DataLife Engine > Din > İslam həmrəyliyi Azərbaycanda reallığa çevrilir

İslam həmrəyliyi Azərbaycanda reallığa çevrilir


3-06-2017, 01:59. Yerləşdirdi: Leyla İslam həmrəyliyi Azərbaycanda reallığa çevrilir
Həm 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi, həm də IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi hər bir ziyalının bu dəyərlərə önəm verməsini zəruri edir. İndi qələmə aldığımız bu sətirlər məhz həmin zərurətdən yarandı.

İslam həmrəyliyi düşüncə tərzindən, məzhəbindən asılı olmayaraq, bütün müsəlmanların birliyinə xidmət edən anlayışdır. Həmrəy olmaq özündə İslamın ana qaynağı hesab edilən müqəddəs Qurani-Kərimin bütün ayələrini və peyğəmbərin (s.) həyatını əks etdirir. Qurani-Kərimin Ali-İmran surəsinin 105-ci ayəsində də həmrəyliyin açıq təzahürü görünür. Ayədə ixtilaf və düşmənçilik salanlar vəd olunmuş mükafatdan kənar qalmaqla yanaşı, onları gözləyən əzabla xəbərdar edilirlər. Belə ki, ayədə deyilir: “Açıq-aşkar dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!”.

İslam Peyğəmbəri (s.) daim müsəlmanları birlik və bərabərliyə dəvət etmişdir. O, Mədinədə müsəlman icmasını yaratdıqdan sonra gördüyü ilk işlərdən biri də müsəlmanlar arasında qardaşlıq əhdinin bağlanması olmuşdur. Qardaşlıq əhdi zamanı hər bir məkkəli mədinəli ilə din qardaşı hesab edildi. Belə ki, peyğəmbərin (s) əmri ilə Əbu Bəkr - Xaricə bin Zuheyrlə, Ömər bin Xəttab - Ətəban bin Maliklə, Osman bin Əffan - Avs bin Sabitlə qardaş oldular. İslam peyğəmbəri (s.) isə özü ilə Əli bin Əbu Talib arasında qardaşlıq əhdi bağlamışdı.

Həmçinin, İslam peyğəmbəri (s.) müsəlmanlara həmrəylik, vəhdət, birlik və bərabərlik prinsiplərini aşılamaqla yanaşı, ümmət anlayışını da əsas tutmuşdur. Bu prinsiplər İslam aləminin inkişafına xidmət edən ən böyük töhfədir. Bunu yuxarıda qeyd etdiyimiz yalnız “qardaşlıq əhdi” ilə məhdudlaşdırmaq olmaz. Müsəlman ümməti dedikdə, təkcə Mədinədəki deyil, bütün müsəlmanların bir-birləri ilə həmrəy olması başa düşülməlidir. Peyğəmbərimizdən (s.) rəvayət olunan bir hədisdə buyurulur: “Kim "La ilahə illəllah” deyib, Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir".

İslam coğrafiyasının genişləndiyi ilk vaxtlardan Azərbaycan da bu ərazilərə daxil edilmiş, burada yaşayan əhalinin əksəriyyəti İslam dinini qəbul etmişdir. Bu illər ərzində İslam adətlərinə ölkəmizdə həssaslıqla yanaşılmış, xalqımız tərəfindən gələcək nəsillərə ötürülmüşdür. Hər bir müsəlman azərbaycanlı müsəlman ümmətinin bir parçası hesab edilir.

Xatırladaq ki, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin iclaslarında həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz çıxışlarında hər bir azərbaycanlının İslami dəyərlərə xüsusi önəm derdiyini xüsusilə vurğulamışlar.

İslam aləminin bir parçası hesab edilən Azərbaycanda əsrlərdən bəri müxtəlif mədəniyyətləri, dini etiqadları, məzhəb və cərəyanları birləşdirən xalqlar, millətlər qarşılıqlı hörmət şəraitində yaşamışlar. Bu ənənə Azərbaycan ərazisində multikulturalizmin, dini tolerantlığın olmasını təsdiq edir. Mədəniyyətlərarası dialoq, birgəyaşayış anlayışlarını özündə birləşdirən multikulturalizm dəyərlərinə Azərbaycanda daim hörmətlə yanaşılmış, tarixin heç bir dönəmində Vətənmizdə dinlərarası, məzhəblərarası və mədəniyyətlərarası qarşıdurma yaranmamışdır. Bu ənənə günümüzdə də aktuallığını itirməyib. Azərbaycanda multikulturalizm sahəsində, dinlərarası münasibətlərin tənzimlənməsində mühum işlər görülməkdədir.

Müstəqillik qazandıqdan sonra xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dünyada nəinki zəngin təbii sərvətlərilə, həmçinin, tolerant və multikultural ənənələri ilə tanınmışdır.

Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, mədəni irsimizin, mənəvi dəyərlərimizin qayğısına qalmış, dinlərarası dialoqa, multikulturalizmə böyük dəyər vermişdir. Ümummilli liderin göstərişi ilə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilmiş və bu gündə keçirilir. Həmçinin, Bakıda və regionlarda məscid, kilsə, sinaqoq və ziyarətgahlar bərpa olunmuş, yeni ibadət ocaqlarının tikintisi sürətlənərək inanclı insanların istifadəsinə verilmişdir.

Azərbaycanda formalaşan multukultural, tolerantlıq modelini dünya ölkələri üçün nümunə kimi çıxarmaq dövrümüzün aktual məsələsidir. Bu gün müsəlman dövlətləri arasında mövcud olan siyasi boşluqları doldurmaq üçün ən yaxşı vasitə islamın tövsiyə etdiyi birlik amilidir.

Çünki İslam dini özündə bütün bəşəri gözəllikləri, dəyərləri əks etdirir. Qeyd etdiyimiz kimi Peyğəmbərimiz (s.) də daim vəhdət və birliyi, sevgi və sülhü ümmətinə aşılamışdır. Necə ki, Allah Qurani-Kərimin əl-Hucurat surəsinin 10-cü ayəsində buyurur: “Şübhəsiz ki, bütün möminlər qardaşdır”. Məhz bu anlayış müsəlmanlara birlik və bərabərliyi, həmrəyliyi aşılamışdır. İslam dinində din qardaşlığı qan qardaşlığından da önəmli məsələdir. İslam peyğəmbəri (s.) həmrəy olanları cənnətlə müjdələmiş və buyurmuşdur ki, “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız.” (Səhihi-Müslim, İman Kitabı, Hədis: 93)

Ayə və hədislərdən aydın olur ki, möminlər qardaş olsalar, onlar Allahın sevgisinə və onlar üçün hazırladığı cənnətə nail olarlar. Yaxşı, bəs nə üçün indiki müsəlmanların əksəriyyəti İslam dininin buyurduğu səviyyədə qardaş ola bilmir, özləri də hiss etmədən qeyri-müsəlmanlar onları qarşı-qarşıya qoyur, firqələrə bölür və nəhayət, onları istədikləri istiqamətə yönəldə bilirlər? Çünki əksər müsəlmanlar Quran və hədislərdən daha çox dedi-qodulara inanırlar. Yəni, "filan şeyx belə dedi", yaxud "filan alim belə fətva verdi" deyir və buna dair hər hansı bir dəlil-sübutun olduğunu araşdırmırlar.

Yaşadığımız dövrdə müsəlmanlara qarşı olan haqsızlıqların, onların hüquqlarının pozulmasının səbəblərindən biri də məhz aralarında həmrəyliyin olmamasıdır. Hazırki dövrdə İslam dünyası öz sözünü demək istəyirsə, mütləq şəkildə həmrəy olmaq məcburiyyətindədir. Çünki dövr-zaman birlik və dirilik zamanıdır. İndi millətçilikdən, təriqətçilikdən yox, ümmətçilikdən söhbət getməlidir.

Bu birliyi qurmaq üçün bütün İslam aləminin bir liderə ehtiyacı var idi. Bunu ümummilli liderin layiqli davamçısı İlham Əliyev bacardı. Bütün müsəlman ölkələrinə birlik və həmrəylik sərgiləyən ölkə başçımız bu ağır, çətin və məsuliyyətli işi öhdəsinə götürərək 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etdi, Azərbaycanın təkcə regionda deyil islam dünyasında mühum söz sahibi olmasını təsdiqlədi.

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları isə Azərbaycan Prezidentinin dünyanın nüsəlman ölkələrinə ünvanlanan dəyərli bir çağırışı idi. İslam ölkələrinin liderləri həmin çağırışı lazımınca qiymətləndirdilər və uğurlu nəticə artıq bütün dünyanın gözü qarşısındadır.

Nəticə olaraq qeyd etmək olar ki, dünyada baş verən qlobal hadisələr islam həmrəyliyini qaçılmaz edir. Bu il ölkəmizdə qeyd olunan “İslam Həmrəyliyi ili” İslam aləminə, bütövlükdə bəşəriyyətə əhəmiyyətli dərəcədə fayda verəcəkdir. Azərbaycanda mövcud olan tolerantlıq mühitinin, multikulturalizmin daha da möhkəmləndirilməsi sahəsində əməli addımlar atılması üçün tam şərait yaradacaqdır. Əminik ki, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin Azərbaycan modeli dünyanın aparıcı ölkələrində də böyük uğur qazanacaqdır. Ölkəmizin İslam aləmində qazandığı nüfuz hələ 2009-cü ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə öz əksini tapmışdır. 2016-cı ilin Multikulturalizm ili elan olunması, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, habelə 2018-ci il üçün Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Samid Quliyev -ilahiyyatçı-alim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Geri qayıt