DataLife Engine > Dünya > İranla bağlı danışıqlar:

İranla bağlı danışıqlar:


17-12-2014, 14:47. Yerləşdirdi: Esi İranla bağlı danışıqlar:Tehranın nüvə proqramı ilə əlaqədar Vyanada İranla dünyanın altı aparıcı dövləti (Rusiya, Fransa, Almaniya, Çin, ABŞ və Böyük Britaniya) arasında aparılan danışıqların final mərhələsi nəticəsiz başa çatdı. Doğrudur, tərəflər danışıqları daha yarım il uzatmaqla bağlı razılığa gəlsələr də bu danışıqların uğurla nəticələnəcəyi böyük sual altındadır.

İran tərəfi ilə "altılıq" ölkələrinin apardığı danışıqlar uzun müddətdir ki, davam edir. İran iddia edir ki, ölkənin nüvə proqramı dinc məqsəd daşıyır, bu zaman əksər Qərb ölkələri güman edirlər ki, əslində, İran tərəfi nüvə silahı üzərində işləyir.

Əsas maneə

Görünür, bu məsələdə əsas maneə yığılıb qalmış qarşılıqlı inamsızlıqdır. Qərb ölkələri heç cür İranın dinc məqsəd daşıyan nüvə proqramının hərbi məqsədlərə çevrilməyəcəyi barədə onları arxayınlaşdıracaq təminatı əldə edə bilmirlər. Bu səbəbdən də bəzi məlumatlara görə, onlar nüvə proqramına nəzarətin məhdudlaşdırılması məsələsində Tehrandan maksimum güzəşt əldə etməyə çalışdılar. İranlılar da öz növbələrində Qərbə inanmır və buna görə də nüvə məsələsinin həll olunması planının addım-addım reallaşmasının elə ilk mərhələlərindəcə mümkün qədər çox sanksiyanın aradan qaldırılmasını istəyirdilər.

Müzakirələrin əsas mövzuları İranda mövcud olan və uranın hərbi məqsədlərlə zənginləşdirilməsində istifadə oluna bilən sentrifuqaların sayı, həmçinin uranın zənginləşdirilməsi üçün digər ölkələrə daşınması və son mərhələdə İrana qaytarılması məsələsidir. Problem ondadır ki, iranlılar nə uranın paylanması, nə də sentrifuqaların sayının məhdudlaşdırılması ilə razı deyil. Amma nə Aİ, nə də ABŞ bu məsələdə Tehrana nəzarət etməkdən başqa heç bir alternativ görmürlər. Bu səbəbdən də İranda, həmçinin Cenevrədə aparılan müzakirələrin əvvəlki iki mərhələsi faktiki olaraq nəticəsiz başa çatdı. Tərəflər çıxılmaz vəziyyətə düşdülər. Bununla belə, İran Aİ və ABŞ tərəfindən ayrı-ayrı məhsullar və bank sistemi üzərinə qoyulan sanksiya şərtləri altında yaşamağı öyrəndi. Qərb ölkələrində isə İrana güzəştə getməməklə bağlı hökumətlər üzərindəki təzyiq artır.

Etimadın optimal variantı

Göründüyü qədəriylə, bir-birinə qarşı mövcud olan inamsızlıq gələcək danışıqlar yolunda əsas maneə olacaqdır. Çünki amerikalı və iranlıların bu inamsızlığı necə aradan qaldıracaqları hələ də aydın deyil. Tərəflər arasında qarşılıqlı əlaqələrin o qədər mürəkkəb tarixi mövcuddur ki, burada sözlər, vədlər, hətta beynəlxalq təminat belə kifayət etməyəcəkdir. Bu vəziyyətdə etimad qazanmağın daha optimal yolu nüvə sahəsinə aid olmayan vacib məsələlərlə bağlı dövlətlərarası əməkdaşlıq ola bilər. Əməkdaşlığın daha vacib sahələri isə ABŞ və İranın Bəşər Əsədin taleyi ilə bağlı kompromisə nail olması halında Əfqanıstan və əlbəttə ki, İslam dövləti ola bilər.

Hətta tərəflər arasında etimad yaransa da amerikalılar gec və ya tez İranda nüvə silahının yaranması faktı ilə barışmalı olacaqlar. Bu qaçılmaz halı təkzib etmək əvəzinə onlar bu vəziyyətin yaratdığı təhlükəni minimuma endirmək üçün mümkün olan hər şeyi etməlidirlər. Hər şeydən öncə, İranın nüvə silahından hücum və şantaj məqsədi ilə istifadə etməkdə heç bir məna görməyən sabit inkişaf edən ölkəyə çevrilməsinə çalışılmalıdır. Bununla yanaşı, amerikalılar İranın ardı ilə nüvə silahı yaratmaq yolunu seçə biləcək Səudiyyə Ərəbistanını da hansısa yolla sakitləşdirməlidirlər.

