» » Napoleon Müharibələri haqqında Bilmədiyiniz 7 fakt-

Napoleon Müharibələri haqqında Bilmədiyiniz 7 fakt- Tarix

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR
Napoleon Müharibələri haqqında Bilmədiyiniz 7 fakt-
Napoleon müharibələri çox vaxt Avropada üstünlük uğrunda mübarizə aparan Avropa qüvvələrinin toqquşması hesab olunur. Bu, bir çox baxımdan belə olsa da, bu müharibələr eyni zamanda 1914-cü ildən əvvəl bir növ dünya müharibəsinin nümunəsi idi. Budur, Xalqinfo.az təqdim edir , Napoleon müharibələri haqqında əksəriyyət tərəfindən unudulmuş yeddi fakt:

1) Böyük ümidlər vəd etməyən Napoleon

Bonapartlar əslən İtaliyadan olsalar da, Napoleon Aralıq dənizində yerləşən və Fransaya məxsus olan Korsika adasına köçmüş ailədə anadan olub. Hər ikisi zadəgan sinfinə məxsus olan valideynləri gənc yaşda ailə qurublar. Cütlüyün məşhur Napoleondan dörd il əvvəl anadan olmuş eyniadlı oğulları körpə vaxtı vəfat edib. Korsikada boya-başa çatan Napoleonun birinci dili fransız yox, italyan dili olub. Ancaq onun ailəsinin maddi vəziyyəti Korsika standartlarına görə yaxşı olduğundan qardaşı Cozef və özü təhsil üçün Fransada hərbi akademiyaya göndəriliblər.

Napoleon yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkdi. Fransız dilini öyrənsə də, aksenti yaxşı olmadığına görə, kəndli kimi danışırsan deyib lağa qoyulurdu. Bundan başqa, digər uşaqlar daha geniş əlaqələri olan və nüfuzlu ailələrdən gəlirdilər və rəqs etməyi də yaxşı bacarırdılar, Napoleonun bacardığı isə bağçılıq idi. Belə bir başlanğıc da Fransa ordusund zabita və ya Osmanlı imperiyasında artilleriya üzrə təlimatçı olmağı arzulayan bir oğlan uşağı üçün ümid vəd etmirdi. O, bu yollardan birini seçmiş olsaydı, tarix nə qədər fərqli olardı.

Napoleon 15 yaşında Parisdə yerləşən elit hərbi məktəbə daxil oldu. Bu, böyük bir fəxr olsa da, birinci ilində atasının mədə xərçəngindən vəfat etməsindən sonra fəlakətə çevrildi. Belə ki, Fransanın ən bahalı məktəblərindən birində təhsil alan gənc kursantdan ailənin əsas gəlir mənbəyi olması gözlənilirdi. Bu vəziyyət onu iki illik kursu bir ildə bitirməyə məcbur etdi və 58 nəfərlik sinifdə 42-ci yerdə gəlməsinə baxmayaraq, məzun olması o demək idi ki, 16 yaşını tamamladıqdan sonra rəsmi şəkildə zabit ola bilərdi.

1791-ci ilə qədər Avropada müharibənin başlamaq üzrə olduğu bir vaxtda hələ də sakit bir qarnizon şəhərciyində kiçik leytenant vəzifəsində olan Napoleon Korsikada yaşayan ailəsini görmək üçün məzuniyyətə çıxdı. Bu, hərbi karyeraya olduqca adi bir başlanğıc idi. Kim deyərdi ki, bundan 10 il sonra Napoleon Avropada hamının qorxduğu hərbi komandirə, sonra isə tarixin ən qüdrətli generallarından birinə çevriləcək.

2) Kral donanmasının hücumu

Fransa 1801-ci ildə Danimarka və Norveçi öz tərəfinə çəkməyə çalışırdı. Əgər onlar müharibəyə qoşulsaydılar, Rusiya da onlara qoşula bilərmiş kimi görünürdü. Danimarkanın Britaniya torpaqlarına hücum ehtimalı haqqında isə bir tədbir görülməli idi.

Britaniyanın donanma gücünü göstərərək xarici siyasət məqsədlərini həyata keçirməsi üçün Admiral Parker göndərildi. Bunun hərbi münaqişəyə çevrilməsi zəruri deyildi. Kral donanması gəldikdən sonra Danimarka donanması ön tərəfdən hücumun mümkün olmaması üçün batareya və şəhərin dənizdən müdafiə qüvvələrinə bağlandı.

Ancaq Parkerin tabeliyində olan Nelson Danimarka qüvvələrinin daha zəif olan cənub cinahına hücum etdi, bu da quru və dəniz qüvvələri arasında kəskin artilleriya dueli ilə nəticələndi. Nelsonun cəsarəti Parkerdə yox idi və o, yaxınlaşan top atəşinin dağıdıcı təsirini görüb geri çəkilməyə işarə etdi. Nelson əmri qəbul etdiyi işarəsini versə də, bunun üçün heç nə etmədi. Əksinə, o, teleskopunu kor gözünə tutaraq flaqman gəmisinin kapitanı Tomas Foliyə dedi: “Foli, bilirsən ki, mənim təkcə bir gözüm var. Ona görə də, bəzən kor olmaq haqqım var.”

Bununla da o, hücuma davam etdi. Döyüşün qızğın yerində, top atəşlərinin uğultusu, insanların qışqırıqları arasında Nelsonun Kopenhagenin təslim şərtləri üçün məktub hazırladığı göründü. Bunu görən zabitlərdən biri onun ağlını itirdiyini düşünməsinə bəs etdi, lakin Nelson sakit bir şəkildə izah etdi ki, əgər danimarkalılar onun layiqli bir məktub hazırlamağa vaxtı və şəraiti olduğunu görsələr, o qədər də böyük zərər vurmadıqlarını düşünərlər. Olduqca məntiqli olan bu hərəkət eyni zamanda soyuqqanlılığın da bir nümunəsi idi.

Bu hiylə işə yaradı və Kopenhagen təslim oldu. Diqqətəlayiq haldır ki, kral donanmasına məxsus gəmilərdən heç biri batmadı; bununla belə, təxminən 1000-1200 britaniyalı əsgər ya həlak oldu, ya da yaralandı. Danimarka tərəfdən isə həlak olan və yaralananların sayı 50 faiz çox oldu və üç gəmisini, eləcə də, “Dannebrog” adlı flaqman gəmisini itirdi.

Bu qısa, lakin qanlı qarşılaşmadan sonra iki ölkə atəşkəs elan etdi. Bunun ardınca Parker İsveçi silahlı bitərəflik birliyindən ayrılmağa razı salmaq üçün yola düşdü, lakin İsveç bu təklifi qəbul etmədi.

Parker Kopenhagendə tərəddüdlü davranması, ardından da İsveçdə uğursuz olması nəticəsində vəzifədən azad edildi və Nelson vitse-admiral vəzifəsinə yüksəldi.

3) Bütün tərəflərin ‘təbliğat müharibəsi’ni başa düşməsi

Yazılı vasitələrdən təbliğat məqsədilə ilk dəfə Napoleon müharibələrində istifadə edilməyib. Məsələn, 1785-ci ildə “ Daily Universal Register ” adı ilə çıxmağa başlayan “The Times” qəzeti heç də qeyri-obyektivlikdən uzaq deyildi. Ancaq münaqişənin xüsusilə bu dövründə təhqiramiz rəylər və alçaldıcı karikaturalar həddən artıq çox yayımlanırdı. Həmin dövrün liderləri mətbuatın gücünü bilirdilər. Napoleonun bir vaxtlar dediyi kimi: “Dörd düşmən qəzetdən daha çox qorxmaq lazımdır, nəinki min süngüdən.”

Ancaq təsir göstərən təkcə müxtəlif fikirlər deyildi; çox vaxt şəkillər daha güclü olur və təsiri uzun müddət davam edirdi. Bunu yaxşı bilən Napoleon öz nüfuzunu gücləndirmək üçün tədbir görməsi ilə məşhurlaşdı. Məsələn, onun Alp dağlarını keçdiyi təsvir olunan və fransız rəssam Jak-Lui Devid tərəfindən 1801-1805-ci illər arasında çəkilən məşhur rəsm əsəri Napoleon və ordusunun əsl keçidinin ideallaşdırılmış şəkildə göstərir.

Napoleon eyni zamanda imperator kimi tacqoyma mərasimini əbədiləşdirmək üçün yağlı boya rəssamlığına müraciət etdi. O və arvadı Cozefinanın da dəbdəbəli paltarlarda portretləri vardır. Napoleon öz məzarını planlaşdırmasa da, burda da güc və hakimiyyət çalarları öz əksini tapır, belə ki, Napoleon burda kişilər arasında tanrı olan Adonis kimi təsvir olunub. Onun dahi bir general olduğuna şübhə yoxdur, ancaq bir qədər kök olan Napoleonun burnu da əyri olub.

Həm general, həm də mütləq hökmdar olması Napoleona ikili üstünlük qazandırırdı. Fransa mətbuatının idarəsi onun əlində idi. Britaniya isə monarx və liderlərə eyni üstünlükləri vermirdi; burda mətbuat daha sərbəst idi və parlament demokratiyasına görə, jurnallar dost və düşmən olmasından asılı olmayaraq, istədikləri şəxsin satirik karikaturalarını çəkə bilərdi.

Çox vaxt Napoleonun boyunun qısa olduğu düşünüldüyünə görə gülünc şəkildə böyük papaq və çəkmələrlə təsvir edilir. Bu yanlışı düzəldək ki, Napoleon qısa boylu olmayıb. Fransada ölçülər Britaniyadakından fərqli olduğuna görə, belə bir yanlış fikir yaranıb və biz indi bilirik ki, Napoleon o dövrə görə orta boylu birindən azca hündür olub. Ancaq yenə də Vellinqton hersoqu kimi birinin yanında olduqca qısa görünərdi.

Britaniyanın 200 il əvvəl apardığı təbliğat sayəsində Napoleonun qısaboylu olması fikri hələ də mövcuddur.

4) İspaniyanın məğlub edilməsi üçün ən yaxşı yol Argentinaın işğalı idi

Britaniya 1806-cı ilə qədər, hardasa 10 ildən çox daima müharibə vəziyyətində oldu. Fransa qoşunları onun qitədəki müttəfiqlərini davamlı olaraq məğlub edir, Britaniyanın müharibədəki qələbələri isə əsas etibarilə dənizdə olurdu. Bununla belə, Uilyam Pit və Britaniya donanmasının komandiri Home Riqs Popham Fransanın əsas müttəfiqi olan İspaniyanı zəiflətmək haqqında düşünürdü.

İspaniyanın Cənubi Amerika imperiyası müdafiəsiz idi. Britaniya işğalının qarşısının alınması üçün İspaniya qoşunlarının Napoleonun Avropada istifadə edə biləcəyi resurslardan uzaq düşməsi lazım gələcəkdi. Beləliklə, uzun sözün qısası, Popham tərəfindən belə qərar verildi ki, Avropada Fransaya qarşı müharibəni qazanmaq üçün Cənubi Amerikada Argentinanı işğal etmək lazımdır.

Britaniya əsas şəhərlərdən biri olan Buenos-Ayresi ələ keçirməklə ilkin uğurunu qazandı və şəhəri bi aydan çox əlində saxladı. Daha sonra İspaniya qoşunlarının gəlməsi nəticəsində yox, yerli əhalinin üsyanı sayəsində işğalçılar şəhərdən çıxarıldılar.

