DataLife Engine > Din > Lütf yağışının əməl düsturu

Lütf yağışının əməl düsturu


25-10-2019, 20:32. Yerləşdirdi: Gunay
Lütf yağışının əməl düsturu
Həyatın necəliyi barədə müxtəlif baxışlar mövcuddur. O cümlədən, insanın həyatdakı yeri və rolu barədə nəzərlər də müxtəlifdir. Biriləri hər şeyi zahiri tərəqqidə görür, faktiki olaraq, tərəqqinin insana xidmət edən bir vasitə deyil, insanın mifik “tərəqqi” məfhumunun bir elementi olaraq yerini müəyyən edir. Bəs bu bağlantını necə qəbul etməli, insanın həyatda nə üçün olmasını, nəyə can atmalısını, nəyə nail olmalısını necə qiymətləndirməli?

"Xalqinfo" deyerler.org-a istinadən təqdim edir:

Texnoloji tərəqqi fonunda tənhalıq

Yaşadığımız əsrdə insanın çatdığı texnoloji, elmi və digər sahələrdə yetişdiyi inkişaf və tərəqqi ilə yanaşı, onun özüylə bağlı bir neçə ciddi məsələlər də ortalığa çıxmışdır. Bunlardan ən əsası budur ki, tərəqqinin böyük komfort və rahatlıq təqdim etməsinə, insanın bir çox sahələrdə vaxtının, enerjisinin qənaət edilməsinə səbəb olması öz yerində, amma bütün bunlar insanın heç də bütün çağırışlarını cavablandırmamışdır. İnsan bir şeyin fərqinə varmışdır ki, bu yüksəlişlər, bu tərəqqi və inkişafların əldə olunmaqlıqları, müxtəlif sahələrdə müəyyən yüksəlişlər əldə etməklər onun vəziyyəti, durumu üçün yetərli deyil. Onun halına adekvat vəziyyətdə deyil.

İnsan ən yaxşı texnolojidən istifadə edə bilər, ən yaxşı elmi nailiyyətlərdən bəhrələnə bilər, amma bu, onun üçün kifayət edə bilməz. Bu, insan üçün yetərli deyil. Belə demək olarsa, insanın fiziki varlığı, fiziki vücudu ilə bağlı hər nə irəliləyişlər olsa da belə, insana bəs etmir.

Dünya nə qədər çox inkişaf edirsə, insan gəlib bir həqiqətə çatır ki, o, yalnız bir maddi varlıq deyil. İnsanın ehtiyacları yalnız maddi ehtiyaclardan ibarət deyil. Və insanın bəzən bütün maddi imkanların içində bir qəribə hissləri var. Bir qəribə duyğuları var. Bir qəribə halı var. İnsan hiss edir ki, onun tələbatları ödənmir. Hiss edir ki, istədiklərinə çatmayıb. İstədiyi halda deyil. İnsan bütün bu texnoloji inkişaf arasında tənha qala bilir. İntəhasız bir böyüklüyün içərisində itib-batmağın fiziki hiss olunmasına qədər bir tənhalıqda buluna bilir insan.

Rəbb ilə rabitə

Digər bir tərəfdən, insan, öz həyatının hər bir dövründə - uşaqlığında, gəncliyində, yetkinliyində və beləcə yaşlayanadək müxtəlif zamanlarda öz yaşayışında, öz mövcudiyyətində Rəbbi ilə bir ünsiyyətdə olur. Yaxşı və ya pis, yetərli, ya yetərsiz, keyfiyyətli və ya keyfiyyətsiz ola bilir bu ünsiyyət.

Bəzən insanın heç özünün də çox fərqinə varmadığı, bir növ kortəbii gedən bir prosesdir bu. Bəzən də şüurlu vəziyyətdə mövcuddur bu proses. Bu şüurluluq xüsusən o zaman Rəbbi ilə ünsiyyətin bazisində olur ki, insan fərqinə varır ki, o, Allahın yaratdığı bir varlıqdır və yaradılışının, mövcudiyyətinin tutumu, vəziyyəti bu cürdür ki, onu Yaradan ona saysız-hesabsız nemətlər verir, ona Öz mərhəmətini göstərir, Öz lütfünü göstərir. Onu ən ağır vəzyyətlərdən, ən çətin hallardan çıxarır. Ən ümidsiz durumlardan çıxarır.

İnsan bunların fərqinə vardıqda, Allahın xüsusi lütfünün, inayətinin varlığını müşahidə etdikdə Rəbbi ilə ünsiyyətinin keyfiyyətliliyi xeyli artır. Bir sıra hallarda isə insan bu xüsusi lütfün, inayətin kokret ona aid olmasını hiss edir. Hiss edir ki, bir növ əhatəsindədir İlahi tofiqatın. Allahın xüsusi nemətləri ona nazil olur, Allahın xüsusi rəhməti ona aid olur. İnsan öz həyatında bir bərəkətlilik hiss edir.

Seçim və iradə azadlığı

Amma bunun tam əksi də olur. İnsan deyir ki, hiss edirəm ki, həyatımda bir bərəkət yoxdur. Bir nuraniyyət yoxdur. İnsan hiss edir ki, həyatında lazımi İlahi rəng yoxdur. Və insan diqqət etsə, onun fərqinə varar ki, əməllərinin nəticəsidir ki, onu bərəkətdən məhrum edir. İnsan öz mənfi əməlləri ilə, öz laqeyd durumuyla, öz fərqinə varmaması ilə, insaniyyət missiyasına uyğun yaşamaması ilə bir yerə gəlib çatar ki, yaşayışının bərəkəti gedər. Belə olan təqdirdə insanın yaşayışının nuraniyyəti gedər.

İnsan bir də ayılar ki, günlər keçir, bir günü geridə qoyur, digər gün yetişir, sabahı qarşılayır, onu da geridə qoyur – beləliklə, bu munvalla illər ötür, amma yaşayışında bir bərəkət yoxdur. Yaşamında bir xüsusi təravət yoxdur. Əslində insanın əməlləri ilə həyatının necəliyinin, yaşayışının nə qədər bərəkətli olub-olmamasının, həyat tərzinin nurani olub-olmamasının birbaşa bağlantısı var.

İki növ insana baxaq. Biri həyatını elə qurub ki, bir də görür bir vəziyyətdədir ki, başdan-başa həyatı nuranidir, bərəkətlidir. Sanki işıq saçır həyatı. Hər addımı bərəkət gətiricidir.

Amma digər bir insan var ki, hər mənada həyatı qaranlıqdır. Belə demək olarsa, həyatı rəngsizdir, dadsızdır. Nədən belə?

Əməllər səbəb olur insanın həyatının bərəkətli olub-olmamasına. Əməllər səbəb olur insanın nuraniyyətlə dolmasına. Əməllər səbəb olur ki, Allahın həqiqi nemətləri insana aid olsun, ya olmasın. Allahın mərhəmətinin insana nazil olub-olmaması onun həyata keçirdiyi əməllərdən asılıdır. İnsan öz əməlləri ilə bir vəziyyət yarada bilər ki, Allahın xüsusi tofiqatları ona inayət olunsun. Elə də edə bilər ki, İlahi rəhmət ondan uzaq olsun.

İnsan faili-muxtardır, iradə azadlığına malikdir. Allah onu azad yaradıb. O cümlədən, seçim azadlığı var insanda. Əməllərinin nəyin üzərində olmasını o, özü müəyyən edir. Dəyərlər sistemini özü seçir və bu sistemdən qaynaqlanan əməllərini özü müəyyən edir.

Böhran üçün dəqiq resept

Bu mənada bu sual yaranır ki, yaxşı, dünya bu inkişaf durumundadır, amma insan nə üçün buna uyğun durumda deyil? İnsan deyir ki, nə olsun ki, inkişaf var, nə olsun ki, bu texniki irəliləyiş var – bəs sualım odur ki, mən özüm nə edim? Mənim bu texniki irəliləyişim, bu texniki yüksəlişim, ümumiyyətlə, mənim belə məsələlərdə nailiyyətlərim mənim üçün ən mühüm məsələni – öz həyatımın bərəkətliliyini təmin etmirsə, bunlar mənə nəyə gərəkdir?! Hətta bunlar bəzən bir məşğuliyyətlər verir ki, mən müəyyən mənada öz-özümdən bir qədər də uzaq düşürəm. Özüm özümə yad oluram, yalqız oluram mən. Mən nə edim ki, belə bir vəziyyətdən qurtulum?

Bu kimi suallar verir özünə bəşər.


Dinimiz insanın bu vücudi hayqırtısını cavabsız qoymur. Əksinə, mübarək dinimiz ruhani böhran keçirən insana dəqiq bir resept təqdim edir. İnsan bu təlimata əməl etsə, həyatı bərəkətlənər, həyatı nuraniləşər. Əməl ediləcəyi təqdirdə, İlahi nemətlər hər mənada həyatını bürüyər insanın, Allah Təalann mərhəmət yağışı insan həyatını sirab edər. Hər mənada Allah Təbarəkə və Təalanın lütfü, inayəti insana şamil olar. Bu resept çox sadədir, amma sadəliyi qədər də əməl baxımından dəqiq və məsuliyyətli icra tələb edir. Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: “Kim təqvalı olsa, kəsilmiş lütf və ehsan yağışı yenidən ona yağar. Qaçmış rəhmət ona tərəf qayıdar. Qurumuş nemət bulaqları yenidən onun üçün qaynayar. Və azalmış bərəkət yağışı yenidən onun üçün yağar”.

Yəni, kim öz həyatını o cür tənzimləsə ki, təqvalılıq onun həyatının bünövrəsini təşkil etsin, təqva onun yaşayışının əsası olsun, onun yedikləri, içdikləri, baxdıqları, oxuduqları, eşitdikləri təqva üzərində olsun, onun ünsiyyətləri təqva üzərində olsun, onun çəkindikləri təqva üzərində olsun, hər şeyi İlahi rəngə bürünsün – bu halda o, dinimizin qəti bir müjdələməsinin ünvanı olacaqdır. Bu müjdə ondan ibarətdir ki, itirilmiş bərkətlilik, nuraniyyət daimi və dönməz bir halət deyildir. İnsan edə bilər bərpa etsin İlahi lütfün ona nazil olmasını. Bunun üçün sadəcə təqva adlı bir durumu ki, Allah Təalanın bəyəndiklərini etməklə və bəyənmədiklərini etməməklə səciyyələnir – bu durumu özü üçün həyati rəhbərlik, əməl düsturu olaraq qəbul etsin.

Əməlləri hansı müstəviyə yığmalı?

İnsan görür ki, həyatında bir yeksənəklik, bir qapalı dairə üzrə hərəkət var. Çıxa bilmir problemlərin girdabından. Nə qədər edirsə də, durumu bərəkətlənmir ki, bərəkətlənmir. Görür Allahın xüsusi lütfü çoxdandır ona nazil olmur, Allahın ehsan yağışından məhrum olmuşdur.

Təbii ki, bu nəticələr öz-özünə hasil olmayıb. Nə isə bir qəbil əməllər var ki, hər şeyi qatıb bir-birinə. İnsanın özünə qarşı etdiyi əməllər, öz nəfsiə uyaraq, əqlinin əksinə etdiyi əməllərdir bunlar.

Nə etməli, necə etməli? Bu vəziyyətdən, bu böhrandan necə çıxmalı? Dinimiz Həzrət Əli (ə) bəlağətilə buyurur ki, ruhdan düşmək gərək deyildir. Əməllərin müəyyən bir müstəvi üzərinə yığılması gərəkdir. Təqvalılıq adlanan bu müstəvi üzərinə yığılsa əməllər, kəsilmiş lütf və ehsan yağışı yenidən insanın üzərinə yağar.

Çox dəqiq və sadə çıxış yolu var düşülən böhrandan. Xüsusi nələrsə istənilmir insandan. İnsan və Allah. İnsan və ətrafındakı işlər. İnsan və onun məşğuliyyətləri. Bütün bu koordinat sistemləri təqva üzərində qurulsa, insan həyatının hər bir səhnəsində təqvalılıq düstürüna riayət etsə, nicat tapar.

Məhrum olub insan. Kənardan asan görünə bilər onun durumu, zahirən heç bir problemi də görünməyə bilər. Amma təravət yox işlərində. Bərəkət yox, həzz yox işlərində. Nə edirsə, nuraniyyət əldə edə bilmir öz durumunda. Ümidsizliyə qapılmaq lazım deyildir. İstəyirsənsə Allahın lütf və ehsan yağışı üzərinə yağsın – təqvaya riayət et. Qaçmış rəhmət sənə tərəf qayıtsın? Vəziyyətin rövnəqlənsin? Təqvaya riayət et. Bir kampaniya olaraq deyil, bir epizod olaraq deyil. Daimi bir halət olaraq gərək qayıtsın insan öz “Mən”inə doğru. Öz yaradılış fəlsəfəsinə dorğu. Qırsın bu lənətlənmiş yeksənəkliyi. Dağıtsın vücudunu buxovlayan kompleksləri. Yırtsın zülmət pərdələrini.



Allah Təala mərhəmətlidir. Allah çox mehribandır. Məxluqunu çox sevir. Sonsuz məhəbbəti var bizlərə Allahın. Sanki bir bəhanə axtarır Rəbb bəndəsini rəhmət yağışına qərq etmək üçün. Və əgər istəyir bəndə özünü məhrum etdiyi məhəbbət, məhrum etdiyi mehribanlıq yenidən ona tərəf yönəlsin – gərək əməllərində diqqətli olsun. Təqvaya riayət etsə, ondan qaçmış nemətlər ona tərəf qayıdar. Qurumuş nemət bulaqları yenidən onun üçün qaynayar. Nə vaxt qaynayacaq? Nə vaxt fəvvarə vuracaq nemət bulağı? İnsan özünü, özünə uyğun apardıqda. O işlər görəndə ki, Allahın onlarda razılığı var. O işləri tərk edəndə ki, Uca Yaradanın həmin işlərdə narazılığı var. Onda azalmış bərəkət yağışı yenidən onun üçün yağar. Təqvaya riayət etsə, bərəkətli olar həyatı. Bərəkət yağışı yenidən bürüyər onu.


İstəyirsə insan qaçmış rəhmət ona tərəf qayıtsın, həyatı Allahın lütfü və inayəti ilə dolu olsun – gərək İlahi rəngə bürünsün. Gərək İlahi ətirlə ətirlənsin. Əməllərini İlahi rizayətə yönləsin.

Düşünməkdən başlayır hər şey...

Bu baxımdan, ruhdan düşmək – ən mənasız davranış variantıdır. İnsan gərək deməsin, məndən daha keçdi, bir iş çıxmaz əlimdən. Yaxud deməsin nə vaxtsa məqam yetişəcək ki, bəlkə mən də özümə bir gün ağlayayım. Bir zaman yetişəcək və mən başlayacağam öz durumuma qarşı diqqətli olmağa. O zaman artıq indidir.

Sonraya saxlaya-saxlaya şansını itirə bilər insan. Bəlkə sonra heç imkanı olmayacaq öz durumunu, öz vücudunu bir təftiş etsin? İmkanı olmayacaq elə tutum əldə etsin ki, təqva üzərinə qurulan həyatı özü üçün bərqərar edə bilsin? Elə indi, məhz indi – öz durumu ilə bağlı böhran yaşandığı zaman elə bir vaxtdır ki, həyatını İlahi rəngə boyaya bilsin.

Bu anından etibarən diqqətli olsun. Dərdiyi nəfəs də, beynində cövlan edən düşüncələri, qəlbinin xəyalları da belə, gərək onun nəzarətindən çıxmasın. İmkan verməsin insan proseslərin onu aparmasına. Proseslərin yedəyində getməsin gərək. Hər bir insan bu haqda düşünsün gərək.

Düşünməkdən başlayır hər şey. Ona görə iblis lənəlik müxalifdir düşüncə ilə, təhlil ilə. Düşünən insanın daxilində bir etiraz yaranır öz aparılan durumu üçün. Ona sırınan konstruksiyalara qarşı, bir-birini əvəzləyən mənasız və boz günlərin passiv seyrçisi olmaq roluna qarşı bir protest qalxır vücudunda. Razı olmur belə rolla. Dəyişmək istəyir həyatını.

Kreativ olmaq istəyir, yaradıcı olmaq istəyir. İlahi rəhmətin onun üzərinə nazil olmasnı istəyir. Hər mənada Allahın nemətləridən bəhrələnməyə nail olmaq istəyir. Allah dərgahında mövcudiyyətini bərpa etməyi diləyir. Və bu istəmələr ünvanına çatdıracaq insanı.


Xoş olsun o insanın halına ki, bu duruma, bu vəziyyətə çatıb. Yaşayışının hər anında, hər dəqiqəsində Uca Yaradan ilə olmaq durumunu əldə edib.


Uca Allah hər birimizə bu imkanı, bu tofiqatı nəsib etsin, inşəallah!

Xalqinfo.az
Geri qayıt