» » Trampın Qüds və Colan qərarlarının arxasındakı səbəblər

Trampın Qüds və Colan qərarlarının arxasındakı səbəblər

Bölmə: Dünya
Trampın Qüds və Colan qərarlarının arxasındakı səbəblər




Xəbər verdiyimiz kimi, martın 25-də prezident Donald Tramp ABŞ-ın İsrailin Colan Yüksəklikləri üzərindəki suverenliyini tanıyan bəyannaməni Ağ Evdə imzalayıb. İmzalanma mərasimində İsrailin hazırkı baş naziri Benyamin Netanyahu da iştirak edib. Netanyahu “tarixi” qərar adlandırdığı sənədə görə ABŞ prezidentinə təşəkkür edib.

İsrail baş naziri deyib ki, Colan Yüksəklikləri İsrail ordusunun “Suriyaya qarşı özünümüdafiə müharibəsi gedişində ələ keçirilib” və bundan sonra daimi olaraq İsrailin nəzarətində qalacaq. Söhbət 1967-ci ilin iyununda baş verən və tarixə “altı günlük” müharibə kimi düşən hadisələrdən gedir.

Ancaq BMT TŞ İsrailin Suriya ərazilərini işğal etməsini tanımayıb. TŞ-nin qəbul etdiyi 242 saylı qətnamə İsrailin işğal etdiyi ərazilərdən, o cümlədən Colan Təpələri bölgəsindən çıxmasını nəzərdə tutur. Lakin ABŞ prezidenti BMT-nin və dünya ictimaiyyətinin etirazlarını nəzərə almayaraq İsrailin xeyrinə qərar qəbul edib. Çünki Tramp hələ martın 21-də Colanı İsrail ərazisi kimi tanıyacağı haqda açıqlamasından sonra Rusiya, Türkiyə, Avropa İttifaqı, İran və BMT Trampın bu addımın pisləyib. Lakin bu çağırış və qınaqlar ABŞ prezidentinin mövqeyinə təsir etməyib.



Amma bu, ABŞ prezidentinin Yaxın Şərq məsələsində, daha dəqiqi İsrailin xeyrinə ilk “sürprizi” deyil. 2017-ci ilin dekabrında Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyanda dünya daha böyük çaşqınlıq içərisində idi. Çünki Qüds müsəlmanlar üçün “qırmızı xətt” hesab olunurdu, 50 ildən çoxdur ki. müsəlman aləmi Qüds üçün mübarizə aparır. Amma ABŞ prezidenti bütün qınaqlara, çağırışlara, etirazlara baxmayaraq geri çəkilmədi, hətta onun qərarının əksinə gedən dünya ölkələrini yardımı kəsəcəyi ilə hədələdi. İslam Əməkdaşlıq Təşkilatının (İƏT), BMT Baş Assambleyasının qınaqlarına baxmayaraq artıq ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.

Əcəba ABŞ-ın hazırkı prezidentinin İsrailə olan bu sevgisinin arxasında hansı amillər var? Ortada hansı böyük səbəbdir ki, Tramp özündən əvvəlki 6 ABŞ prezidentinin cəsarət etmədiyini edərək Qüdsü, indi isə Colanı İsrail ərazisi kimi tanıyır? Çünki siyahıya baxdıqda Trampdan əvvəlki prezidentlər də İsrailə dost münasibətləri olan, dünya siyasətini bilən və çox ciddi qlobal əhəmiyyətli siyasi qərarlara imza atmış şəxslər olub. Lakin onların heç biri Yaxın Şərq münaqişəsində Tramp qədər uzağa getmədi. Qeyd edək ki. həm Qüds, həm də son Colan qərarından sonra bunun səbəbləri ilə bağlı ortaya atılan versiyaları toparlamağa çalışdıq. Çünki ortada, siyasi, hərbi-siyasi, iqtisadi və hətta dini səbəblər də var. Bəlkə də qeyd olunan səbəblərin hamısı, yaxud da çox hissəsi müəyyən qədər bu qərarlarda təsirli olub. Yeri gəlmişkən, Qüds və Colan qədər olmasa da, Trampın iki dəfə Suriya ərazisini bombalama qərarı verməsi İsrailin təhlükəsizliyi naminə atılmış addım idi.

