DataLife Engine > Dünya > Səudiyyə Ərəbistanı Yəmənin paytaxtını vurdu

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtını vurdu


10-04-2015, 10:27. Yerləşdirdi: Esi Səudiyyə Ərəbistanı Yəmənin paytaxtını vurduHusilərə qarşı əməliyyatlar artıq 2 həftədir ki, davam edir
Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin Yəməndə husi üsyançılarına qarşı əməliyyatları davam edir. Ötən gün koalisiya qırıcıları paytaxt Sənada üsyançıların mövqelərini bombalayıblar.

Xalqinfo.az-ın anspress-ə istinadən məlumatına görə, husilərə qarşı əməliyyatlar artıq 2 həftədir ki, davam edir. Əməliyyatlar və yerüstü döyüşlər nəticəsində indiyə qədər 500-dən çox insan öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Yəməndə vəziyyətin daha da pisləşdiyini deyib.

Pan Gi Mun: “Yəməndə üsyandan əvvəl də vəziyyət, istənilən halda, pis idi. Son iki həftə ərzində bu ölkədə ərzaq təhlükəsizliyi riski iki dəfə artıb. İnsanlar su çatışmazlığından əziyyət çəkir, tibbi yardıma ehtiyac duyurlar. Yüzlərlə insan öldürülüb, xəstəxanalar və məktəblər bağlanıb. Husilərin hökumətə qarşı çıxması və zorakı yolla hakimiyyəti ələ alması Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir”

Yəmən əhalisi, eyni zamanda, yanacaq çatışmazlığından da əziyyət çəkir. Ötən gün yanacaqdoldurma məntəqələri qarşısında yüzlərlə avtomobil növbədə gözləyib.

İranın ali dini lideri ayətullah Əli Xameneyi Yəmənə endirilən aviazərbələri soyqırım adlandırıb.

“Səudiyyə Ərəbistanının bu əməliyyatları böyük səhvdir. Ər-Riyadın Yəməndə törətdikləri sionistlərin Qəzzada törətdikləri ilə eynidir. Burada iki aspekt var. Birincisi, bu, cinayətdir. Onlar uşaqları öldürür, evləri, infrastrukturu dağıdırlar. İkcinisi isə, Səudiyyə Ərəbistanı Yəməndə məğlub olacaq”.

Husilər paytaxt Sənada hökumət dairələrini ələ keçirdikdən sonra prezident Əbd Rəbbo Mənsur Hadi ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb.

Geri qayıt