DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > ABŞ Konqresi Pekinə barmaq silkələyir - Çinə endirilən "şillələr"

ABŞ Konqresi Pekinə barmaq silkələyir - Çinə endirilən "şillələr"


7-01-2019, 16:56. Yerləşdirdi: Tural ABŞ Konqresi Pekinə barmaq silkələyir - Çinə endirilən "şillələr"



“Ticarət müharibəsi”nin arxasında “dərin dövlət” dayanıb

2017-ci ilin yanvarında ABŞ Sakit Okean Tərəfdaşlıq Müqaviləsindən (Trans-Pacific Partnership) çıxdı. Bununla da ABŞ-la Çin arasında ticarət müharibəsi başladı.

Donald Trampın keçən ilin mart ayında polad və alüminium idxalına vergi tətbiq etməsi təkcə Çini və Avropa İttifaqı (Aİ) ölkələrini deyil, həm də qonşu Kanada və Meksikanın, eləcə də digər Latın Amerikası ölkələrinin narazılığına səbəb oldu.

ABŞ-la Çin arasındakı bu qarşıdurma nədən qaynaqlanır?

Söhbət ondan gedir ki, Çinin ABŞ-a ixrac etdiyi məhsulların dəyəri ABŞ-dan idxal etdiyi məhsulların dəyərindən 4 dəfə çoxdur. Ona görə də bu qarşıdurmada əsas tərəf Amerikadır. Amerika pul verir və Çin malı alır. Ancaq Amerika həmin pula Çin malı yox, tutaq ki, Vyetnam malı da ala bilər. Yəni, bu qarşıdurma Amerikaya elə bir zərər vurmayacaq. Ancaq Çin üçün bu müharibə fəlakət deməkdir. Çünki Amerika boyda nəhəng və dinamik bazarı itirmək Çin iqtisadiyyatına ciddi zərbə vuracaq. ABŞ bazarı yüksək alıcılıq qabiliyyətinə malikdir. Əgər Çin tərəfi Amerika ilə anlaşa bilməsə nə olacaq? ABŞ bütün Çin mallarını ölkəyə rüsumsuz buraxmayacaq. Nəticədə Çinin istehsal etdiyi mallar faktiki tullantıya çevriləcək.

Bu qarşıdurma digər Asiya ölkələri üçün yaxşı inkişaf perspektivi yarada bilər. Çünki Amerika bazarına daxil olmaq arzusunda olan şirkətlərin sayı-hesabı yoxdur. O da sirr deyil ki, Rusiya bu müharibənin daha da alovlanmasında son dərəcə maraqlıdır. Niyə? Çünki Rusiya əsasən Çinə neft və təbii qaz satır. Çin Ağ Evlə konsensusa gəlmək üçün ABŞ-dan qaz almağa məcbur qala bilər. Bu isə gözünü təbii sərvətlərindən gələn pula dikən Rusiyanın maliyyə problemlərini dərinləşdirə bilər. Özü də Çinin aldığı miqyasda heç bir dövlət Rusiyadan qaz ala bilməz.

Çinin Ticarət Nazirliyi bildirir ki, Çin Amerika ilə ticarət müharibəsinə başlamaq istəmir, ancaq bu müharibədən qorxmur da. Təbii ki, bu, belə deyil. Yuxarıda vurğuladığımız kimi, bu müharibədə Çin çox şey itirə bilər. Şübhəsiz ki, Ağ Evin Çinə qarşı yeritdiyi bu siyasətin müəllifi Donald Tramp deyil. Ən azı, təkcə o, deyil. Amerika “dərin dövləti”nin apardığı analitik hesablamalar əsasında Çinə qarşı savaş başlayıb. Və bəri başdan bəllidir ki, Çin geri çəkiləcək. Çünki qarşıdurmanın dərinləşməsi Çinin maraqlarına ziddir...

Ötən ilin dekabrında iki ölkə “ticarət müharibəsi”ndə barışığa nail oldu. ABŞ prezidenti Donald Trampla Çin prezidenti Xi Jinpingin “Böyük 20-lər”in (G20) Argentina paytaxtı Buenos-Ayres sammiti çərçivəsində keçirdikləri görüşdə belə bir razılaşma əldə olundu. Danışıqlar aparmaq üçün 90 gün nəzərdə tutuldu. Ancaq bu danışıqlar indiyə kimi müsbət sonluqla yekunlaşmayıb. Bu günlərdə isə ABŞ-ın maliyyə naziri Stiven Mnuçini “Bloomberg” agentliyinə bildirdi ki, bu ilin yanvarında danışıqlara yenidən start verilə bilər.

Fikir verin, bu müharibənin önündə prezident kimi Donald Tramp gedir. Amerika prezidenti ilə Konqresi arasındakı münasibət düşmənçilik səviyyəsindədir. Buna baxmayaraq, Çinlə aparılan ticarət müharibəsində ən aktiv tərəf ABŞ Konqresidir. Bu qurum Çinin “daşı ətəyindən tökməsi üçün” konkret addımlar atır. Rəsmi Pekinin zəif yerləri bəllidir. Amerika Konqresi Çini məhz həmin zəif nöqtələrdən vurur. Özü də sistemli şəkildə...

2018-ci il. 14 noyabr. ABŞ Konqresində Senat “Uyghur Human Rights Policy Act 2018” adlı qanun layihəsin qəbul etdi. Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan yerli uyğurların müdafiəsinə qalxdı. Konqres insan hüquqlarını pozduğuna görə 2026-cı ildə Çində keçiriləcək qış Olimpiya oyunlarının ləğv olunmasına çağrış etdi.

“Times of İndia” o vaxt ortaya belə bir sual qoydu: “Nədən Pakistan müsəlmanların Çindəki vəziyyəti ilə bağlı susur?” Qəzet verdiyi suala dolayısı ilə belə cavab vermişdi. Kardinal Rişelye (1585-1642) (faktiki olaraq 1624-cü ildən həyatının son gününə qədər Fransaya rəhbərlik edib) katolik olsa da, Avropada gedən 30 illik məzhəb savaşında katoliklərin kafir hesab etdiyi protestantlara kömək etdi. Çünki Fransanın iqtisadi-siyasi maraqları bunu tələb edirdi.

Yeri gəlmişkən, müsəlmanların Hindistandakı durumu Çindəki uyğur türklərinin vəziyyətindən o qədər də yaxşı deyil. Ancaq ABŞ Konqresi Hindistana qarşı təbii ki, belə bir addım atmaz. Çünki bu, ABŞ-ın maraqlarına zidd olardı...

Konqresin Çinə vurduğu ikinci zərbə Tibetlə bağlı oldu: “Reciprocal Access to Tibet Act 2018”. Bəllidir ki, Hindistanda mühacirətdə olan Tibet hökuməti faktiki Çin ərazisinin yarısına iddia edir. Adını çəkdiyimiz sənəddə “tarixi Tibet ərazisi” anlayışı da var.

“Asia Reassurance İnitiative Act 2018” adlı qanun layihəsi isə Konqresin Çinə sonuncu şilləsi hesab oluna bilər. Sənəd Hind və Sakit okean hövzəsində ABŞ-ın maraqlarının müdafiəsi ilə bağlıdır. Bu regionda isə dünya əhalisinin 50 faizi yaşayır və iqtisadi inkişaf tempi son dərəcə yüksəkdir. Konqres iddia edir ki, məhz bu regionda “Amerikanın milli təhlükəsizliyinə təhdid var, region və dünyada sülh və stabillik üçün də bu hövzə təhlükəlidir”.

ABŞ bu regionda Çini cilovlamaq üçün Yaponiya, Hindistan və Avstraliya ilə “Dördlər İttifaqı” yaradıb. Ancaq bu birlik kağız üzərində qalmaqdadır. Çünki digər ölkələr Çinə qarşı savaşa maraq göstərmir.

“Asia Reassurance İnitiative Act 2018” sənədində Tayvanla bağlı xüsusi bölüm var. Tayvan Şərqi Asiyada rəsmən Çinə aid olan adadır. Ancaq bu ada-dövlət uzun müddət Britaniya və ABŞ-ın təsir dairəsində olub. Çindəki kommunizm zülmündən qaçan millətçilər bu adada Qərb dəyərlərinə söykənən dövlət qurub. Aradabir Çin Tayvanı zorla ələ keçirəcəyini bildirir ki, bu da ada sakinləri tərəfindən hiddətlə qarşılanır. Tayvanın 23.5 milyon əhalisi var. Bu ölkə Honq Konq, Cənubi Koreya və Sinqapurla yanaşı Asiyanın dörd pələngindən biri sayılır. O da maraqlıdır ki, Cənubi Koreya xaric, yerdə qalan 3 “pələng” ölkələr Çinə bağlıdır və əhalisi də çinlilərdən ibarətdir.

Ötən ilin sentyabrında BMT tribunasından çıxış edən Donald Tramp bəyan etdi ki, ABŞ daha başqa ölkələrə “necə yaşamaq lazımdır” dərsi keçmək fikrində deyil. Gördüyünüz kimi, ABŞ Konqresi belə fikirləşmir və Amerikanın dövlət maraqları naminə Çinə qarşı cəbhə açıb.
Geri qayıt