DataLife Engine > Dünya > Ukraynalılar prezident seçə bilmədi-i

Ukraynalılar prezident seçə bilmədi-i


2-04-2019, 12:21. Yerləşdirdi: Tural Ukraynalılar prezident seçə bilmədi-i




Əhəd Məmmədli: “Azərbaycan üçün Poroşenko da, Zelenski də müsbət şəxslərdir”
Ukraynada maraqla izlənilən seçki prosesi geridə qaldı. Martın 31-də keçirilən seçkilərdən prezidentin ikinci turda müəyyənləşəcəyi dəqiqləşib.

Aprelin 21-də keçiriləcək ikinci tura hazırkı prezident Pyotr Poroşenko və şoumen Vladimir Zelenski keçiblər. İndiyə qədər olan nəticələrə əsasən, Zelenski 30%-dən yuxarı, Poroşenko isə 16%-dən yuxarı səs toplayıb. Sonrakı pilləni 13%-lə “Batkivşina” Partiyasının sədri Yuliya Timoşenko tutub. Xanım namizəddən sonrakı sıraları isə 9 faizlə Yuri Boyko və 7 faizlə Anatoli Qriçenko tutur.

Seçki nəticəsində ortaya çıxan bu nəticələr ikinci tura olduqca marağı artırır. Aprelin 21-dəki seçkilərdə iştirak edə bilməyəcək namizədlərin hansı seçimləri edəcəkləri ciddi suallar doğurur. 3, 4 və 5-ci pillələrdə qərarlaşanların seçimi ya Zelenskini, ya da Poroşenkonu qalib edəcək. Hazırkı prezident rəqibindən 14% az səs toplamasına baxmayaraq, onun şansları heç də zəif dəyərləndirilmir, əksinə, yüksək göstərilir. Hər kəsə bəllidir ki, ikinci tura keçməyənlər siyasi bazarlığa gedərək seçimlərini edəcəklər.

Azərbaycan üçün Poroşenkonun, yoxsa Zelenskinin prezident seçilməsinin əhəmiyyətli olduğu barədə müxtəlif fikirlər səslənir.



Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ukraynada seçkilərin nəticələri gözlənilən idi: “Sorğular aşağı-yuxarı bu sonucu göstərirdi. Ölkədəki bütün problemlərə rəğmən Poroşenkonun ikinci tura çıxmasını onun üçün uğur sayıram. Demokrat prezidentlər sayılan Kravçuk və Yuşşenkonun necə məğlub olduqlarını unutmayaq. Onlarla müqayisədə Poroşenko hələ da ayaqda qala bilibsə, bu onun qələbəsidir. Nəzərə alsaq ki, Poroşenko Ukraynanın ən yeni tarixinin ən çətin dövründə ölkənin başına gəldi və bütün bunlara rəğmən növbəti prezident seçkilərində ikinci tura çıxmağa müvəffəq oldu. Prezident seçkilərinin yarışının əvvəlində sorğu nəticələrinin ilk ikiliyində Poroşenkonun olmamasını, gedişatda Timoşenkonu keçib ikinci tura çıxmasını əlavə etsək, mövcud iqtidar üçün bunu müvəffəqiyyət kimi saymaq olar. Düzdür, mətbuat konfransında Poroşenko nəticələrdən narazı görünürdü. Amma narazı da görünməli idi. Lakin reallıq onu göstərir ki, Poroşenkonun ikinci tura çıxması belə onun siyasi komandası üçün uğurdur. İkinci turda favorit Zelenski görsənir. Lakin Gürcüstandakı seçkilərdə də ikinci turda favorit başqa namizəd görünürdü, amma həmin dönəmdə gürcü hakimiyyətinin verdiyi populist bir qərar hər şeyi dəyişdi.



