» » Rusiya üç günə Baltikyanı ölkələri tutur-

Rusiya üç günə Baltikyanı ölkələri tutur- NATO qoşunları darmadağın edilir

Bölmə: Dünya, BLOK XƏBƏR
Rusiya üç günə Baltikyanı ölkələri tutur-

NATO-nun şərq cinahı Rusiya ordusunun Baltikyanı ölkələrə mümkün hücumunun qarşısını almaq imkanında deyil və ruslar istəsə, ən uzağı 3 günə bu ölkələri tuta bilər.

Xalqinfo.az Virtualaz.org -a istinadən xəbər verir ki, bu barədə Amerikanın hərbi araşdırmalar üzrə ixtisaslaşmış nüfuzlu “Rand Corporation” şirkətinin Pentaqonun və mülki vəzifəlilərin iştirakı ilə keçirdiyi komanda-qərargah hərbi təlimlərinin gəldiyi sensasion nəticələrdə deyilir. Hərbi təlimlərin nəticələri barədə “Foreign Policy” jurnalı yazır.

Şirkətin gəldiyi nəticəyə əsasən, əgər rus tankları və qoşunları Baltikyanı ölkələrə hücum etsə, onlardan sayca və atəş potensialına görə geri qalan NATO qüvvələri cəmi 3 gün ərzində darmadağın ediləcək. “Təlimlərin nəticələri birmənalıdır: hazırda NATO özünün Rusiya ilə qonşuluqdakı əlçatan üzvlərinin ərazilərini müdafiə etmək imkanında deyil”, - “Rand Corporation” bildirir.

Şirkət tərəfindən 2014-2015-ci illərdə keçirilmiş kabinet hərbi təlimlərinin gedişində Rusiya ordusunun 36-60 saat ərzində Estoniyanın paytaxtı Tallini və ya Latiyanın paytaxtı Riqanı tutması ssenarisi nəzərdən keçirilib. Yekun hesabatda deyilir ki, ABŞ hərbçiləri və Baltik ölkələrinin orduları, habelə Amerika Hərbi Hava Qüvvələri Rusiya ordusunun mexanikləşdirilmiş hissələrinin irəliləməsini dayandıra bilməyiblər və ciddi itkilər veriblər.



Hesabata əsasən, NATO Rusiyanın Krımı ilhaqından və Ukraynanın şərqində rusiyameylli yaraqlılara dəstək verməsindən sonra özünün artan hərbi təhdidə qarşı nə dərəcədə hazırlıqsız olduğunu anlayıb. Məlum olub ki, Rusiyanın Baltikyanı ölkələrə mümkün hücumu zamanı ABŞ və onun müttəfiqlərinin rus ordusunun hücumunu heç olmasa ləngidə bilmək üçün regionda kifayət qədər tankları, zirehli maşınları və hərbçiləri yoxdur. “Bu cür sürətli məğlubiyyət NATO üçün məhdud sayda variantlar qoyur və onların hamısı pis variantlardır”, - hesabatda belə deyilir.

ABŞ və onun NATO üzrə müttəfiqləri qanlı əks-hücuma cəhd edə bilər, bu isə böyük ehtimalla Rusiya tərəfindən sərt eskalasiyaya gətirib çıxaracaq. Çünki Rusiya müttəfiqlərin bu addımını birbaşa strateji təhdid kimi qəbul edəcək. İkinci variant soyuq müharibə taktikasından da istifadə etməklə Rusiyanı o cümlədən nüvə silahından istifadə ilə təhdid etməkdir. Üçüncü variant məğlubiyyətlə müvəqqəti barışmaq və Rusiya ilə yeni soyuq müharibə başlatmaqdır. Və bu variantların heç biri NATO üçün yaxşı variantlar deyil.

Bununla belə, təlimlər göstərib ki, ABŞ və onun Avropadakı müttəfiqləri fəlakətli məğlubiyyətdən qaçmaq üçün bir sıra preventiv addımlar ata bilərlər. Onlar NATO-nun şərq cinahını möhkəmləndirməli və Rusiyaya nümayiş etdirməlidir ki, asan qələbəyə ümid edə bilməz. “Rand Corporation” hesab edir ki, bu məqsədlə Baltikyanı ölkələrdə 7 briqada, o cümlədən 3 tank briqadası və artilleriya qüvvələri yerləşdirilməlidir. “Bu, Baltik ölkələrinin ildırım sürəti ilə ələ keçirilməsinin qarşısını almağa kifayətdir”, - hesabatda deyilir. Baltik regionunda bu qüvvələrin yerləşdirilməsi və saxlanılması ildə 2,7 milyard dollara başa gələcək.