Danışıqlar kimə sərf edir?

İran liderləri yaxşı başa düşürlər ki, onlarla danışıqların aparıldığı müddətdə İranı bombalamayacaqlar və onlara qarşı yeni sanksiyalar tətbiq edilməyəcəkdir. Buna görə də, demək olar ki, indiki danışıqlarda İran minimum proqrama nail olub: o, danışıqlar prosesini uzadıb, öz üzərindəki sanksiyaların bir hissəsini qaldırıb və yeni sanksiyaların qoyulmasına imkan verməyib. Böyük Britaniyanın XİN rəhbəri Hammondun sözlərindən məlum olduğu kimi, İrana ölkənin xaricdəki donmuş hesablarından aylıq olaraq 700 milyon dollar götürməyə icazə verildi.

Amma cari danışıqların nəticələrindən ən çox qazanan tərəf İranın nüvə statusunun ən qızğın əleyhdarlarından olan və bu statusun ABŞ tərəfindən qəbul edilməsinə qarşı prinsipial çıxış edən İsrail oldu.

"Hələ ki razılığın əldə edilməməsi çox vacibdir. Biz İrana bizi və digərlərini təhdid edən nüvə dövlətinə çevrilmə imkanı verməmək üçün mübarizə aparmaq fikrindəyik", - deyə İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib.

Buna baxmayaraq, danışıqların iştirakçıları gələcəkdə razılığın əldə olunmasını danışıq aparanların özləri üçün faydalı olan həlledici uğur hesab edirlər. Əldə olunmuş razılıq İran iqtisadiyyatına vacib olan Qərb təzyiqlərindən qurtulmaq və Qərblə daha açıq münasibətlərin qurulmasına ümid edən bir islahatçı prezident kimi dövlət başçısının etimadını təsdiq etməyə imkan yaradacaqdır. Bu saziş prezident Barak Obamaya onun Amerikanın əzəli rəqibi ilə əlaqələri kökündən dəyişdiyini və regiondakı təhlükəsizliyi üçün ciddi təhdidə müharibə yolu ilə deyil, dinc vasitələrlə son qoyduğunu təsdiq etmək imkanını yaratdı. Daxili siyasi səbəblərlə yanaşı, Obama İraqdakı böhranın da qarşısını alır. Tehranın dəstəyi olmadan bu ölkədə normal həyatı yoluna qoymaq qeyri-mümkündür, xüsusilə şiə qruplaşmaları sünni radikallara qarşı müqavimət göstərən əsas qüvvə olaraq qalırlar.

Rusiyanın mövqeyi daha çox faktiki olaraq Rusiya-ABŞ münasibətlərini çıxılmaz vəziyyətə salan digər bir münaqişənin – Ukrayna münaqişəsinin çərçivəsi daxilində diktə olunur. Yəqin ki, Qərb nümayəndələri ilə Rusiya nümayəndələri arasında İranla bağlı aparılan danışıqların vasitəçilərin "dəyirmi masası" vasitəsilə deyil, ayrıca keçirilməsi də məhz bununla izah edilə bilər.

Amma ekspertlər güman edirlər ki, 2015-ci ilin ilk yarısında danışıqların aparılması 2014-cü ilin ikinci yarısındakından daha çətin olacaq. Əsas maneələrdən biri ABŞ Konqresi ola bilər. Məlum olduğu kimi, noyabrda keçirilən seçkilərin nəticələrinə görə ABŞ qanunvericiliyi tamamilə Tehranın nüvə proqramının tanınması əsasında İranın özünə, həmçinin onunla sülh razılığı əldə etmək perspektivinə skeptik yanaşan Respublika partiyası tərəfindən idarə olunur. Danışıqlar müddətinin növbəti dəfə uzadılmasını respublikaçılar son dərəcə mənfi qəbul etdilər və artıq yeni Konqresin çağırılmasından sonra İrana qarşı sanksiyaların sərtləşməsi lehinə səs verməyə söz verirlər. Aydındır ki, administrasiya respublikaçı Konqresi bunu etməməyə inandırmağa çalışacaq, son vəziyyətdə isə Barak Obama sanksiyalarla bağlı qərara hətta veto da qoya bilər. Amma bu prosedura özlüyündə danışıqlar prosesinə və iranlıların hansısa güzəştlərə getmək niyyətinə mənfi təsir edə bilər. İstisna deyil ki, bu vəziyyətdə tərəflər yeni Konqresin və ola bilsin ki, yeni ABŞ prezidentinin seçilməsinədək hələ iki il gözləməli olacaqlar.

newtimes.az
Geri qayıt