» » Vaşinqton və Tehran tarixi yaxınlaşma ərəfəsində -

Vaşinqton və Tehran tarixi yaxınlaşma ərəfəsində - əsrin sensasiyası

Bölmə: GÜNDƏM
Vaşinqton və Tehran tarixi yaxınlaşma ərəfəsində -

Yaxın Şərqdə siyasi atmosfer dəyişir, 31 martda böyük saziş imzalana bilər
İranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının növbəti raundu İsveçrədə baş tutub. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə danışıqlarında boşluqlar qaldığını bildirsə də, həll prosesinin yaxın olduğunu qeyd edib.

İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi isə bildirib ki, ABŞ-la İran arasında aparılan nüvə danışıqlarında texniki məsələlərin 90 faizi həllini tapıb. əl-Cəzirə telekanalının məlumatına görə, ABŞ hökuməti bəyan edib ki, razılaşma əldə olunacağı təqdirdə İranın nüvə fəaliyyətləri ən azı qarşıdakı 10 il ərzində dondurulacaq. İran isə daha əvvəl bu rəqəmin 8 il olmasını istəmişdi.

İranla ABŞ arasında hazırda aparılan danışıqlarda daha bir detal isə sentrafuqalarla bağlıdır. İran əlində olan 20 min ədədə yaxın sentrafuqanın hamısının qalmasını istəsə də, ABŞ sentrafuqaların sayının bir neçə yüz ədədə endirilməsini istəyirdi. Hazırda isə İran 9 min, ABŞ isə 6500 sentrafuqanın qalmasında israr edir.


Qeyd edək ki, İranın nüvə danışıqlarında son tarix olaraq martın 31-i göstərilir. Görünən odur ki, hazırda ABŞ və İran hökumətləri bu anlaşmanın əldə olunması üçün ciddi şəkildə səy göstərir. Son aylarda hər iki ölkənin xarici işlər nazirləri arasında mütəmadi danışıqlar gedir. Hər iki tərəf tez bir zamanda yekun nüvə razılaşmasının əldə olunmasında maraqlı görünür. Ancaq bir sıra region ölkələri, o cümlədən ABŞ-ın ənənəvi Yaxın şərq tərəfdaşları İsrail və Səudiyyə Ərəbistanı Vaşinqtonun İranla anlaşmasından narahatdırlar. Hər iki ölkə açıq şəkildə bu razılaşmaya mane olmağa çalışır. Bir qədər əvvəl Vaşinqtona səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonu bu danışıqlardan çəkilməyə vadar etməyə çalışmışdı. Eyni zamanda rəsmi ər-Riyad bəyan edib ki, İranla əldə olunan razılaşma halında onlar da nüvə silahlı əldə etməyə iddia edəcəklər.



Hər iki dövlətdə hesab edirlər ki, İranın ABŞ-la anlaşması İslam Respublikasının regionda mövqelərini daha da gücləndirəcək. İran hazırda onsuz da regionun əsas oyunçusuna çevrilib və Yəmən, İraq və Suriyada S.Ərəbistanı ilə münaqişə vəziyyətindədir. İsrail isə güclənmiş İranın Livan, Suriya və Fələstində təsirinin daha da artacağını və yəhudi dövləti üçün ciddi problemlər yaradacağından narahatdır.

Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, ABŞ kəşfiyyatı hazırladığı terrora dəstək verən ölkələr və yeni terror təşkilatları siyahısından İran və Hizbullahın adını çıxarıb. Hesabat ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən elan olunub. Əvvəlki illərdə açıqlanan terror siyahısında bir qayda olaraq Hizbullah və İranın da adı olurdu. Ancaq builki terror təşkilatı siyahısına İranın salınmaması onu göstərir ki, Vaşinqton İslam Respublikası ilə münasibətləri qaydaya salmaqda ciddi şəkildə maraqlıdır. Bu isə 31 marta qədər böyük sazişin imzalanacağı ilə bağlı ehtimalları gücləndirir. musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler