» » Trampın Qüds qərarı dünyanı silkələdi

Trampın Qüds qərarı dünyanı silkələdi

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Trampın Qüds qərarı dünyanı silkələdiBŞ prezidentinin addımını heç bir ölkə dəstəkləməyib, ancaq Vaşinqtonu bundan çəkindirmək mümkün deyil; yəhudilər 2500 illik fasilədən sonra Qüdsü paytaxt edirlər

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı olaraq tanıması ilə bağlı qərarı bütün dünyada ciddi rezonans doğurub. Çərşənbə günü Ağ Evdə kabinet toplantısından sonra Tramp Qüdsün İsrail paytaxtı olaraq tanınacağı və ABŞ-ın İsraildəki səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Tramp bu addımı “geçikmiş qərar” adlandırıb və əlavə edib ki, “problemləri uğursuz strategiyanı yeniləyərək aşmaq mümkün deyil”.

Artıq gecədən qərara reaksiyalar gəlməyə başlayıb. İsrail baş naziri BinyaminNetanyahu ABŞ prezidentinə təşəkkür edib və deyib ki, İsrail xalqı Trampa “əbədi minnətdar olacaq”. Fələstin lideri Mahmud Abbas isə qərarı sərt tənqid edib. M.AbbasTrampın bu qərarının ABŞ-ın sülh prosesindən çəkilməsi anlamına gəldiyini deyib. Eyni zamanda Qüdsün Fələstin dövlətinin paytaxtı olduğunu bildirib.

Avropa Birliyi xarici əlaqələr nümayəndəsi, Britaniya, Almaniya baş nazirləri, Fransa prezidenti qərarı tənqid edib və tanımadıqlarını bildiriblər. Bundan başqa, müsəlman ölkələri də Trampın qərarını sərt şəkildə tənqid edib. Türkiyə xarici işlər naziri dərhal qərara münasibət bildirərək tənqid edib.

Rəsmi Bakı da hadisəyə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır”.

Rəsmi Bakının sözçüsü əlavə edib ki, Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.

Trampın Qüds qərarı dünyanı silkələdi

Səmavi dinlərin göz dikdiyi şəhər - Qüds

Qüds və ya Yerusəlim (yəhudi dilində Yeruşalem - K.R.) şəhəri hər 3 səmavi dinin - İslam, Xristianlıq və Yəhudiliyin müqəddəs şəhəridir. Hər 3 dinin müqəddəs kitabında Qüds müqəddəs məkan olaraq qeyd olunur. Qüdsün “gözü” isə onun mərkəzində yerləşən tarixi Məbəd Dağıdır. Hər üç dinin müqəddəs məkanı məhz burda yerləşir.

“Beyt əl-Maqdis” və ya “Beytül Müqəddəs” adlanan məbəd Quranda adı keçən həzrət Davud Peyğəmbərin zamanında inşa olunub. Ancaq rəvayətə görə, Həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu Həzrət Süleymana nəsib olur. “Məscid əl-Əqsa”nın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub, tikinti 7 ilə başa gəlib.

Hədislərə görə, ilk vaxtlarda məbədin adı “Beyt əl-Maqdis” kimi qeyd olunub Ancaq sonradan Quranda da nəql olunan “Məscid əl-Əqsa” adından istifadə olunmağa başlayır. Rəvayətə görə, Həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində Həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) “Məscid əl-Əqsa”ya qoyub. Eramızdan əvvəl 6-cı əsrdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı Buhtunnasr (İbranicəNabuchodonosor-Nabukednazar) məscidi qarət edərək Babilə aparıb.Qüdsü ikinci dəfə eramızın 70-ci ilində Roma orduları işğal edib. Bu zaman “Məscid əl-Əqsa”yandırılıb qarət edilir.

Trampın Qüds qərarı dünyanı silkələdi

Xristianlıqda da müqəddəs hesab olunan Qüds və ətrafı Həzrət İsaya (ə) bağlıdır. Bu səbəbdən də şəhərdə qədim xristian abidələri, ibadətgahları var.

Qüds müsəlmanların ilk qibləsi, yəni ibadət edərkən üzlərini tutduqları şəhər olub. Həzrət Məhəmməd (s.ə.s) bu şəhərdən “meraca” gedib. “Əl-Əqsa” Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkə və Mədinədən üçüncü müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscid əl-Əqsa” adlandırılıb.

Daha sonra qiblə dəyişsə də, Peyğəmbərin “meraca” getdiyi məkan müqəddəsliyini qoruyub saxlayıb. 638-ci ildə ikinci xəlifə Ömər Suriyaya səfəri zamanı “Məscid əl-Əqsa”nı ziyarət edib. Məhz xəlifənin tapşırığı ilə məscid yenidən bərpa olunub və ibadətə açılıb. Eyni zamanda İslamın təkallahlı dinlərə olan hörmətinin bir nümunəsi olaraq “əl-Əqsa” məscidində həmin vaxt yəhudilərin də ibadət etməsi üçün icazə verilib. Həmçinin Qüdsdəki xristian kilsələri də ibadətə açılıb.

Trampın Qüds qərarı dünyanı silkələdi

1099-cu ildə Qüdsü işğal edən Avropa səlibçi ordusu şəhəri viran qoyur. Bu zaman xristian səlibçilər xristianlıq tarixində mühüm yeri olan “Məscid əl-Əqsa”nı da qarət edib yandırır. Daha sonra səlibçilərin Qüdsdəki hakimiyyəti dönəmində “Məscid əl-Əqsa” kilsəyə çevrilir. Ancaq xristianların Qüdsdə hakimiyyəti 88 il davam edir.

1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman orduları Qüdsü azad edir. “Əl-Əqsa” kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayır. Bu dövrdən 1917-ci ilə qədər Qüds şəhəri müsəlmanların nəzarətində olur və orada hər hansı etnik və dini münaqişə baş vermir. 1918-ci ildə Osmanlı dağılır və Fələstin əraziləri Britaniya İmperiyasının nəzarətinə keçir. Bundan sonra bölgəyə yəhudi köçü sürətlənir və paralel olaraq ərəblərlə yəhudi qrupların arasında qarşıdurmalar artır.

Beynəlxalq statuslu şəhərdən İsrail paytaxtına

Fələstində 1918-ci ildən 1947-ci ilə qədər davam edən toqquşmalar və ərazi münaqişələri nəticəsində BMT Fələstinin statusunu müəyyən etməyə qərar verir. 1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edir. Qərara görə, Qüds şəhəri beynəlxalq statuslu ərazi olmalı idi. Ancaq yəhudilər 1948-ci il mayın 15-də dövlət elan etsələr də, fələstinlilər dövlət yarada bilmir.1949-cu ildə baş verən ilk ərəb-İsrail müharibəsində ərəblər məğlub olur və Qərbi Qüds və böyük bir ərazi İsrailin nəzarətinə keçir. Şərqi Qüds isə İordaniyanın nəzarətində keçir.

Trampın Qüds qərarı dünyanı silkələdi

1967-ci ildə baş verən 6 günlük savaşda İsrail ordusu Misir, Suriya, İordaniya və Fələstin qüvvələrini məğlubiyyətə uğradır. Suriyanın Colan təpələri, Misirin Sinay yarımadası və Şərqi Qüds İsrailin əlinə keçir. 1969-cu ildə avstraliyalı bir fanatik dindar “Məscid əl-Əqsa”nı yandırır. 1980-ci ildə isə İsrail Qüdsü İsrailin “əbədi və bölünməz paytaxtı” elan edir. İsrail parlamenti, hökumət Qüdsə köçürülür. Ancaq bu qərar sülh prosesinə maneə yaratdığı üçün dünya ölkələri tərəfindən tanınmır. Bu səbəbdən də xarici ölkə səfirlikləri Qüdsdə deyil, Tel-Əviv şəhərində yerləşir.

Tramp yəhudilərə niyə sadiq çıxdı?

ABŞ əslində 1995-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərar qəbul edib. Ancaq əvvəlki ABŞ prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama hər 6 aydan bir “milli təhlükəsizlik” səbəbi ilə qanunun tətbiqinə veto qoyub. Ancaq indi Tramp o vetonu davam etdirmədi.

Məsələ ondadır ki, Qüdsü İsrailin paytaxtı kimi tanımağı Tramp hələ namizəd olarkən vəd edib. Hətta bu ilin mayında Qüdsə gedərək “Qərb divarında” (ağlama divarı da deyilir - K.R.) dua edən ilk ABŞ prezidenti oldu.

Bir sıra müşahidəçilərə görə, Tramp həm yəhudi lobbisinin dəstəyini almaq, xüsusən də Konqresdə dəstəyini artırmaq üçün bu addımı atıb. Qüds yəhudilər üçün xüsusi tarixi əhəmiyyət kəsb edir. Bu şəhərin İsrailin paytaxtı olması, 2500 illik fasilədən sonra tarixi İsrailin bərpası anlamına gəlir. Bu isə ənənəvi yəhudi siyasi ideologiyası üçün mühüm hadisədir. Heç şübhəsiz ki, bu addıma görə Tramp yəhudi lobbisinin ciddi dəstəyinə ümid edə biləcək.

Bu məsələnin daha bir həssas nöqtəsi isə siyasi gedişin gətirdiyi dividentdir. Bu il aprelin 7-də ABŞ ordusunun Suriya ərazisini vurması Trampın reytinqinə müsbət təsir etməklə yanaşı, ona olan təzyiqləri bir müddət zəiflətdi. Bu qərar istər-istəməz diqqəti Ağ Evdə baş verənlərdən çox Yaxın Şərqdə baş verənlərə çəkəcək. Aydındır ki, hər nə qədər mübahisəli olsa da, amerikalılar üçün baxışın fərqli olması mümkündür. Görünür ki, Tramp və onun məsləhətçiləri bu amilləri nəzərə alıblar.

Bundan sonra nə olacaq?

Qeyd edək ki, 1980-ci ildə isə Qüds İsrailin paytaxtı elan edilib. Ancaq sülh prosesinə zərbə olması ehtimalına görə, heç bir dövlət, o cümlədən ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanımayıb və səfirliyi bu şəhərə köçürməyib. Tramp isə özündən əvvəlkilərin etmədiyini etdi. Bir tərəfdən də Yaxın Şərqdə davam edən terror müharibəsi, müsəlman ölkələri arasında parçalanma Qüds qərarında təsirli olub. Çünki indi güclü etiraz gözlənilmir. Səudiyyə Ərəbistanı İsraillə faktiki olaraq müttəfiqlik qurub, özü də hazırda Yəməndə müharibə aparır. Misir isə Sinay yarımadasında terrorçulara qarşı vuruşur. Üstəlik. Liviya, Yəmən, Suriya və İraq hadisələri nəticəsində müsəlman ölkələri arasında yaranan dərin çat, düşmənçilik vahid mövqedən çıxış etməyə imkan vermir.

Bu həqiqəti İsrail və ABŞ-da da bilirlər. Hər bir halda bu qərarın müharibəyə səbəb olacağı mümkün deyil. Ancaq BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar hərəkətə gəlib. BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Trampın Qüds qərarını müzakirə edəcək. Bununla əlaqədar 8 ölkə - Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Dekabrın 13-də isə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Bunu isə İƏT dönəm sədri Türkiyənin prezidenti R.T.Ərdoğan açıqlayıb. O deyib ki, Trampın nə etmək istədiyini anlaya bilməyib: “Qüds müsəlmanların, xristianların, qismən də müsəvilərin ibadətgahı kimi tanınıb. «Məscid əl-Əqsa» müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp güclüyəm, o səbəblə haqlıyam deyirsə, yanılır. Haqlı olan güclüdür”.

HƏMAS isə dekabrın 8-də İsrailə qarşı ümumxalq etirazı - “qəzəb günü” elan edib. Təşkilatın rəhbəri İsmayıl Haniyə İsrailə qarşı “yeni intifada” çağırışı edib. Haniyə deyib ki, xalq müqaviməti ilə Qəzzada olduğu kimi Qüdsdə də nəzarəti ələ ala biləcəklər. O, Trampın Qüds qərarına peşman olacağını deyib.

Trampın qərarından dərhal sonra Türkiyənin İstanbul şəhərində, Livanın paytaxtı Beyrutda Fələstin qaçqın şəhərciyində, eləcə də Qüdsün özündə və Fələstinin ərəblər yaşayan digər yaşayış məntəqələrində etirazlar başlayıb. ABŞ prezidentinin rəsmləri, Amerika və İsrail bayraqları yandırılıb.

İsrail isə hələ çərşənbə günü erkən saatlardan Qüds ətrafına hərbi qüvvələri və əlavə polis gücləri cəlb edib. Bu qərarın Fələstində xalq etirazları - intifada hərəkatına səbəb olacağı gözlənilir./Yeni müsavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler