DataLife Engine > Dünya, MARAQLI, BLOK XƏBƏR > ABŞ seçkilərinə ‘’Rus barmağı’’nın sirri -

ABŞ seçkilərinə ‘’Rus barmağı’’nın sirri -


21-12-2018, 07:30. Yerləşdirdi: Tural ABŞ seçkilərinə ‘’Rus barmağı’’nın sirri -





… Boris Yeltsini də amerikalılar yuxarı başa keçirmişdi; Qazzafi Sarkozini prezident seçdi, Putin Trampı…
Hər 4 ildən bir ABŞ-da prezident seçkiləri keçirilir. İşi elə düzüb-qoşublar ki, dünyanın bir çox ölkələri həmin seçkilərə böyük sərmayə qoyur. Bu, təxminən at yarışına bənzəyir. Hər bir maraqlı tərəf maya buraxdığı atın zəfər çalmasını istəyir.


Ərəblər və Amerikada prezident seçkiləri

Amerikada prezident seçkilərinə pul axıdan əsasən Səudiyyə Ərəbistanı və digər varlı körfəz ölkələridir. Bu ölkələrin ABŞ-dakı maraqları ilə bağlı Mitchell Geoffrey Bardın maraqlı mülahizələri var. Əslən yəhudi olan bu şəxs ABŞ-ın Yaxın Şərq siyasəti üzrə mütəxəssisidir. O, ”Ərəb Lobbisi” əsərində yazır ki, Səudiyyə və ətrafındakı ölkələrin nefti var, onlar bu nefti Amerikaya və onun müttəfiqlərinə satmaqda maraqlıdır. Ancaq bir şərt irəli sürürlər. Amerika bu ölkələri idarə edən ailələrin iqtidarda qalmasını təmin etməlidir. Ərəblər səxavətlə pul xərcləyib Amerikadan silah alırlar, yəni neft pullarının bir hissəsini geri qaytarırlar. Analitik yazır ki, ABŞ arada-sırada həmin ölkələri insan haqlarını pozmaqda ittiham edir, dünyanın müxtəlif yerlərində radikal islamçılara dəstək verməkdə suçlayır. Ancaq bunlar görüntü üçün olan şeylərdi.


Onu da deyim ki, sözügedən ərəb ölkələri “nə olar, nə olmaz” düşüncəsi ilə son seçkilərdə həm Hillari Klinton, həm də Donald Tramp üçün açılmış gizli hesablara pul köçürürdülər. Özü də ərəblər daha çox xanım Klintona maliyyə dəstəyi ayırdılar.

Hazırda Donald Tramp Camal Qaçıqçı olayına görə Səudiyyə Ərəbistanı kralının varisi, şahzadə Məhəmməd bin Salmanı qətiyyətlə müdafiə edir. Əlbəttə, bu, təsadüfi deyil. Rəsmən məlumdur ki, Səudiyyənin faktiki rəhbəri olan Məhəmməd bin Salman və Abu Dabinin varis-şahzadəsi Məhəmməd Zayəd Al-Nahyanı ilə Donald Tramp görüşüb və onların hər ikisi cənab Trampın seçki kampaniyasına ciddi maliyyə dəstəyi göstərib....



Amerikalılar Boris Yeltsini necə prezident seçdi?

SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasının ilk prezidenti olmuş Boris Yeltsin (1991-1999) 1996-cı ildə yenidən prezident seçkisinə qatıldı. ABŞ-ın seçki üzrə mütəxəssis olan bir qrup vətəndaşı Felix Braynin rəhbərliyi altında Yeltsinə dəstək üçün seçki kampaniyasına başladı. 5 nəfərlik qrup 4 ay Rusiyada çalışdı. ABŞ hökuməti onların hər birinə 250 min dollar mükafat verdi. Bütövlükdə isə Ağ Ev Boris Yeltsinin prezident olmasını təmin etmək üçün 10.2 milyon dollar xərclədi. Nəticədə Boris Yeltsinin reytinqi 6 faizdən 35 faizə yüksəldi. Seçkinin ikinci turunda isə o, 54.4 faizlə Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri Genadiy Andreyeviç Züqanov üzərində qələbə qazandı və yenidən Rusiya prezidenti seçildi.

Düşünün, prezidentliyə namizədlərlə bağlı keçirilmiş rəsmi sorğuda Boris Yeltsin cəmi 8 faiz dəstəklə sonuncu - 5-cü yeri tuturdu. Yoldaş Züqanov isə 21 faizlə öndə gedirdi. Artıq bir çox Qərb ölkəsinin lideri yoldaş Züqanovu Rusiyanın gələcək prezidenti kimi görürdü. Qərbdə o qədər əminlik vardı ki, İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda Gennadi Andreyeviç Züqanova Rusiyanın gələcək prezidenti kimi münasibət sərgilədilər. Amma Amerikanın müdaxiləsi SSRİ-nin bərpasını arzulayan kommunistlərin arzusunu gözündə qoydu...



2016-cı ildə isə…

ABŞ-dakı prezident seçkilərinə ən çox maraq göstərən ölkələrdən biri də Rusiyadır. Ərəblərdən fərqli olaraq Rusiyanın maliyyə imkanları zəifdir. Ancaq intellektual imkanlar hesabına Rusiya Amerikanın taleyini dəyişdi. 20 il əvvəl Amerika Rusiyadakı prezident seçkisində müstəsna rol oynamışdı. Bu dəfə isə eyni işi, ancaq başqa vasitələrlə Rusiya həyata keçirdi.

“The Washington Post” Mərkəzi Kəşfiyyat İdarəsi-nin (CİA) bəyanatını yayıb. Bəyanatda birmənalı şəkildə vurğulanırdı ki, Donald Trampın prezident seçilməsi Rusiyanın əsas hədəfi idi və o, öz istəyinə nail oldu.

Bu məsələ ilə bağlı qəzet yazır: ” Bizə bəzi şeylər məlumdur və ortada olanlar narahatlıq yaradır. Məsələn, Rusiyanın adamları Demokrat Partiyasına məxsus bir sıra məxfi sənədləri oğurlayıb. Başqa bir xarici təşkilat “WikiLeaks” vasitəsi ilə xanım Klintonun zəif yerlərini qabartmaq üçün həmin oğurluq sənədləri beynəlxalq səviyyədə yayıb. Biz onu da bilirik ki, “WikiLeaks” Donald Trampla bağlı heç bir gizli sənəd açıqlamayıb. Bizi onu da bilmirik ki, doğrudan da Rusiya həmin sənədləri məhz “WikiLeaks”in yayması üçün oğurlayıb. Biz onu da bilmirik ki, Donald Trampla bağlı sənədlər də oğurlanıbmi? Oğurlanıbsa, niyə yayılmayıb? Yaymamaqda hansı məqsəd güdüblər? Biz Amerika olaraq bu suallara dəqiq cavab tapmalıyıq”.



CİA və KQB Çilidə üz-üzə gəldi

Hər iki tərəf Çilidə keçiriləcək prezident seçkilərinə xeyli pul xərcləməli oldu. Hazırda məxfiliyi qaldırılmış sənədlərə əsasən 1960-1969-cü illərdə Sovet İttifaqı Çili kommunist partiyasına hər il 50-400 min dollar arası maddi dəstək verib. İndi bu məbləğ gülüş doğura bilər. Ancaq o vaxt bu məbləğ Çili kimi bir ölkənin taleyini dəyişə bilərdi...



1964-cü ildə Çilidə Eduardo Frei Montalva ilə qatı marksist Salvador Allende arasında prezident kürsüsü uğrunda mübarizə başladı. ABŞ kəşfiyyatı marksistləri sıradan çıxarmaq üçün 2.6 milyon dollar ayırdı. Amma Sovet İttifaqı Çilini əldən vermək fikrində deyildi. Bu işə isə KQB-nin o vaxtıkı sədri Yuri Andropov şəxsən rəhbərlik edirdi. Ancaq hər şeyə rəğmən Salvador Allende məğlub oldu və Eduardo Frei Montalva prezident seçildi. Amma bununla iş bitmədi. 1970-ci ildə Sovet İttifaqı axır ki, Salavador Allendenin prezident seçilməsinə nail oldu. Onun prezidentliyi 1973-cü ilə qədər davam etdi. Həmin il Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Çilidə hərbi çevriliş etdi. İstefa verməkdən imtina edən Salvador Allende öldürüldü. General Augusto Pinoçet iqtidara gəldi və 1990-cı ilə kimi Çiliyə rəhbərlik etdi...



Müəmmər əl-Qazzafinin milyonları Nikola Sarkozini prezident etdi

2007-ci ildə Liviya diktatoru ilə Nikola Sarkozi arasında gizli anlaşma əldə olundu. Diktator prezident seçkiləri üçün Nikola Sarkoziyə 50 milyon avro verdi. Bu barədə ilk məlumatı Fransanın “Mediaparat” qəzeti yaydı. Nikola Sarkozinin qələbəsindən sonra Müəmmər Qazzafi Fransada 5 günlük dövlət səfərində oldu.



Sonralar Fransa-Liviya əsilli iş adamı Ziad Takieddin qəzetə bildirdi ki, mən ‘’…3 dəfə Tripolidən Fransaya uçdum. 200 və 500 yüzlük əskinaslarla dolu çantaları ünvanına çatdırdım’’. Bu iddiaya görə, Nikola Sarkozi dəfələrlə istintaqa ifadə verib və hər dəfə də bu iddianı yalanlayıb. Hələ orası da var ki, məhz Nikola Sarkozinin aşırı fəallığı ucbatından Müəmmər Qazzafi biabırçı şəkildə öldürüldü...

Angela Merkel Erdoğan seçimler 2017 ile ilgili görsel sonucu

Almaniyadakı seçkilərə Türkiyənin müdaxiləsi

2017-ci ildə Almaniyada Federal seçkilər keçirildi. Rəcəb Tayyib Ərdoğan əslən Türkiyədən olan insanlara səsləndi və onları CDU/CSU, SDP VƏ Yaşıllar Partiyasına səs verməməyə çağırdı. Onları və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeli “Türkiyənin düşməni” elan etdi. Almaniyada isə 4 milyon Türkiyəyə bağlı insan yaşayır. Şübhəsiz ki, bu amil Almaniyada keçirilən seçkilərin nəticəsinə bu və ya digər dərəcədə təsir etdi. Almaniyanın xarici işlər naziri Sigmar Gabriel bu müraciətlə bağlı belə bir bəyanat verdi: “Bu, suveren bir ölkənin daxili işlərin qarışmaqla bağlı analoqu olmayan müdaxilədir”.


Amerika və Rusiyanın Ukrayna savaşı

2004-cü ildə Ukraynada keçirilən prezident seçkisində Viktor Yuşşenko ilə Viktor Yanukoviç üz-üzə gəldi. Rusiya prezidenti Vladimir Putin açıq şəkildə sonuncuya dəstək verdi. O vaxtlar nəyinki ABŞ, hətta Kanada, Polşa, Slovakiya Ukraynadakı siyasi partiyalara maliyyə axıdırdı. Rusiyanın zəhərlə də öldürə bilmədiyi Viktor Yuşşenko və tərəfdarları ‘’Narıncı inqilab’’a start verdi və qalib gəldi. Ancaq 2010-cu ildə Rusiyanın dəstək verdiyi Vikror Yanikoviç prezident seçildi. Bir müddət sonra Qərbin təzyiqi ilə onu iqtidardan aşırdılar. Və o, ölkəsindən qaçaraq Rusiyaya sığınmalı oldu. 2014-cü ilin mayında Ukraynada keçirilən prezident seçkisi də ABŞ-la Rusiya arasında nüfuz savaşı meydanına çevrildi. İş o yerə çatdı ki, Birinci Rusiya kanalı, seçkidə Rusiya yönümlü Dmitro Yaroşın qalib gəldiyini elan etdi. Ancaq küçələrə axışan xalq sonda “şokolad kralı” kimi tanınan Petro Poroşenkonu Ukraynanın 5-ci prezidenti seçdi. Buna cavab olaraq, Rusiya Krımı ilhaq etdi və Ukraynada separatizmə dəstək verdi. Nəticədən Ukraynanın Rusiya ilə sərhəd olan bir çox bölgələri savaş meydanına çevrildi.



Faşistlər də Amerikada öz prezidentlərin görmək istəyirdi

1940-cı ildə ABŞ-da prezident seçkiləri keçirildi. Faşist Almaniyası 1933-cü ildən prezident olan Franklin Ruzveltin (1933-1945) prezident seçkisini uduzması üçün yerli qəzetləri satın aldı və Polşadan əldə etdiyi məxfi materialları qəzetə ötürdü. Amerikanın 32-ci prezidentinin əleyhinə ciddi təbliğata başladı. Ancaq xeyri olmadı. Respublikaçılar Partiyasından Vendel Villkie məğlub oldu.


Yaponiyada da seçkilərə müdaxilə qeydə alınıb

Yaponiya Liberal Demokratik Partiyası 1950-1960-cı illər arası ABŞ-dan külli miqdarda maliyyə yardımı alıb. Amerikanın Yaponiyadakı keçmiş səfiri Douqlas MacArthur deyirdi ki, Yaponiya sosialistlərinə Moskvanın pul ötürməsi haqqında məlumatımız vardı. Bilirdik ki, gizli hesablar üzərindən belə əməliyyatlar keçirilir...



Nəticə budur ki...

Əlbəttə, dünyanın hər yerində seçkilərə müdaxilə ilə bağlı məlumatlar çoxdur. Biz onların kiçik bir qismini əhatə edə bildik. Ümumi mənzərə belədir ki, indiyə kimi prezident seçkilərinə yabançı müdaxilələr olub, bundan sonra da olacaq. Hər bir dövlət öz maraqlarını nəzərə alaraq bu və ya digər ölkədəki prezident və parlament seçkilərinə qeyri-rəsmi şəkildə müdaxilə edir. Bu kimi müdaxilələrə bəzən dünya çapında olan şirkətlər və ya yəhudi əsilli amerikalı milyarder Corc Soros kimi varlılar da qoşulur. Yaşadığımız dünyanın və dövrün reallığı belədir...
Geri qayıt