1807-ci ildə britaniyalılar daha böyük qüvvə göndərməklə qarşılıq verdilər və bu səfər Montevideoya hücum edərək burda bir neçə aydan da uzun müddət qaldılar. Qısa müddət sonra Britaniya Buenos-Ayresə üçüncü qüvvəsini göndərdi, lakin yerli qüvvələrlə birləşən ispaniyalı əsgərlərlə gedən ağır döyüşdən sonra bu qüvvələr daha çox itki ilə geri çəkilməyə məcbur oldu.

Britaniyalılar bu əməliyyatda məğlub oldular. Burda o zaman səhvə yol verildi ki, yalnız İspaniya qoşunlarının müqavimət göstərəcəyi gözlənilirdi. Əslində Argentinanı Britaniya imperiyasına daxil olmaqdan xilas edən yerlilərin cəsarəti idi.

Bu hücumun əks təsirləri heç kim tərəfindən gözlənilmirdi. İlk növbədə, ispanlar müstəmləkələrinin bu qədər qətiyyətlə müqavimət göstərməsinə həddən artıq sevinirdilər. Ancaq həmin müstəmləkələr belə düşünürdülər ki, bu hərəkətləri onlara İspaniyadakı müstəmləkə sahibləri kimi bərabər hüquqa malik olmağa haqq qazandırıb.

Həmin dövrdə İspaniya özü də Fransa ilə qarşı-qarşıya idi. 1810-cu ilə qədər Cənubi Amerikada yerləşən müstəmləkələr inqilab başlada biləcək qədər özlərindən əmin oldular və May İnqilabı sayəsində İspaniyanın canişini devrildi, ilk dəfə olaraq yerli hökumət yaradıldı.

Bu da 1816-cı ilin iyulunda Cənubi Amerika Birləşmiş Vilayətlərinin, yəni Argentinanın müstəqillik bəyannaməsinin elan edilməsinə gətirib çıxardı. Qəribəsi odur ki, bu gün Argentinada Britaniyanın 1806-1807-ci illərdə keçirdiyi əməliyyatların müstəqillik qazanılmasına təkan verdiyi düşünülür.

5) Heç kim İspaniya inkvizisiya məhkəməsinin ləğv edilməsini gözləmirdi

1478-ci ildə Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabella tərəfindən yaradılan inkvizisiya məhkəməsinin uzun və mürəkkəb bir tarixi var. Bu məhkəmənin nəzarəti altına düşən birinci yer XII əsr Fransasıdır. Potensial kafir və ya dindən dönənlər haqqında üzrə dini sorğuların daha çox dilə düşmüş versiyası XV əsrin sonunda İspaniyada başladı və yalnız XIX əsrdə tamamilə ləğv edildi.

1789-cu ildə başlayan Fransa inqilabı İspaniyada əsl narahatlıqlara səbəb oldu. Kral IV Çarlzın narahatlığı xalqının təkcə monarxiyanın yox, eyni zamanda kilsənin sərvəti və gücünə münasibəti ilə bağlı idi. Bir sıra katolik təşkilatları inqilabı Fransanın maarifçilik ideallarına lənət oxuyurdu.

Fransa Maltanı işğal etdikdən sonra əsası orta əsrlərdə qoyulmuş dini “Hospitallers” təşkilarına son qoydu. Napoleon “Müqəddəs Roma İmperiyası” adlı başqa bir qədim təşkilatı da teokratik keçmişin qalığı olduğu və yeni Avropa ilə uyğunlaşa bilməyəcəyi adı ilə ləğv etdi. Buna görə də, təəccüblü olmamalıdır ki, Fransa İspaniyanı işğal etdikdən sonra İspaniya inkvizisiya məhkəməsini birdəfəlik ləğv etməyə çalışan Cozef Bonapart oldu.

Ancaq Bonapart 1808-ci ildən 1813-cü ilə qədər İspaniyanın kralı oldu və bu, bütün qədim adətləri ləğv etmək üçün kifayət qədər uzun bir müddət deyildi. Nəticədə, 1814-cü ilə qədər inkvizisiya məhkəməsi yenidən öz işinə qayıtdı. İspaniya inkvizisiya məhkəməsi tərəfindən öldürülən son şəxs guya kafir fikirlər irəli sürdüyü iddia edilən bir müəllim oldu. Məhkəmə rəsmi olaraq 1834-cü ildə ləğv edildi.

6) Vaterlooda hesablaşmanın yağışa görə təxirə salınması

1815-ci il, iyunun 16-sı iki döyüş aparılması və bütün əsas qüvvələrin təxminən eyni ərazidə olması ilə fərz etmək olardı ki, son qarşıdurma ayın 17-si baş tutacaq, lakin belə olmadı.

Birincisi, Napoloenun sağ əli olan Marşal Ney birinci döyüşün ikinci mərhələsi üçün döyüş gedən yerə qayıtdı. Sadəcə ora çatanda Vellinqtonun irəlilədiyini gördü. Bundan sonra isə müttəfiq mövqelərin tapılması lazım idi. Ayın 17-si Britaniya və Fransa qüvvələri arasında qısa toqquşma olsa da, leysan yağış başladığına görə, davam etmədi.

Bir il əvvəl Vellinqton bu regiona gəlmiş və təpəliyin döyüş üçün mükəmməl müdafiə mövqeyi olacağını görmüşdü. Artıq vaxt idi. O, qüvvələrini həm təpəlik boyu, həm də təpəliyin arxasında yerləşdirdi.

Vellinqton gecəni Vaterlooda yerləşən bir mehmanxanada Prussiya lideri Blükerdən səbirsizliklə cavab gözləyərək keçirdi. Nəhayət Blükerdən gecə saat 2-də xəbər gəldi. Bundan sonra Vellinqton zabitlərlə müzakirələr aparmağa başladı. Blükerdən xəbər ona görə gecikdi ki, o, feld-marşal Qneyzenau ilə qüvvələrin yerləşdirilməsi ilə bağlı razılığa gələ bilmirdi. Blüker bilirdi ki, Napoleona qalib gəlməyin ən yaxşı yolu qoşunların birləşdirilməsidir, Qneyzenau isə britaniyalılara etibar etmirdi.

Napoelona gəldikdə isə, təəccüblüdür ki, o, qərarsız qaldı. General Qruşi ümid etdiyi qədər sürətlə irəliləyə bilmirdi. O, gecəni bir ferma evində keçirir və səhər zabitlərlə yaxşı bir səhər yeməyi yeyir. Zabitlər Napoleonun döyüş meydanında üzləşməli olacağı yeganə general Vellinqtonla bağlı narahat olduqlarını bildirdikdə o, deyir: “Vellinqton sizin hamınıza qalib gəlib deyə, elə bilirsiniz ki, o, yaxşı generaldır. Mən isə sizə deyirəm ki bu, belə deyil, ingilislərin qoşunları da güclü deyil. Bu iş səhər yeməyi yemək qədər asan olacaq.”

18 iyunun səhəri Napoleon əvvəlki günün leysanından sonra qüvvələrinin mövqeyini gücləndirmək üçün fürsət axtardığından döyüşün başlamasını gecikdirir. O düşünürdü ki, bu, artilleriyanın mövqeyinin dəyişdirilməsini asanlaşdıracaq və süvarilərin hərəkəti üçün daha yaxşı şərait yardacaq. O, Neyə əməliyyata başlama əmri verir və özü də ön cəbhədən bir qədər aralıda oturub izləyir. Belə görünür, Napoleonun yenidən xəstəliyi yüksəlir və hemorroy xəstəliyi ona imkan vermir ki, bütün günü yəhər üstündə qalsın.

7) Vaterloo Fransaya qarşı son döyüş deyildi

Münaqişələr çaşdırıcı olur. Ona görə də, təəccüblü deyil ki, bu müharibə dövrünün tam sonluğu yoxdur. Heç şübhəsiz, bu dövrün ən əsas döyüşü olan Vaterloo Napoleonun nüfuzunu sarsıtdı. Döyüşdən bir həftə belə keçməmiş Napoleon hakimiyyətdən əl çəkdiyini bildirdi. Ancaq döyüş Belçikada baş vermişdi və indi Napoleon hakimiyyətinin parçalandığını və XVIII Luinin hakimiyyətə qayıtmasına nəzarət üçün Fransanın paytaxtına getmək lazım idi.