Trampın Qüds və Colanla bağlı qərarlarının səbəbləri sırasında ilk olaraq onun ABŞ-dakı sağçı yəhudi lobbisi ilə əlaqələri qeyd edilir. Trampın kürəkəni Cared Kuşner özü də yəhudidir və Tramp administrasiyasının Yaxın Şərq siyasətinin qeyri-rəsmi kuratorudur. Bəzi məlumatlara görə, Trampın İsrailə dəstəyi həm də əvəzsiz deyil. ABŞ prezidenti Konqresdə və siyasi dairələrdəki güclü rəqiblərinə qarşı yəhudi lobbisindən dəstək alır. Məlum olduğu kimi, ABŞ prezidenti vəzifəsinin icrasına başladığı ilk gündən güclü müxalifət təzyiqi ilə üz-üzədir. Yəni bu bir mənada qarşılıqlı dəstək hərəkətidir. Yoxsa ki, siyasətə böyük biznes kimi baxan ABŞ prezidentinin qarşılıqsız olaraq bu qədər riskə getməsi onun təbiəti ilə ziddiyyət təşkil edir.



Trampın yəhudilərə dəstəyinin daha bir səbəbi din amili, daha dəqiqi onun mənsub olduğu yevangelist cərəyanı ilə əlaqələndirilir. Bu yaxınlarda İsrail baş naziri Netanyahu ilə görüşən ABŞ dövlət katibi Maykl Pompeo demişdi ki, “bir xristian olaraq Trampın Allah tərəfindən İsraili qorumaq üçün göndərildiyininin mümkün olduğuna inanır”. Bu sırf bir inanclı yevangelist yanaşmasıdır. Həm də o deməkdir ki, Tramp və komandasında, xüsusən də vitse-prezident Mayk Pensin qatı inanclı yevangelistdir və onlar bu işə həm də dini vəzifə kimi yanaşırlar.

Daha bir səbəb isə Colan Yüksəkliklərində neft və qaz axtarışları haqdadır. Məsələ ondadır ki, Colan yüksəkliklərində neft və qaz kəşfiyyatı fəaliyyətləri hələ 1970-ci ildən, yəni işğaldan dərhal sonra başlayıb. Lakin daha sonra, yəni 1992-ci ildə o dönəmin baş naziri İshak Rabin ərəblərlə İsrail arasında sülh danışıqlarında etibarı yüksəltmək üçün Colanda neft-qaz fəaliyyətlərini dayandırıb. 1997-ci ildə isə o dönəmin baş naziri Netanyahu neft-qaz fəaliyyətlərinə yenidən icazə verir. Bəzi ehtimallara görə, Colandakı neft-qaz ehtiyatları fantastik ölçüdə, yəni Səudiyyə Ərəbistanındakı ehtiyatlara bərabər həcmdədir. Hətta 2011-ci ildə ABŞ-ın Nyu Cersi ştatında Colan təpələrində neft-qaz çalışmalarını həyata keçirəcək “Genie Energy” adlı Holdinq qurulub. İndi isə Tramp bu məsələdə İsrailə tarixi dəstək verərək Colan məsələsini birdəfəlik həll etməyə çalışır. Yeri gəlmişkən, “Genie Energy” şirkətinin məsləhətçisi ABŞ-da və dünyada məşhur olan siyasətçi, “şahinlərin” parlaq simalarından olan Dik Çeynidir. Şirkətin səhmdarları arasında dünyada xeyli məşhur simalar. O cümlədən Yakob Rotşild də var.

Əlbəttə ki, Trampın Qüds və Colan qərarlarının başqa səbəbləri olmamış deyil. Yeri gəlmişkən, ABŞ prezidentinin Fələstinlə bağlı xüsusi planı var. Bu ilin aprelində elan olunması gözlənilən “əsrin planı”nın elan edilə bilər, əgər təxirə salınmasa. Lakin hər bir halda bu qırarlar Yaxın Şərqdə davamlı sülhün yaradılmasına xidmət etmir, əskinə gərginliyi və düşmənçiliyi daha da artırır. Bu isə bir mənada İsraili ərəb düşmənçiliyi və bu səbəbdən də ABŞ-dan asılılığını daha da dərinləşdirir. Çünki münaqişə dərinləşdikcə, İsrail ABŞ-dan daha çox asılı olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler