ya da Sarkisyanın mətbuat katibi Vladimir Akopyanın Twitter hesabından...

Məsələ ilə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a bildirib ki, hökümət qurumlarının mətbuat xidmətləri aktiv olmağa meylli deyillər:

“Müasir informasiya dövrünün əsas xüsusiyyətlərindən biri xəbər sürətinin həddindən artıq böyük olmasıdır. Dünyanın və eləcə də yerləşdiyi məkanın həyatında önəmli rol oynamaq, siyasi gündəmdə qalmaq üçün mütləq bu rəqabət tələblərinə tabe olmalı və özfəaliyyətini buna uyğunlaşdırmalısan. Həmçinin, qabaqlayıcı modellər, yanaşmalar ortaya qoymağı bacarmalısan. Bu, təkcə informasiya təhlükəsizliyi baxımından qüsur yaratmır. Yəni sən mötəbər mənbə kimi erməni mediasından istifadə edib, ona istinadən ən mühüm məlumatları dərc edirsən. Qeyd etdiyim məsələnin bir hissəsidir. Digər tərəfdən, bu gün hər hansı dövlət hadisələri, milli məsələlər çevrəsində möhkəmləndirici addımlar atılmalıdır.

Vaxtilə Rəcəb Tayyip Ərdoğan baş nazirliyinin yeni dönəmində bildirmişdi ki, Türkiyə siyasi gündəmini özü formalaşdırmalıdır. Bu, çox önəmli məsələdir. Təəssüf ki, bizim hökümət qurumlarının, bəlkə də rəhbər şəxslərinin bu məsələlərə baxışına görə mətbuat xidmətləri çox da aktiv olmağa meylli deyillər. Halbuki, onların böyük əksəriyyətini tanıyırıq və hər biri özünəməxsus istedada malik adamlardır”.

Deputat qeyd edib ki, informasiya məsələsində geri qalmaq yalnız ziyana səbəb olur:

“Xəbər özü xilas rolunda çıxış edir, istiqamət verir, panikaları aradan qaldırır. Hətta real həll mənasında iştirak edir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Məsələn, Aprel hadisələri zamanı Azərbaycanda birlik nümayiş olundu. Aidiyyatı qurumların informasiya işinə cavabdeh olan şəxsləri kifayət qədər aktivlik nümayiş etdirdilər. Media, dövlət qurumları, cəmiyyət harmonik halda bir cəbhədə iştirak etdilər. Amma bu hadisədən kənarda dövlət qurumlarının bir qədər ləngidiyinin şahidi oluruq.
Bilirsiniz, İran və Qərb arasında 1979-cu ildən bu yana böyük qarşıdurmalar davam edir. Bu gün informasiya, texnologiya dövrüdür. Hətta İranın ali rəhbəri Xameneyi mübarizədə informasiyanın nə qədər güclü silah olduğunu qəbul edir. Bu baxımdan onun xüsusi hesabında yüz milyonlarla insana hansısa bir dini hadisə, siyasi mövqe təqdim olunur. İnformasiya işində gerilik yalnız ziyana işləyir”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz düşünür ki, bu gün ölkədə elektron informasiya istehsalı prosesi yetərli səviyyədə deyil:
“Hər bir dövlət qurumunda informasiyanın emalı prosesi var. Bəzi dövlət qurumlarında bu sistem artıq qurulub. Dövlət qurumunun hansısa otağında informasiya istehsal olunur və bu, qurumun saytında, sosial media hesablarında açıqlanır. Bu proses qısa ya da uzun ola bilir. Təəssüf ki, bəzi dövlət qurumlarında elektron informasiyanınm istehsalı və açıqlanması ilə bağlı yol kifayət qədər mürəkkəbdir. Halbuki, müəyyən qanunvericiliklərdə ictimai əhəmiyyətli informasiyaların dərhal açıqlanması qeyd olunub”.

O.Gündüz bildirib ki, bu cür ləngimələrin qarşısını almaq üçün qanunvercilik müddəalarını sərtləşdirmək lazımdır:

“Hazırda bəzi dövlət qurumları çevik, effektiv mexanizmlər qura bilməyiblər. Bu, həm sosial mediaya, həm də qurumun saytına aiddir. Müasir dövrdə informasiyanı birinci açıqlayan ictimai rəyi formalaşdırır. İnternet media isə bu istiqamətdə mühüm rol oynayır. Hesab edirəm ki, dövlət qurumları bunu nəzərə almalıdır.
Bu baxımdan dövlət qurumlarında ictimai informasiyanın ləngidilməsi, açıqlanmaması ilə bağlı qanunvericilikdəki müddəaları sərtləşdirmək lazımdır. Həmçinin, bundan dolayı məsuliyyət, müəyyən cərimələr müəyyən edilməlidir. Əgər informasiya ləngidilərsə, düşmən tərəf ictimai rəyi öncə formalaşdıra bilər. Təbii, bu da Azərbaycanın maraqlarına ziddir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler