» » Almaniyanı Avropa Birliyində güclü edən nədir?

Almaniyanı Avropa Birliyində güclü edən nədir?

Bölmə: Dünya, BLOK XƏBƏR
Almaniyanı Avropa Birliyində güclü edən nədir?

Ekspert bu dövlətin Avropa komandasının kapitanı olmasının səbəblərini açıqladı
Almaniya ilə Azərbaycan arasında münasibətlərdə uzun müddətdir hökm sürən gərginlik davam edir. Almaniyadan Azərbaycana tənqidi münasibətin getdikcə artması Avropa Birliyinin (AB) də Azərbaycana münasibətinə təsir göstərməkdədir. Açıq-aydın görünür ki, bu dövlət AB kimi nəhəng beynəlxalq təşkilata ən ciddi təsir gücünə malikdir.

Bəs onu AB-də güclü, söz sahibi edən nədir? Siyasi ekspert Şahin Cəfərli bildirdi ki, hazırda AB-nin iqtisadi baxımdan ən qüdrətli üzvü olan və birliyin büdcəsinə ən böyük töhfəni verən Almaniyadır, ona görə də onun birlik daxilində aparıcı rola malik olması təbiidir: “Tarixə qısaca ekskurs etsək, II Dünya müharibəsindən sonra almanların beynəlxalq siyasətdə şüurlu şəkildə passiv rol seçdiklərini görərik.

Faşizmin törətdiyi ağır cinayətlər və bütün qitəyə vurduğu dəhşətli zərbələrdən sonra alman cəmiyyəti günahkarlıq hissinin təsiri ilə daha çox öz içinə qapanıb və yaralarını sarımaqla məşğul olub. Hətta Almaniyanın şərqini ələ keçirərək orada Almaniya Demokratik Respublikası yaradan SSRİ-dən qaynaqlanan real təhlükəyə rəğmən, Almaniya 1949-cu ildə NATO-nun təsis olunmasında iştirak etməyərək yalnız 6 il sonra bu hərbi-siyasi bloka qoşulub. Almaniya SSRİ-nin dağılmasından sonra da beynəlxalq arenada ciddi fəallıq göstərməyib və birləşmədən sonra şərq torpaqlarının ölkənin inkişaf etmiş qərbinə sosial-iqtisadi inteqrasiyasına daha çox diqqət yetirib.

Ölkənin Avropa inteqrasiyasındakı roluna gəldikdə isə Almaniya 1951-ci ildə Avropa Polad-Kömür Birliyinin və 1957-ci ildə Avropa İqtisadi Birliyinin təsisçilərindən biri kimi bugünkü Avropa Birliyinin təməlini atan əsas dövlətlərdəndir. Hazırda isə AB-nin iqtisadi baxımdan ən qüdrətli üzvü olan və Avropa Birliyinin büdcəsinə ən böyük töhfəni verən Almaniyanın birlik daxilində aparıcı rola malik olması təbiidir”.




Ş.Cəfərli onu da dedi ki, Almaniya ərazisinə görə bəzi Avropa Birliyi ölkələrindən kiçik olsa da, əhalisinin sayına və ÜDM-in həcminə görə ilk sıradadır: “Almaniya iqtisadiyyatı durğunluq müşahidə olunan digər Avropa ölkələrindən fərqli olaraq inkişafdadır, Merkel hökuməti mövcud maliyyə ilini kəsirsiz və profisitlə (gəlirlərin xərcləri üstələməsi) başa vurmağı nəzərdə tutub. Milli gəlir 2,1 trilyon avronu ötüb, xarici ticarətin həcmi təxminən 2,5 trilyon avro təşkil edir, ixracatın həcmi bu ilin yekunlarına görə 1 trilyon 180 milyard avro həcmində proqnozlaşdırılır.

Təbii ki, bu miqyasda iqtisadi gücə malik dövlətin beynəlxalq proseslərdə rol almaması qeyri-mümkündür. Xarici işlər naziri Valter Ştaynmayerin belə bir sözü var ki, Almaniya beynəlxalq siyasətə dair yalnız şərhlərlə kifayətlənməyəcək qədər böyük dövlətdir. Lakin Almaniyanın hazırda beynəlxalq siyasətdə birtərəfli addımlardan daha çox AB çərçivəsində bir komanda oyunçusu kimi çıxış etməyə üstünlük verdiyini söyləmək doğru olardı. AB müasir dövrdə qlobal oyunçuya çevrilərək beynəlxalq proseslərdə ciddi ağırlığa malikdir və öz iqtisadi gücünə, nüfuzuna görə AB komandasının kapitanı kimi qiymətləndirə biləcəyimiz Almaniyanın qurum daxilində ümumi strategiyaların hazırlanması və həyata keçirilməsində həlledici rolu var.

Təsadüfi deyil ki, hazırda istər birlik çərçivəsində ortaya çıxan böhranların (Yunanıstanın iflası, Britaniyanın birlikdən çıxmaq istəməsi) qarşısının alınması və birliyin monolitliyinin qorunmasında, istərsə də AB-nin qonşusu olan Ukraynada cərəyan edən münaqişənin həllində ən çox fəallıq göstərən Avropa paytaxtı məhz Berlindir”.

Ekspert sonda qeyd etdi ki, yaxın gələcəkdə Almaniyanın beynəlxalq siyasətdə rolunun daha da güclənəcəyini söyləmək olar. Ona görə də Azərbaycanın belə bir ölkə ilə münasibətlərinin istiləşməsi ölkəmizin xeyrinə olardı.musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler