» » Afrikanın “40 illik diktatoru” devrildi - səbəb

Afrikanın “40 illik diktatoru” devrildi - səbəb

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Afrikanın “40 illik diktatoru” devrildi - səbəb
Zimbabve ordusu 93 yaşlı prezidenti, ailəsini və yaxın ətrafını həbs edib, paytaxtı nəzarətə götürdü...

Afrikanın cənubunda Zimbabvedə hərbi çevriliş baş verib. Ötən gün sübhə yaxın hərbçilər ölkənin mərkəzi televiziyasını ələ keçirib. Zirehli texnikalar isə paytaxt Harare şəhəri ətrafına yerləşdirilib. Zimbabve ordusu baş qərargah rəisi Konstantino Çivenqo 90 nəfər yüksək rütbəli zabitlə birlikdə açıqlama verib.

Baş qərargah rəisi deyib ki, Zimbabvenin müstəqillik mübarizəsində iştirak edən şəxslərin zorla vəzifədən uzaqlaşdırılmasına imkan verməyəcəklər. Qeyd edək ki, bu hadisədən bir gün əvvəl Zimbabve prezidenti Robert Muqabe onun xələfi olması gözlənilən Emerson Mnanqaqvanı vəzifədən azad edib. Elə həmin vaxt prezidentin bu vəzifəyə xanımını təyin edəcəyi haqda məlumatlar yayılıb. Bir gün keçməmiş ordu hərəkətə gəlib. Baş qərargah rəisi deyib ki, Mnanqaqva vəzifəsinə geri qaytarılmasa, ordu prosesə müdaxilə edəcək.

Ancaq artıq dövlət televiziyasını və bəzi qurumları nəzarətə götürən, eləcə də bir çox dövlət rəhbərlərinin, o cümlədən prezident və ailəsini həbs edən ordu hələlik çevriliş xəbərlərini təkzib edir. Silahlı qüvvələr həbslərin “prezidentin ətrafındakı cinayətkarlara qarşı” aparıldığını bəyan edib.

Səhər saatlarında general Sibusiso Moyo ZBC telekanalında ordu adından oxuduğu yazılı açıqlamada ordunun hakimiyyəti ələ keçirmədiyini, prezidentin əmin-amanlıqda olduğunu bildirib. Sitat: “Xalqımızı əlahəzrət prezidentimizin və ailəsinin təhlükəsizliyinin təminat altında olduğuna əmin etmək istəyirəm. Bizlər yalnız prezidentimizin ətrafında olan və ölkəmizə həm sosial, həm də iqtisadi zərbə vuran cinayətkarları hədəfə almışıq. Vəzifəmizi yerinə yetirdikdən sonra vəziyyətin normal axarına dönəcəyini gözləyirik”.

Maraqlıdır ki, iqtidar partiyası da hadisəni “qansız çevriliş” adlandırıb və prezidentə hər hansı təhlükənin olmadığını bildirib. “Röyters” agentliyi həbs olunanlar arasında maliyyə naziri İqnatius Çombonun olduğunu bildirir. Artıq Harare şəhərində əsgərlərin və zirehli texnikanın mühüm dövlət obyektləri ətrafında yerləşdirildiyi bildirilir.

Zimbabve ətrafında mürəkkəb proseslər hələ keçən həftə başlayıb. Uzun müddət aralarında soyuqluq olan prezident Muqabe vitse-prezident Mnanqaqvanı noyabrın 6-da vəzifədən uzaqlaşdırıb. Ancaq onun bu vəzifəyə öz xanımını - Qreysi Muqabeni təyin etməsi siyasi dairələrdə narazılıq yaradıb. Ordu və xüsusi xidmətlərlə yaxın olan Mnaqaqvanı isə bu dəfə ordu zabitləri müdafiə edib.

Robert Muqabe Afrikanın və dünyanın ən yaşlı diktatoru hesab olunur. Zimbabveni 1980-ci ildən “dəmir yumruqla” idarə edən Muqabenin hazırda 93 yaşı var. Muqabe özü etiraf edib ki, o, 100 yaşına qədər yaşamaq və bu müddətdə ölkəyə rəhbərlik etmək istəyir. Ancaq son aylarda gələn il keçirilən seçkilərdə Muqabenin xanımının prezidentliyə namizəd olacağı haqda məlumatlar yayılıb. İndi isə faktiki olaraq ordu prezident və yaxın ətrafını həbsə atıb.

Belə görünür ki, növbəti seçkilərdə Muqabe soyadı iştirak edə bilməyəcək. Bununla da Afrikada daha bir diktaturaya son qoyulur. Ancaq Zimbabvenin bundan sonra demokratiyaya keçəcəyi, yoxsa diktaturada davam edəcəyini zaman göstərəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler