» » Qərbin əlindəki “böyük silah”- İsveçrə bankları

Qərbin əlindəki “böyük silah”- İsveçrə bankları

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Qərbin əlindəki “böyük silah”-  İsveçrə bankları
İqtisadçı ekspert “bu, Avropa ilə ayrı-ayrı ölkələr arasında siyasi təsir mexanizmidir” deyir
“Yeni Müsavat”ın ötən sayında xəbər vermişdik ki, İsveçrədə dünyanın ən böyük ikinci bankındakı gizli hesablar internetə sızıb. Aralarında azərbaycanlı müştərilərin da olduğu bir çox ölkənin İsveçrədəki HSBC bankına aid gizli məlumatlar “Swissleaks” adlı internet saytından yayılıb.


Söhbət dünyanın 203 ölkəsindən olan 106,000 müştərinin 100 milyard dollarlıq sərvətindən gedir. Bu “sızıntı” beynəlxalq maliyyə tarixinin ən qalmaqallı hadisəsi hesab edilir. Mümkündür ki, bu gizli hesabların yayılması məşhur “WikiLeaks” saytının yaratdığı qalmaqalı təkrarlasın...

Gizli məlumatların gün işığına çıxması ilə HSBC bankının fırıldaqçılara, terrorçular və quldurlara yardım etdiyi və ümumi dəyəri 120 milyard dollarla ölçülən çirkli pulların yuyulması əməliyyatı həyata keçirdiyi ortaya çıxıb. Bankın vergi və qaçaqmalçılıq işlərinə yardım etdiyi şəxslər arasında dünya miqyasında tanınan cinayətkarlar, korrupsiyada ittiham olunan siyasətçilər və iş adamları, eyni zamanda dünya siyasətçiləri, aktrisalar, idmançılar da yer alır.

Azərbaycan bu ölkələr arasında 167-ci yerdə sıralanıb və 21 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında ən çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. 1994-2006-cı illər ərzində Azərbaycandan olan 16 müştəri bankda 17 hesab açıb. Bu hesablarda cəmi 3,8 milyon dollar pul var.

Müştərilərdən birinin hesabında 1,6 milyon dollar pul yerləşdirilib və o, Azərbaycandan banka ən yüksək məbləğdə pul qoyan müştəridir.

Ümumilikdə isə İsveçrə banklarında vəsaiti olan Azərbaycan varlıları mövzusu hər zaman maraq mövzusu olub. Xüsusən də bunun siyasi çalarları olduğunu düşünənlər məsələyə fərqli yanaşma sərgiləyir. Bu faktı Qərbin Azərbaycana, xüsusən də Azərbaycan iqtidarının öndə gedən simalarına qarşı silah kimi dəyərləndirmə xətti qabarıq görünür. “WikiLeaks”dən sonra bu qalmaqalın yaranması da sözügedən ehtimalları gücləndirir. Bəs bu, təcrübi baxımdan necə mümkündür? Bank hesabları ilə hansısa formada “oynamaq”, onlara həbs qoymaq və ya bundan təzyiq vasitəsi kimi istifadə etmək mümkündürmü?



İqtisadçı ekspert Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məlumat siyasi mənada təsdiqini tapmayıb. Onun sözlərinə görə, nə İsveçrə bankları, nə də hökumət bu xəbəri təsdiqləyib: “İstisna etmirəm ki, elə bir şey var. Bu, daha çox Avropa ilə ayrı-ayrı ölkələr arasındakı siyasi təsir mexanizmidir. Zaman-zaman bundan istifadə edilir və dövriyyəyə buraxılır. Bunun Azərbaycana nə dərəcədə aidiyyəti var, onu bilmək olmaz. Məlumat rəsmi təsdiqini tapmış olsaydı, buna şərh vermək olardı. Hətta ad da çəkmək olardı”.

Müsahibimiz dedi ki, Azərbaycandan xaricə və xaricdən Azərbaycana leqal və qeyri-leqal pul axını olub, bu gün də var. İqtisadçının fikrincə, onun həcmi, məbləği, Azərbaycan iqtisadiyyatına təsirləri indiki halda konkret müsbət nəticə verməyəcək: “Azərbaycandan İsveçrəyə, digər offşor zonalara investisiya yatırılması barədə məlumatlar mətbuatda yer alır. Amma bu rəqəmlər təsdiqini tapmadığı üçün onun ətrafında danışmağın özü faydasızdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler