DataLife Engine > Dünya, BLOK XƏBƏR > Kim güləndə ölkə gülür, Putin gülənlərə gülür, Merkel gülümsəyir, Paşinyan isə cəhd edir –

Kim güləndə ölkə gülür, Putin gülənlərə gülür, Merkel gülümsəyir, Paşinyan isə cəhd edir –


1-04-2019, 14:06. Yerləşdirdi: Tural Kim güləndə ölkə gülür, Putin gülənlərə gülür, Merkel gülümsəyir, Paşinyan isə cəhd edir –




1 aprel dünyanın bir çox ölkələrində rəsmi, yaxud qeyri-rəsmi Gülüş günü kimi qeyd edilir. Bu əlamətdar gün çox ciddi görünməsə də, ciddi tərəfləri də az deyil. Ən azı ona görə ki, 1 aprel tarixi insanlar üçün zarafat etmək, gülmək üçün bir bəhanəyə çevrilir. Bu da öz növbəsində sağlamlığa ciddi şəkildə müsbət təsir göstərir.


Əvvəlcə gülüşün insan orqanizminə təsirini nəzərdən keçirək. Gərgin keçən günümüzdə kiçik bir gülüş pauzası insana nələri vəd edir?

1. Gülmək insanı stressdən, depressiyaya düşmək təhlükəsindən xilas edir.

2. İnsan gülən zaman orqanizmdə artıq kalorilər sərf olunur ki, bu da kökəlmənin, xüsusilə də piylənmənin qarşısını alır.

3. Dərinin tez qocalmaması üçün gülüş ən gözəl vasitədir. Belə ki, insan gülən zaman üz dərisində və qarın nahiyəsində əzələlər daima hərəkətdə olur. Daha dəqiq desək əzələlərin gimnastikasına səbəb olur.

4. Beş dəqiqəlk sağlam gülüş 30-40 dəqiqə tam istirahəti əvəz edir.

5. İnsan güldüyü zaman dərindən nəfəs alır ki, bu da ağciyərlərimizin fəaliyyətinə rahatlıq gətirir.

6. İnsan gülən zaman qanda şəkərin səviyyəsi aşağı düşür. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərə daha çox gülmək məsləhətdir.

7. Gülmək orqanizmin immun sistemini gücləndirir.

8. Qan təzyiqi olan insanlar on dəqiqə güləndən sonra təzyiqlərini ölçsələr gülüşün xeyrini hiss edəcəklər.

9. Gülmək insan beyninin gərginliyini azaldır və zehni fəaliyyəti gücləndirir.

10. Ən başlıcası olaraq insan gülüşü ətrafdakı insanlara da xoş əhval bağışlayır.

Gülüş həm də insanın düşündüklərini, hər hansı bir məsələyə, hadisəyə, yaxud qarşısındakı insana münasibətini də ifadə edir. Gülüşlər sırasında ironiyalı, istehzalı, kinayəli, səmimiyyəti əks etdirən, sevgi hisslərini bildirən təbbəssümlərə rast gəlmək mümkündür. Hətta bu sırada siyasi gülüşlər də var, birincilərin gülüşləri...



Mütəxəssislərin qənaətinə görə, güləndə gözlərini qıyan insan bütün gülənlərə gülən insandır, yəni mən sizin gülüşünüzə gülürəm. Rusiya Federasiyasının prezidenti Vladimir Putin gülərkən adətən gözlərini qıyır. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.



Şimali Koreya lideri Kim Çen In güləndə bütün ölkəsi gülməlidir. Xüsusilə də yüksəkçinli hərbçilər daha ucadan, daha da şaqqanaqlı şəkildə öz rəhbərlərinə gülüş dəstəyi verməlidirlər. Əks təqdirdə ağlamalı hadisələr qaçılmaz olur.



Mütəxəssislərin gülüşlə bağlı belə bir qənaəti də var ki, bəzən insanlar heç bir səbəb olmadan gülməyə cəhd edirlər. Bu əsasən o vaxt olur ki, kimsə kütlə qarşısında öz uğurunu (hətta heç bir uğur olmasa belə) gülüşü ilə təzahür etdirməyə çalışır. Təbii ki, belə gülüş çox süni görünür. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın gülüşləri də bəzən belə alınır.



Ukrayna prezidenti Petro Poroşenkonun gülüşünə azərbaycansayağı qiymət versək, onu kişmişi gülüş kimi də dəyərləndirmək olar. Amma bu gülüşün nə qədər davamlı olacağını yalnız seçkilər tam sona çatdıqdan sonra bilmək olar.



Alman ciddiliyinə uyğun gəlməsə də, Almaniya kansleri Angela Merkel öz gülüşü ilə kişi həmkarlarına “ən gərgin siyasi mübarizələrdə belə mən gülməyi bacarıram” mesajını göndərir.



Təbii ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da gülmək haqqı var və o da gülmək istəyir, buna cəhd edir. Amma alınmır. Anlaşılandır, çətin vəziyyətdə gülmək olmur, güləndə belə kənardan gülünc görünür.

Beləliklə, bütün dünya gülür, amma əsl gülənlər sonda gülürlər...
Geri qayıt