Tam olmasa da, buna oxşar vəziyyət Ukraynada da təkrarlana bilər. Timoşenko çox güman ki, Zelenskini dəstəkləyəcək və yaxud tərəfdarlarına azad seçim şansı tanıyacaq. Düzdür, Timoşenko mahir siyasi alverçidir və çalışacaq ki, Zelinskidən baş nazir vəzifəsinin vədini alsın. Amma yenilikçi, yeni qüvvə kimi tanınan Zelenskinin köhnə, ləkələnmiş Timoşenko ilə razılaşması ona ikinci turda zərər də verə bilər. Boyko və digər namizədlər Poroşenkoya dəstək verə bilərlər. İkinci tura qədər olan qısa müddətdə Poroşenko və Zelenskinin komandalarının fəaliyyətindən çox şey asılı olacaq. Təbii ki, şoumenin qalibiyyətini davam etdirmək imkanı böyük, şansları çoxdur. Zelenski ikinci turda da qalib gəlsə, çox güman ki, 31%-dən çox səs toplayacaq. İkinci turda digər namizədlərin səsləri qalan iki namizədə gəldiyindən həm Zelenski, həm də Poroşenko daha çox səs toplayacaqlar”.


Politoloq Ukraynada yeni inqilabın ola biləcəyini düşünmür: “Ukraynada yeni inqilab niyə olmalıdır axı? Azad demokratik seçki keçirilib. İnanmıram seçkilər geniş şəkildə saxtalaşdırılsın. Elə olsaydı, ikinci tur olmazdı. Ola bilsin cüzi şəkildə haradasa pozuntular olsun, amma bunun ciddi şəkildə seçkilərə təsir etdiyi düşüncəsində deyiləm. Cüzi şəkildə pozuntular ABŞ-da prezident seçkilərində də olur. Fikrimcə, Azərbaycan üçün Poroşenko da, Zelenski də müsbət şəxslərdir. Əsas odur ki, Timoşenko seçki yarışından düşdü. Timoşenko Rusiya və Ermənistanla əlaqəli şəxsdir. Düşünürəm ki, Zelenski ilə də, Poroşenko ilə də rəsmi Bakı yaxşı münasibətlər quracaq. Poroşenko ilə yaxşı münasibətlərimiz onsuz da var. Seçkilərin sonuncundan asılı olmayaraq Bakı-Kiyev münasibətləri istənilən səviyyədə davam edəcək. Çünki Ukrayna çox çətin dönəmini yaşayır. Bu dost ölkə müstəqilliyini bərpa edəndən sonra post - Kuçma dövründə keçid mərhələsini yaşayır. İki inqilab keçirdi, ərazilərinin bir hissəsi işğal edildi.

Ukrayna ən yeni tarixində ikinci keçid dövrünü çox böyük problemlər, fəsadlarla keçirir. Ona görə də son prezidentlər çox kürsüsündə qala bilmir. Bunun kifayət qədər həm subyektiv, həm də obyektiv səbəbləri var. Rus dövlətçiliyi Ukraynadan başlayır. Ona görə Kreml hər bir vəchlə bu ölkəni öz nəzarətində saxlamaq istədi, lakin saxlaya bilmədi. Düzdür, Rusiya Ukrayna ərazilərinin 20%-ni işğal etdi, amma hamısını zəbt edə bilmədi. Ukrayna indi Azərbaycanın ötən əsrin 90-cı illərdə yaşadıqlarını yaşayır. Azərbaycan da həmin dövrdə ərazilərinin bir hissəsini itirdi. Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova hamısı Rusiyanın qurbanları oldu. Rusiya keçmiş müstəmləkələrini yenidən tam ram edə bilməsə də, böyük ziyan vurdu, şantaj obyektinə çevirdi. Yalnız düşünürəm ki, böyük ölçüdə götürəndə Rusiya itirdi, nəinki qazandı. Ukrayna, Gürcüstan böyük itkilərə rəğmən Rusiyadan tam qopdular. Gec-tez Azərbaycan, Moldova, Qazaxıstan, Özbəkistan da Rusiyadan tam qopacaqlar. Yuxarıda da qeyd etdiyim kimi, fikrimcə, Azərbaycan üçün həm Zelenski, həm Poraşenko məqbuldur. Son 5 ildə Azərbaycan və Ukrayna prezidentlərinin münasibətlərini yüksək qiymətləndirirəm. Əgər Poroşenko yenə seçilsə, yenə də bu münasibətlər artan istiqamətdə davam edəcək. Zelenski seçilsə belə Kiyevlə Bakının ənənəyə uyğun olaraq münasibətləri yüksək səviyyədə qalacaq”.
Geri qayıt