» » “Saakaşvili niyə Mandela ola bilmədi”

“Saakaşvili niyə Mandela ola bilmədi”

Bölmə: Dünya
 “Saakaşvili niyə Mandela ola bilmədi”




Qabil Hüseynli: “Birdən-birə demokratiyaya müraciət edəndə hakimiyyətin başını yığmaq mümkün olmur”



Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin istər rəhbər olduğu dönəmlərdə, istərsə də, ondan sonra ortaya qoyduğu nümunələr postsovet məkanında bir çox məsələləri aktual edib. Saakaşvilinin başına gələnlər nümunəsində düşüncələr yaranır ki, keçmiş SSRİ-yə daxil olan ölkələrə rəhbərlik edənlərin hakimiyyətdə uzun illər qalmaq istəmələri səbəbsiz deyil: iqtidardan düşəndən sonra onlar toxunulmazlıq immunitetini itirir. Türkiyədə, digər oturuşmuş dövlətlərdə isə prezident, baş nazir, hətta deputatlar xüsusi ehtiramla, toxunulmazlıqla həyatlarına davam edirlər...

Saakaşvili Gürcüstana demokratiya gətirdi, ölkədə korrupsiya və rüşvətxorluğun qarşısını aldı, bu kimi saysız-hesabsız müsbət işlər gördü. Lakin sonunda demokratik seçkilərdə uduzdu və o, bununla barışdı. Daha sonra o, yad bir ölkənin-Ukraynanın ən böyük vilayətində Odessada Gürcüstanda gördüyü işləri təkrarladı. Amma sonluq ortadadır, sabiq prezident öz ölkəsinə buraxılmır, Ukrayna vətəndaşlığından da məhrum edilib və bir neçə gün öncə zorla ölkədən çıxarılıb. Hər iki ölkədəki siyasi proseslərdə aktiv olmağa çalışsa da, gürcü və Ukrayna xalqı ona gözlədiyi dəstəyi vermir...

Siyasi şərhçilər Saakaşvili nümunəsinin postsovet məkanı ölkələrinin bəzilərinə ciddi təsir etdiyini bildirirlər. Bundan əlavə, hakimiyyətdən gedərkən həbs olunma və başqa təhlükələrin yarana biləcəyi hallarına görə vəzifəyə daha bağlılıq hallarının bu məkanda daha çox olduğu da vurğulanır. Digər tərəfdən başqa ölkələrə nisbətən insanların vaxtı ilə prezident olan şəxslərə göstərdikləri münasibətlərin də postsovet məkanında məlum durumu yaratdığı deyilir. Məsələn, qeyd etdiyimiz kimi, Türkiyədə rəhbərlikdən gedən istənilən şəxsi insanlar görəndə “sayın cümhur başqanım” deyə müraciət edib, ona hörmət edirlər. Amma bunu postsovet ölkələri barədə demək çətindir. Amerika və digər Avropa ölkələrində də sabiq prezidentlərə göstərilən münasibət fərqlidir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli bildirdi ki, postsovet ölkələri totalitar SSRİ rejiminin əsarətində olublar: “O sistemdə hakimiyyətin xalq iradəsi əsasında dəyişməsi mümkün deyildi. Seçkilər də formal xarakter daşıyırdı. Məhz bu totalitar sistemin siyasi mədəniyyəti də, siyasi əxlaqı da, düşüncə tərzi də postsovet məkanı ölkələrinin bəzilərinin timsalında yaşanmaqdadır, xüsusilə, Orta Asiya respublikalarında. Burada da siyasi sistem hələ keçid dövrünü yaşayır. Sovet totalitar sisteminin bəzi cəhətlərini hələ də bu ölkələr özündə saxlayırlar. Siyasi mədəniyyət də həmin sistemin formalaşdırdığı dəyərlərin hələ təsiri altındadır. Yetkin siyasi mədəniyyətə bu ölkələrin bəziləri çox gec yiyələnirlər. Bu ölkələrdə hakimiyyətin mənbəyi xalqdır tezisini həyata keçirmək o qədər də asan başa gəlmir. Həm də bu ölkələrdə birdən-birə demokratiyaya müraciət edəndə hakimiyyətin başını yığmaq mümkün olmur. Siyasi qarşıdurmalar bəzən baş verir, silahlı qüvvələr yaradan liderlər peyda olur. Bu postsovet məkanının ilk dövrləri üçün səciyyəvidir. Azərbaycanı burada misal çəkə bilərəm. Məhz Heydər Əliyev kimi dünyamiqyaslı bir güclü siyasətçinin iradəsi sayəsində bunların qarşısını almaq mümkün oldu. Demokratiyanın bərqərar olması çox əzablı bir prosesdir. Saakaşvili Gürcüstanda misli görünməmiş işlər görə bildi. Amma tam da demək mümkün deyil ki, Gürcüstan Amerika, Almaniya tipli demokratik bir ölkəyə çevrildi. Prosesin başlanğıc mərhələsini sadəcə Saakaşvili qoydu. O, özündən o qədər müştəbeh oldu ki, proseslərə sona qədər nəzarət edə bilmədi. Seçkilərə çox etinasız bir formada yanaşdı və kənardan seçkilərə müdaxilələrin qarşısını almaq, hakimiyyətini qorumaq üçün uğurlu cəhdlər edə bilmədi. Nəticədə də hakimiyyətini itirdi. Siyasi ambisiyalarını Ukraynada reallaşdırmağa çalışdı və ilk vaxtlar Ukraynada bu şəxsə münasibət xoş idi. Odessa kimi Ukraynanın böyük bir vilayətinin qubernatoru təyin edildi. Bir qədər səbirli olub, Odessada qayda-qanunun yaradılmasına çalışmalı idi. Düzdür, oliqarxlar və korrupsiyaya bulaşmış məmur dairələri mübarizə aparmaq asan məsələ deyildi. O burada özünü göstərə bilmədi.



Qabil Hüseynli ile ilgili görsel sonucu



Saakaşvili Odessadan çıxıb Ukraynada daha ciddi siyasi proseslərə qoşulması sonunda qubernatorluqdan istefası ilə nəticələndi. Hakimiyyətlə isə düşmən oldu. Gürcüstanda təkrar parlament seçkiləri keçirilərkən, o ölkəsinə gəlməyə cürət etmədi. Ukraynaya girərkən göstərdiyi cəsarəti Gürcüstanda da göstərsəydi, onun demokratik imici daha yüksək olardı. O özünü qurban verə, həbsxanaya belə atıla bilərdi. Amma Saakaşvili Mandela ola bilmədi. Ukraynada son aylarda etdikləri ona o qədər də nüfuz gətirmədi. Bu ölkələrdə olan korrupsiya halları az da olsa, Azərbaycanda da var, amma ölkə başçısı korrupsiyaya qarşı ciddi mübarizə aparır, cəmiyyətdə sosial ədalət sistemini qoruyub saxlamağa çalışır, dövlətçiliyi möhkəmləndirir, cəmiyyəti yeni dəyərlərlə zənginləşdirməyə çalışır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler