DataLife Engine > Din > Seyidlər kimlərdir?-

Seyidlər kimlərdir?-


12-06-2017, 14:44. Yerləşdirdi: Leyla Seyidlər kimlərdir?-

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi Azərbaycanda ajiotaj yaradıb. Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Xalqinfo.az gündəmi zəbt edən mövzuya aydınlıq gətirmək üçün ictimaiyyətdə yaranan suallara cavab axtarmağa çalışıb.

Belə ki, QMİ sözügedən vəsiqənin verilməsində heç bir iştirakı olmadığını açıqlasa da, Tağıyev Elnur Mirverdi oğlunun seyidliyini təsdiqləyən sənəddə qeyd edilən 21313 rəqəmi, böyük ehtimalla, seyidlərə verilən belə vəsiqələrin sayını göstərir. Yəni adıçəkilən şəxs Azərbaycanda vəsiqə alan 21313-cü seyiddir.

Bir tərəfdən də, vəsiqəni öz imzası və möhürü ilə təsdiqləyən Hacı Mirqiyas Təhməzov Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı olmaqla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvüdür. Belə bir şəxsin atdığı hər bir addım, sözsüz, təmsil etdiyi qurumun siyasətini ifadə edir.

Seyidlik vəsiqələrinin verilməsi tarixdə mövcuddur

İslam dininin hakim olduğu dövlətlərin başçıları müsəlmanlar arasında böyük hörmətə malik olan seyidləri öz tərəflərinə çəkmək üçün onlara xüsusi imtiyazlar veriblər. Onların nüfuzlu nümayəndələrini saraya çəkməyə çalışıblar. Bunun üçün sırf seyidlərin problemləri ilə məşğul olan dövlət qurumları yaradılıb. Ancaq bu ehtiram və imtiyazlar əhali arasında “yalançı seyidlər”in də ortaya çıxmasına rəvac verdiyindən əsl seyidləri yalançılardan ayırmaq, eləcə də, sırf seyidlərin problemləri ilə məşğul olmaq üçün xüsusi qurumlar yaradılıb. Bu qurumların əsas işi özlərini seyid adlandıranların nəslini araşdırmaq və “yalançı seyidlər”i ifşa etmək olub.

Tədqiqatçı-jurnalist Elxan Şükürlünün “Mədinədən başlanan yol: Azərbaycan seyidləri” adlı araşdırmasında belə dövlət qurumları barədə məlumatlar yer alıb. Məsələn, İmam Cəfər Sadiqin böyük oğlu İsmayılın tərəfdarlarının (“İsmaililər”) Misirdə qurduqları Fatimilər dövlətinin mövcud olduğu illərdə (909-1171) “Niqabətut-Talibiyyin” adlı təsisat fəaliyyət göstərib. Bu qurumun əsas vəzifəsi seyidlərin əsil-nəcabətini, şəcərələrini araşdırmaq, kimlərin seyid olub-olmadığını müəyyənləşdirmək, eləcə də, seyidlərin aralarındakı məsələləri həll etmək, onları qeyri-əxlaqi hərəkətlərdən çəkindirmək olub.

İndiki Azərbaycan ərazilərinin də daxil olduğu Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) vaxtında da “Naqibi-Nuqabayı Sadat” adlı qurum yaradılıb və onun qarşısına Peyğəmbər nəslindən gələnlərin şəcərələrini müəyyənləşdirmək, onlara aid işləri yerinə yetirmək, maarifləndirmək və haqlarını qorumaq vəzifəsi qoyulub.

Osmanlı imperiyasında (1299-1922) isə bu iş daha da təkmil qurulub: sırf Məhəmməd Peyğəmbərin (s.ə.s.) nəslindən gələnlərin işləri ilə məşğul olacaq “Naqibul-əşraflıq” adlı ayrıca qurum yaradılıb. Bu qurum seyid olduğunu iddia edən hər kəs haqqında əsaslı araşdırma apararaq, saxta seyidlərin həqiqi seyidlər arasına qarışmasına imkan verməməyə çalışıb və bu məqsədlə yoxlama dəftərləri tutub. Bu dəftərlər indi də Türkiyə Cümhuriyyəti arxivlərində qorunub saxlanır və seyid soylarının müəyyənləşməsində qiymətli mənbə rolunu oynayır.

Bu ənənə 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra Çar Rusiyasının tərkibinə verilən Azərbaycanda da tətbiq edilib. Belə ki, Azərbaycanın bir hissəsinin Rusiyaya birləşdirilməsindən sonra bütünlükdə Cənubi Qafqaz ərazisində yaşayan seyidlərin siyahısı tutulub, onların şəcərələrinin araşdırılmasına başlanılıb. Buna səbəb seyidlərin əvvəlki hakimiyyətlərin vaxtında vergidən azad olduqlarını əsas gətirərək, yeni hökumətin dövründə də bu hüquqlarından istifadə etmək istəmələri olub.

Bu haqda hazırda Tiflis və Sankt-Peterburq arxivlərində saxlanan sənədlərdə olduqca qiymətli məlumatlara rast gəlinir. Məsələn, bu sənədlərdən birində - 1843-cü ilin 12 oktyabrında Xəzər Vilayəti (çar I Nikolayın inzibati islahat qanununa əsasən, 1841-ci ilin yanvarında yaradılıb və vilayətə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzaları daxil edilib) Birinci Şöbəsinin II Bölməsinin 895 saylı məktubunda Azərbaycan ərazisində yaşayan seyidlərlə bağlı Xəzər Vilayətinin rəisi, general-mayor Apollos İvanovun imzası ilə maraqlı rəy hazırlanıb.

General-mayor Apollos İvanovun məktubunda göstərilir ki, polkovnik fon Aşeberq hələ 1842-ci il fevralın 10-da Vilayət İdarəsinə belə bir təklif verib: “Diyarın ənənəsinə görə, Xəzər vilayətində xalq tərəfindən Məhəmməd peyğəmbərin nəsli kimi qəbul edilən “Seyidlər” və “Ağamirlər” vergi ödəməmək və biyar azadlığından istifadə edirlər. Lakin “seyid” və “ağamirlər”in arasında bu zümrəyə aidliklərinə dair sənədi olmayan xeyli yalançılar meydana çıxıb...”. İvanovun yazdığına görə, Zaqafqaziya Diyarının Baş Komandanı general Qolovin seyidləri biyara və vergi verməyə sövq etmək üçün fon Aşeberqdən uyğun təkliflərini verməsini istəyib.

Beləliklə, təkcə bu sənəddən aydın olur ki, 1843-cü ilədək Azərbaycan ərazisində yaşayan seyid ailələrinin əksəriyyətinin soy-kökləri araşdırılıb və vahid siyahı halında Zaqafqaziya diyarının baş rəisinə təqdim edilib. Məlumat üçün onu da bildirək ki, Azərbaycanda soy-kökləri təsdiqlənmiş seyid ailələrinin ən çox məskunlaşdığı ərazilər Naxçıvan, Şirvan, Lənkəran və Qarabağ bölgəsi olub.

Seyidlər kimlərdir?

Ərəbistanda İslam tarixindən əvvəl ehtiram əlaməti olaraq ağalara “Seyid” deyə müraciət edilib. İslamdan sonra isə seyidlər əsas etibarilə sonuncu peyğəmbər Məhəmmədin (s.ə.s) soyundan olan kəslərə deyilir.

“Qurani-Kərim”in “Kövsər” surəsində bəhs edilən Peyğəmbərimizin soyu məhz Fatimə ilə Əlinin iki oğlu - Həsən və Hüseyn vasitəsilə davam edib. Peyğəmbərin qızı Fatimə, həyat yoldaşı Əli və oğlanları - Həsən və Hüseyn həm də Məhəmmədin (s.ə.s.) “Əhli-Beyt”i kimi tanınır və qəbul edilirlər. Azərbaycan dilinə tərcümədə “Peyğəmbərin ev əhli” mənasında işlənən “Əhli-Beyt”in məhz yuxarıda adları çəkilən şəxslərdən ibarət olmasını etibarlığı şübhə doğurmayan bütün ciddi İslam qaynaqları təsdiqləyirlər. Üstəlik, xeyli sayda alim və təfsirçilər “Qurani-Kərim”in bir neçə - “Bəqərə” (124, 207, 269, 274), “Maidə” (54, 55, 67), “Ali-İmran” (33, 34, 61, 103), “Nisa” (59), “Nəhl” (43), “Əzhab” (6, 23-25, 33), “Şura” (23), “Beyyinə” (7, 8), “İnsan” (5-22), “Rəd” (7, 43), “Əraf” (181), “Ənbiya” (106), “Ənam” (153), “Nur” (28, 35, 55), “Hud” (86), “Həşr” (7), “Taha”(29-32), “Təhrim” (4), “Tövbə” (119), “Vaqiə” (10-14), “Qəsəs” (6), “Fatir” (32) və s. surələrində “Əhli-Beyt” və ona daxil edilmiş şəxslər, xüsusən də Peyğəmbərimizin qızı Fatimənin həyat yoldaşı Həzrəti Əli haqda konkret ayələrin olduğunu da bildirir və onları geniş şərh edirlər.

İslamın şiə məzhəbinin “Cəfərilik” (həm də “İmamiyyə” adlandırılır) qolu “Əhli-Beyt”in Peyğəmbərimizin (s.ə.s.) nəvəsi Hüseynin soyundan olan 9 nəfər imam vasitəsilə davam etdiyi qənaətindədirlər. Əksər qaynaqlarda bu imamların neçə xanımının və onlardan neçə övladlarının olması haqda da məlumatlar var. Məsələn, göstərilir ki, İmam Həsənin 15 oğlu və 7 qızı; İmam Hüseynin 6 oğlu və 4 qızı; İmam Zeynülabidinin 11 oğlu və 4 qızı; İmam Məhəmməd Baqirin 6 oğlu və 2 qızı; İmam Cəfər Sadiqin 7 oğlu və 3 qızı; İmam Museyi Kazımın 19 oğlu və 18 qızı; İmam Rzanın 5 oğlu və 1 qızı; İmam Məhəmməd Təqinin 2 oğlu və 2 qızı; İmam Əliyyən Nəqinin 4 oğlu və 1 qızı; İmam Həsən Əsgərinin isə 1 bir oğlu olub...

QMİ-də seyidlərin şəcərəsi və ya siyahısı varmı?

Qafqaz Müsəlmanları İdarəsində seyidlərin şəcərəsi və ya siyahısı varmı? Qurumun rəsmi saytında belə bir məlumata rast gəlmədik. Əgər belə bir siyahı yoxdursa, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vaxtilə Azərbaycana sığınmış Peyğəmbər soyundan olanların itib-batmaması üçün hazırda Rusiya və Gürcüstan arxivlərində saxlanan sənədlərin ölkəmizə gətirilməsini təmin edə bilər. Yalnız bu halda həqiqi seyidlərin kimliyini müəyyən etmək olar.

İndiki dövrdə seyidlərə verilən vəsiqələr hansısa bir önəm daşıyırmı? Bu vəsiqələrin sahibi hansı üstünlüklərə malikdirlər?

Bu suallara cavab almaq üçün mövzunu davam etdirəcəyik.

Leyla Həsənova
Geri qayıt