Fransızlar isə başqa fikirdə idilər. Onların təxminən 65 min nəfərlik qoşunu var idi. (25 min nəfər Vaterlooda ya həlak olmuş, ya da yaralanmış, 9 mini isə əsir götürülmüşdü) və fransız general Vandam ordunun həmin hissəsini Parisin cənubunda yerləşən kiçik bir qəsəbəyə yaxınlaşmaqda olan prussiyalıların qarşısına çıxardı. Vellinqtonun qüvvələri də yolda idi, ona görə də, Vandamın nə etməyə çalışdığı bilinmirdi. O, bəlkə də, uzun müddət tab gətirə bilməyəcəkdi, ancaq Blükerin döyüşsüz paytaxta yürüş etməsinə imkan versəydi, ona lənət oxunardı.

Müttəfiqlər cənub istiqamətində gəldilər, çünki Parisin əsas müdafiəsi Sena çayının şimalında qurulmuşdu. Döyüş Prussiya ilə Fransa arasında idi, çünki Vandam Vellinqtona yox, Blükerə hücum etməyi seçdi. 2 iyul, 1815-ci ildə döyüş başladı. Həmin gecə Parisdə təslim olmaq barədə müzakirələr aparıldı, ancaq Napoleonun ən sadiq və bacarıqlı marşallarından biri olan Davu ayağını yerə dirəyib təkid etdi ki, Vandam prussiyalıları mövqelərindən çıxarmağa çalışmalıdır.

Növbəti gün fransızlar artıq barrikadalar qurmuş prussiyalılara top atəşi ilə hücum etdilər. Daha sonra isə piyada qoşun irəlilədi. Kəskin döyüşdən sonra fransızlar geri çəkilməli oldular. Məqsədləri isə yenidən birləşmək və prussiyalılara bir daha hücum etmək idi. Bu cəhdləri də uğursuz oldu və günün qalan hissəsində fransızlar prusiyyalıları gah top atəşinə tutdular, gah da piyada hücumu ilə irəlilədilər.

Ancaq fransızlar hücumda əllərindən gələni etmədilər. Səbəbləri bilinmir, ancaq Vandam bütün gücünü döyüşə qoymadı və buna görə də, prussiyalılar tərəfindən ölən və yaralananların sayı çox olsa da, mövqelərini itirmədilər. Nəticədə isə fransızlar Parisə geri çəkilməyə məcbur oldular.

Prussiyalılar geri çəkilən qüvvələri izlədilər və hətta irəlidə gedən qüvvələrin bəziləri Paris ətrafında fransızların arxa qüvvələri ilə toqquşdular. Bunun ardından Fransa tərəfindən atəşkəs işarəsi gəldi. Artıq Vellinqtonun qüvvələri də Blükerin qüvvələri ilə birləşmişdi. Müttəfiqlər Fransa nümayəndələri ilə nisbətən neytral yer kimi götürülən Sen-Klu ( Saint-Cloud ) sarayında görüşdülər. Burda Paris rəsmi olaraq tələsik hazırlanmış “Sen-Klu Konvensiyası” kimi bilinən sənədi təqdim etdi. Nə qəribədir ki, bu saray prussiyalıların 1870-ci ildə Parisə növbəti hücumu zamanı alman qoşunları tərəfindən dağıdıldı.

Beləliklə, Napoleon müharibələri tarix boyu həmişə olduğu kimi bir çox faktlarla, asanlıqla izah edilə bilməyəcək məsələlərlə doludur. Ancaq Misirdən Rusiyaya və Argentinadan Belçikaya qədər siyasi və mədəni landşaftı formalaşdıran bu müharibələrin qoyduğu irs bütün Avropada və Avropadan kənarda səs saldı.

4npress

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler