» » SSRİ dünya şöhrətli alimimizin həyatını necə dəyişdi?

SSRİ dünya şöhrətli alimimizin həyatını necə dəyişdi?

Bölmə: Dünya, BLOK XƏBƏR
SSRİ dünya şöhrətli alimimizin həyatını necə dəyişdi?






Bu gün dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin (əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə) doğum günüdür.

Kult.az xatırladır ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə ailəsi İrana qayıdıb. Bir çoxları, xüsusilə də qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.

Beləcə, o, 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra isə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub.

Böyük alimin ABŞ həyatı 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o, ABŞ-a gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb.

Lütfi Zadə Kaliforniya Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılıb.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənərək hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etdiyi üçün onlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlib. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək "Honda" mükafatı ilə təltif olunub. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif edib: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompüter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".

Lütfi Zadə 2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatlanma mərasimində İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında 400 min avro dəyərində mükafata layiq görülüb.

2016-cı ildə onun nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb. “Alter” adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxtla səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişib. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etdiyi üçün onun nəşi sentyabrın 29-da vətənə gətirilib.

Həmin gün AMEA-da alimlə vida mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev başda olmaqla, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edib. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler