DataLife Engine > Din, MANŞET > Məhəmməd peyğəmbərin (s) öyrətdiyi kimi, bu gün ölkəmizdə bayram deyil.

Məhəmməd peyğəmbərin (s) öyrətdiyi kimi, bu gün ölkəmizdə bayram deyil.


28-07-2014, 14:12. Yerləşdirdi: test Məhəmməd peyğəmbərin (s) öyrətdiyi kimi, bu gün ölkəmizdə bayram deyil.

Son zamanlar ölkəmizdə radikal dini cərəyanlara, qeyri-ənənəvi və destruktiv sektalara qarşı müvafiq orqanlar lazimi ölçülər götürüb, şübhəli fəaliyyətlərini nəzarət altına alıb, qanunları pozan şəxsləri cinayət məsuliyyətinə cəlb edib. Bu hal sözügedən cərəyan və sektaları, eləcə də onları müxtəlif səviyyədə dəstəkləyən şəxsləri, onlara havadarlıq edən bəzi dairələri rahatsız edib. Sektantlar azlıqda olsalar da, indiki şəraitdə gizli fəaliyyət yolunu seçsələr də, Ramazan ayının bitməsi və bayram gününün elan edilməsilə bağlı QMİ-nin məlum qərarına qarşı aqressiv hücum etmələri bir daha bunu göstərir ki, destruktiv sektalar ölkədə dini zəmində qarşıdurmalara səbəb olan hərəkətlərilə hələ də öz çirkin əməllərindən əl çəkməyiblər. Belələri kiçicik fürsət əllərinə düşən kimi, dini zəmində çaxnaşma salmağa, səmiyyətimizdə sabitliyi pozmağa cəhd edirlər.

Fəlsəfə doktoru Elşən Mustafaoğlu ANS PRESS-ə müsahibəsində, bu il ölkəmizdə Ramazan ayının son günü, yəni yeni Şəvval ayının görünməsi 28 iyul tarixinə təsadüf edəcək. Deməli, səhəri gün, yəni 29 iyulda Ramazan-Fitr bayramı qeyd ediləcəyini dedi: "Son günlər mediada və sosial şəbəkələrdə din mövzusunda gedən bir sıra yazılardan aşkar görünür ki, belələri cəmiyyətimizin, xüsusilə mənəvi mühitin kənar təsirlərdən təmizlənməsi prosesini heç cür həzm edə bilmirlər. Təəssüflər olsun ki, onların arasında millət vəkili və dövlətə yaxın qurumların əməkdaşlarına da rast gəlinir. Mübarək Ramazan ayının son günlərində media və sosial şəbəkələr vasitəsilə orucluğun sona çatması və Ramazan bayramının hansı günə təsadüf etməsilə bağlı bu şəxslərin verdiyi açıqlamalar bütün çılpaqlığı ilə onların qərəzli olduqlarını göstərir. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şamaxı Rəsədxanası və Milli Elmlər Akademiyasının məlumatları əsasında müəyyən edib ki, bu il ölkəmizdə Ramazan ayının son günü, yəni yeni Şəvval ayının görünməsi 28 iyul tarixinə təsadüf edəcək. Deməli, səhəri gün, yəni 29 iyulda Ramazan-Fitr bayramı qeyd ediləcək.

E.Mustafayev Hicri-Qəməri təqvimlə yeni ayın daxil olması şəriətə görə, təkcə ayın səmadakı durumu ilə deyil, ayın batıb-doğmasının görünməsilə bağlı olduğunu bildirdi: "Bu, elmi məsələ olmaqla bərabər, bir fiqhi məsələdir. Şəriətə görə, insanlar yaşadıqları məntəqədə səmada yeni ayın doğuşunu görüb, səhərisi gün üçün Qəməri təqvimlə yeni ayın daxil olduğunu təyin edirlər. Yəni söhbət təkcə astronomik hesablamalardan deyil, yeni ayın gözlə görünməsindən gedir: ay səmada 29-cu gecədə görünərsə, səhərisi gün yeni ayın daxil olduğu müəyyən edilir, ay da 29 gündən ibarət olur. Yox, əgər ay səmada 29-cu gecə görünməzsə, onda səhərisi gün həmin ayın 30-u hesab edilir və ondan sonrakı gün yeni ay daxil olur. Beləcə, yeni ayın doğuşunun görünməsindən asılı olaraq, Hicri-Qəməri ayların sayı 29 və ya 30 gün olur. Bizim məntəqəmizdə ayın görünməsinin Ramazanın ayının 29-na, yəni iyulun 27-ə təsadüf edəcəyi gözlənilmədiyindən, onun səhərisi, yəni iyulun 28-i Ramazanın 30-cu günü sayılır. Deməli, növbəti gün – 29 iyul tarixində Şəvval ayı daxil olur. Buna əsasən də, QMİ məhz 29 iyul tarixini bayram günü elan edib. Bayram namazı da məhz həmin gün qılınır. Bu, elmə və şəriətə əsaslanan bir qərardır."

İlahiyyatçı əslində məsələ olduqca sadə olduğunu deyir: "Səma hamı üçün açıqdır. Buyurub müşahidə edə bilərik - yeni ay nə zaman görünsə, səhəri günü bayram edək. Elə Rəsədxananın hesablamalarına görə, ay məhz 28-də görünəcək. Deməli bayram da 29-da olacaq. Şahidi olduğumuz kimi, dünən axşam Azərbaycan Respublikası ərazisində ay görünmədi. Amma təəssüflər olsun ki, bu məsələyə qərəzlə yanaşanlar heç Ramazan ayının 29-nu gözləmədən ağır ittihamlarla QMİ-nin bu qərarına qarşı çıxdılar. Sadəcə etiraz etmədilər, məhz əsassız ittihamlar yağdırıb etikadan uzaq bir tərzdə öz qərəzlərini izhar etdilər. Halbuki, məzhəbindən asılı olmayaraq, müsəlman aləminin aparıcı dini-elmi mərkəzləri eyni mövqedən çıxış edərək, ayın doğuşunun görünməsi əsasında yeni ayın daxil olduğunu müəyyən edirlər."

Dünyanın tanınmış astronomik mərkəzlərinə görə, 27 iyulda ay yalnız Polineziyanın bəzi adaları üçün üfüqdən yuxarı olacaqdı və həmin bölgədə görünməsi mümkün idi. Dünyanın digər yerlərində 27 iyulda ay görünməyəcəkdi. 28 iyulda isə ay planetimizin daha geniş hissəsində, o cümlədən, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiyanın bir hissəsi, Avstraliya və Yeni Zelandiya kimi regionlarda görünəcək. Yəni üfüq baxımından demək olar ki, bütün dünya üçün. Əksər alimlər Həzrət Məhəmməd peyğəmbərin (s) buyruğuna əsaslanaraq bildirirlər ki, yeni ay yalnız yaşadığın məntəqədə ayın görünməsi ilə sabit edilir. Doğrudur, fərqli düşünənlər də var və onlar gecəsi-gündüzü eyni olan bölgələrdən birində ayın görsənməsini yeni ayın daxil olması üçün yetərli hesab edirlər. Bayramın ay görünəndən sonrakı gün qeyd edildiyini nəzərə alsaq, birinci versiyaya görə, dünyanın əksər ölkələri üçün Ramazan bayramı məhz 29 iyula təsadüf edir və bu, sırf Peyğəmbərimizin (s) öyrətdiyi və tətbiq etdiyi metoda əsaslanır.

Bunu da qeyd edək ki, məsələ ilə bağlı fərqli yanaşma da mövcuddur. Astronomiya elminin inkişafı sayəsində ayın doğuşunu xüsusi elektron cihazlarla müəyyən etmək mümkün olur. İndi hətta astronomik hesablamalar əsasında Qəməri ayların təqvimi hazırlanır. Bununla bağlı təkcə bizdə deyil, digər ölkələrdə də yeni ayın müəyyənləşdirilməsi məsələsində fikir ayrılıqları yaranır. Bəzilərinə görə, ayın səmada doğuşunu astronomik hesablamalarla müəyyən etmək mümkün olduğundan, daha ayın gözlə görünməsinə lüzum yoxdur. Onlara görə, ay gözlə görünməsə belə, müasir elmin nailiyyətləri sayəsində səmada ayın doğuşunun təsbit edilməsi yeni ayın müəyyən edilməsi üçün kifayət edir. Belə olduqda, astronomik hesablamalarla müəyyən edilən yeni ayın ilk günü şəriətlə müəyyən edilən gündən bir gün tez olur. Çünki ay astronomik hesablamaların təyin etdiyi gündən bir gün sonra gözlə görünə bilir.

Amma əksər İslam alimləri hesab edirlər ki, Həzrət Məhəmməd peyğəmbər (s) yeni ayın müəyyən edilməsi üçün məhz ayın görünməsini şərt buyurduğundan, günümüzdə də bu sadə üsuldan istifadə edilməlidir. Yəni ayın 29-cu gecəsində səmada yeni ayın doğuşu gözlə görünərsə, yeni ayın daxil olması təsbit edilər. Əks halda ay 30 gün olar. Elə Ramazan ayı və orucluqla bağlı Peyğəmbərimizin buyruğu da bu meyara əsaslanır. Bütün dünya müsəlmanları yekdilliklə Həzrət Məhəmməd peyğəmbərin (s) “ayı görüb, orucluğa başlayın və yeni ayı görüb, orucluğu sona çatdırın” deyə buyurduğunu qəbul edirlər.

QMİ-nin mövqeyini əsaslı adlandıran Elşən Mustafayev, elmi sübutlar irəli sürür: "Dünyanın aparıcı elmi-dini mərkəzlərinin, o cümlədən Misirin “əl-Əzhər” universiteti, Səudiyyə Ərəbistanının ayın görünməsini təyin edən xüsusi komissiyası, həmçinin Mədinə İslam Universiteti, İranın Qum elmi-dini hövzəsi və ayın görünməsini təyin edən xüsusi qurum, Pakistanın İslam Universiteti və s. təmsil edən nüfuzlu alimlər yeni ayın daxil olması üçün məhz ayın görünməsini meyar kimi qəbul edirlər. QMİ-nin də mövqeyi elə həmin meyara əsaslanıb. Məzhəbindən asılı olmayaraq, istər şiə, istərsə də sünni alimlərimiz Peyğəmbərimiz (s) dövründən bəri tətbiq olunan həmin qayda əsasında ayın bölgəmizdə görünməsini labüd saymışlar. Buna görə onlara hücum edib, həqarət tonu ilə ittihamlar yağdırmağa nə ad vermək olar? Bu, insafdandırmı?

Bəziləri iddia edirlər ki, Həzrət Peyğəmbər (s) zamanında indiki elektron cihazlar mövcud olmadığından, elm inkişaf etmədiyindən, Peyğəmbərimiz (s) ayın gözlə görünməsini labüd saymışdır. Amma bunu deyənlər nəzərdən qaçırırlar ki, dinin qaynağı Allahdır və Onun nazil etdiyi Qurani-Kərimdə həmin dövrün elmi üçün bəlli olmayan neçə-neçə məsələlər öz əksini tapmışdır. Yeni-yeni elmi kəşflər nəticəsində aydın olur ki, 14 əsr əvvəl Quranda həmin məqamlar qeyd edilibmiş. Belə olduğu halda, Allah o dövrdə ayın təsbit edilməsi üçün insanlara elmi bir yol göstərə bilməzdimi? Axı bu iddialar doğru olduğu halda belə çıxır ki, Peyğəmbərimiz (s) ayların daxil olmasında, bayram günlərinin qeyd edilməsində, Qədr gecələrinin keçirilməsində ən azından bir gün yanlışlığa yol verirmiş. Necə ola bilər ki, Allah Həzrət Məhəmmədi (s) insanlara doğru yolu göstərmək üçün yollasın, amma belə adi məsələdə onun insanlara öyrətdiyi qayda elmi baxımdan yanlış, qüsurlu olsun? Heç onun özü də bilməsin ki, ay nə zaman girir, bayram nə zaman ollur? Və yüzilliklərlə müsəlmanlar həmin savadsızlıq girdabında qalıb, Ramazan ayını bir-iki gün gec qarşılayıb-yola salsınlar, nəhayət astronomiya elmi gəlib (haşa!) Allah rəsulunun (s) bu qüsurunu aradan qaldırmış olsun?!

Bu iddia Peyğəmbərin Allahdan vəhy alması inancı ilə bir araya gələ bilərmi? Hər şeyi bilən Allah Öz rəsuluna adi məsələnin – yeni ayın necə müəyyən edilməsinin elmi qaydasını nə üçün öyrətməmişdir? Nəhayət, bu iddia Həzrət Peyğəmbər (s) haqda olan aşağıdakı ayə ilə uzlaşırmı?

“O, keyfi istəyəni danışmır. Söylədikləri, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. (Nəcm surəsi, ayə 3-4).
Vəhy əsasında danışan Peyğəmbərimiz (s) isə, belə buyurub: “ayı görüb, orucluğa başlayın və yeni ayı görüb, orucluğu sona çatdırın.”

Əlbəttə, kimsə orucluğun başqa meyar əsasında bitdiyinə, bayramın fərqli yolla müəyyən edilməsinə inanırsa, bu da onun öz seçimi, öz işidir. Hər kəs Allah qarşısında öz əməlinə görə cavabdehdir. Əsassəz ittihamlar və aşağılayıcı ifadələrlə həqarət yağdıranlar da bunu unutmasınlar! Sadəcə, İslam fiqhinə aid olan bu kimi məsələlərlə bağlı dini bilikləri olmayan şəsxlərin din sahəsini öz siyasi arenası ilə səhv salması, fiqhi məsələləri siyasi alətə çevirməsi, cəmiyyətdə çaşqınlıq yaratması, ixtilafları qızışdırması, mübarək ayın mənəvi ab-havasını əsassız ittihamlarla bulaşdırması xoşagəlməz bir haldır. Axı Ramazan bayramı insanlar arasında qəzəbə yox, ilahi sevincə xidmət etməlidir!"

Ümid edək ki, bu kimi söz-söhbətlər cəmiyyətimizdə bayram ovqatını korlamayacaq və xalqımız belə təxribatyönlü bəyanatlara əhəmiyyət vermədən, ilahi sevinc əhval-ruhiyyəsilə mübarək Ramazan-Fitr bayramını qeyd edəcək.
Sonda bir daha qeyd edək ki, dünən, 27 iyul (29 Ramazan) tarixində Azərbaycan ərazisində ay görünməmişdir. Buna görə də, Həzrət Məhəmməd peyğəmbər (s) öyrətdiyi kimi, bu gün ölkəmizdə bayram deyil, Ramazan ayının 30-cu günüdür. Müvafiq olaraq, sabah – 29 iyulda isə Ramazan-Fitr bayramı günüdür.

Bayramımız mübarək olsun!
(ans press)

Geri qayıt