Hesabatın açıqlandığı gün - fevralın 2-də ABŞ müdafiə naziri Eşton Karter bəyan edib ki, Pentaqon Şərqi Avropadakı bazalara əlavə zirehli maşınlar və ağır silahlar göndərəcək. Bu silahlar və texnika iki briqadanın təchizatı üçün kifayətdir. Hazırda ABŞ-ın Avropada iki piyada briqadası var. Lakin İtaliya və Almaniyadakı bu briqadalardakı hərbçilər bütün region üzrə müttəfiqlərin ordularına hazırlıq keçmək üçün kifayət deyil. Pentaqon və Ağ Ev tərəfindən hazırlanmış yeni plana əsasən, Avropaya Amerika əsgərlərindən ibarət daha bir briqadanın göndərilməsi nəzərdə tutulur.

Lakin bu da Rusiyanın mümkün hücumlarını dayandırmaq üçün kifayət deyil və “Rand Corporation” şirkəti Avropanın şərq cinahında azı 7 briqadanın dislokasiyasını zəruri sayır. Bununla belə, hesabatın müəlliflərindən biri, Pentaqonun keçmiş yüksək vəzifəli şəxsi Devid Oçmanek Rusiya ordusunun imkanlarından çıxış edərək deyib ki, hər halda ABŞ düzgün istqamətdə addım atır. Ancaq NATO-nun müdafiə imkanlarını artırmaq üçün daha çox iş görülməlidir.



ABŞ prezidenti Barak Obama bundan əvvəl Baltik ölkələrinin təhlükəsizliyinə təminat verildiyini bəyan etmişdi. Lakin Oçmanek deyir ki, Obamanın bu qəti vədini yerinə yetirmək üçün kifayət qədər hərbi qüvvə yoxdur. Hazırda Baltik ölkələrinin Rusiya və Belarusla quru sərhədlərinin uzunluğu vaxtilə Qərbi Almaniyanı Varşava müqaviləsi ölkələrindən ayıran sərhədin uzunluğu qədərdir. Hansı ki, o vaxt bu sərhəd boyu NATO-nun 20 diviziyası dayanmışdı.

İndi isə Avropada NATO-nun çox az tankı var. Soyuq müharibə dövründə Almaniyanın arsenalına 2200 tank var idisə, hazırda onların sayı cəmi 250-dir. ABŞ və NATO ölkələrinin Baltik regionunda yüngül piyada bölmələri var və Pentaqon strateqləri belə vəziyyətdə Rusiyanın Kalininqrad vilayətində durmadan hərbi qüvvə cəmləşdirməsindən, habelə Belarusda yeni aviabaza yaratmaq planlarından narahatdır.

“Rand Corporation”un təlimləri göstərib ki, NATO quru qoşunlarının Rusiya hərbi təyyarələrinin Baltik ölkələrinə hücumunu dəf etmək üçün heç yetərli sayda zenit artilleriyası da yoxdur. “Ümumiyyətlə, NATO piyada qüvvələri hətta uğurlu geri çəkilməni də həyata keçirmək imkanında deyil və yerindəcə məhv ediləcək”, - hesabatda deyilir.



Təlimlər göstərib ki, ABŞ və onun müttəfiqlərinin təyyarələri hücum edən Rusiya qoşunlarına müəyyən zərər yetirə bilər, ancaq onların əsas diqqəti Rusiya hava hücumundan müdafiə sistemlərinin dəf edilməsinə və arxa cəbhə rayonlarının müdafiəsinə yönələcək.

Hələlik regionda əlavə NATO qüvvələrinin yerləşdirilməsinin Rusiyanın Baltik ölkələrinə hücum arzusuna necə təsir edəcəyi məlum deyil. Ancaq burası dəqiqdir ki, NATO-nun indiki zəif mövqeləri Rusiyanı çəkindirmək üçün heç də ən güclü vasitə deyil.

Şərh Yaz
ŞƏRH(1)

Vətənpərvər biri. 5 fevral 2016 15:36
Rusiya haqqında yazılanlar üç günə Alyansın Baltik-
yanı üzv ölkələrini alması böyük cəfəgiyatdır.
NATO üzv ölkələr və ABŞ-TÜRK rəhbərliyi altında
müasir silahlarla Rusiyanı üç saat ərzində etkisiz
edə biləcəklərinə mən daha çox inanıram.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler