DataLife Engine > Din > Azərbaycanda yalançı imamlar və reallıq...

Azərbaycanda yalançı imamlar və reallıq...


13-05-2015, 09:47. Yerləşdirdi: Tural Azərbaycanda yalançı imamlar və reallıq...
Kənan Rövşənoğlu: “Hədislərdə dəqiq şəkildə göstərilir ki...”
Azərbaycan mətbuatının son günlər ən çox müzakirə etdiyi mövzulardan biri də heç şübhəsiz ki, Bakı şəhəri Kürdəxanı qəsəbə sakini Kazım Əzizin özünü İmam Mehdi elan etməsidir. Tarixdə indiyədək özünü İmam Mehdi hesab edənlər çox olub. Kazım Əziz isə onların saxta olduğunu, həqiqi Mehdinin özünün olduğunu bildirib. O, hədislərdə imam Mehdiyə aid bütün əlamətlərin özündə olduğunu qeyd edir.


Qeyd edək ki, Kazım Əzizin çoxlu sayda kitabın müəllifi olduğu, bir çox qəzetin redaktoru vəzifəsində çalışdığı deyilir. Hazırda ona verilən təqaüd hesabına dolanır. İndiyə qədər verdiyi proqnozların təsdiqini tapmasını əlindəki sənədlərlə göstərməyə çalışır. Adı bir neçə qəzetdə hallanıb və verdiyi proqnozlar mediada yer alıb.

Ümumiyyətlə, Mehdilik anlayışı və yalançı peyğəmbərlik İslam tarixində geniş yayılıb. Peyğəmbərlik məsələsinin sona çatdığını biləndən sonra özünü imam elan edənlər meydana çıxdı. Bir vaxt Sudanda çox böyük mehdilik hərəkatı başlamışdı, ingilis hökuməti bunu çox çətinliklə yatırdı. İslam ölkələrində bu hərəkatlar zaman-zaman boy göstərib. XIX əsrin ortalarına kimi dini hərəkatlar aktual idi.

Bu günə qədər Azərbaycanda, eləcə də Türkiyədə özünü Mehdi elan edənlər az olmayıb. Sonunculardan biri 2 il öncə Bursada özünü 12-ci İmam Mehdi elan edərək pəncərəsinin qarşısından keçən hər kəsə tüfənglə atəş açmışdı. Açılan güllələrdən üç polis məmurunu yaralanmışdı...

“İmam Mehdi (ə) nə vaxt zühur edəcək” sualını Ayətullah İbrahim Əmini belə cavablandırıb: “İmam Mehdinin (ə) zühuru üçün müəyyən vaxt təyin edilməyib. Hətta Əhli-beyt imamları (ə) vaxt təyin edənləri yalançı adlandırıblar. Fuzeyl İmam Baqirdən (ə) ”Görəsən, Mehdinin (ə.s) zühur edəcəyi zaman müəyyəndirmi" deyə soruşduqda imam cavabında üç dəfə “Zühur zamanını təyin edən yalan danışmışdır” deyib.

Əbdürrəhman ibn Kəsr nəql edir ki, mən İmam Sadiqin (ə) hüzurunda olduğum zaman Mehzem Əsədi içəri daxil oldu və dedi ki: “Canım sizə fəda olsun! Gözlədiyiniz haqq dövlətini quracaq olan Qaimi Ali Məhəmmədin zühuru gecikdi. Bu nə vaxt reallaşacaq? İmam bu cavabı verdi: ”Onun zühur vaxtını təyin edənlər yalan danışır, tələsənlər həlak olacaq; yalnız təslim olanlar qurtuluşa çatacaq və bizə qayıdacaq".

Məhəmməd ibn Müslim isə belə nəql edir ki, İmam Sadiq (ə) mənə belə buyurdu: “Zühur vaxtını sənə təyin edəcək kimsəni yalançı olaraq adlandırmaqdan qorxma! Çünki biz (Əhli-beyt) onun zühuru üçün vaxt təyin etmirik”.

Bu mövzuda əlavə daha 10 hədis nəql edilib. Hədislərdən isə bu nəticə çıxır ki, ümumiyyətlə imamın zühuru üçün nə Rəsulullah (s), nə də hər hansı imam (ə) müəyyən bir zaman təyin etməyiblər.



Dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tarix boyu özünü İmam Mehdi elan edən şəxslər olub. Bunun da əsas səbəbi odur ki, müsəlmanların inancına görə (şiə və sünni mənbələrində müəyyən qədər fərqli olsa da) İmam Mehdi gələcəkdə zühur edəcək: “Məhz İmam Mehdinin (ə) qeybdə olması ideyası tarix boyu bu ada, yəni Mehdi (ə.f) olmağa iddia edənlərin ortaya çıxmasına səbəb olub. Müxtəlif dövrlərdə, müharibələr, işğallar zamanı Mehdi adı ilə ortaya çıxıb öndərlik edən insanlar olub. Məsələn, 19-cu əsrin 80-ci illərində Sudanda ingilis işğalına qarşı hərəkatın lideri özünü Mehdi elan etmişdi. Təbii ki, həqiqət deyildi, ancaq uzun illər bu şüarla işğala qarşı savaşmaq üçün Sudan xalqı ”Mehdinin" arxasınca getdi. İraqın ABŞ tərəfindən işğalı zamanı Yəməndən olan bir nəfər özünü Mehdi elan etmişdi".

K.Rövşənoğlu dedi ki, bütün bunlar bir növ çətin zamanlarda ortaya çıxaraq xalqa İlahi yardımın olması, gözlənilən zühurun baş verdiyini göstərməyə çalışmaq və bir çox hallarda olduğu kimi, müqəddəs dəyərlərdən sui-istifadə etmək məqsədi daşıyır.

Mehdi (ə.f) inancı İslamda dünyada ədaləti bərqərar edəcək İlahi hakimiyyətin qurulmasını ehtiva edir. Bu, bir çox təkallahlı inanclarda var: “İslama görə, hədislərdə dəqiq şəkildə Qiyamətə az qalmış Məhəmməd Peyğəmbərin ailəsindən olan bir şəxsin zühur edərək dünyada ədaləti bərqərar edəcəyi qeyd olunur. Şiə və sünni mənbələrində bu cür onlarla hədislər nəql olunur. Ancaq zaman-zaman ortaya çıxan saxta Mehdi iddialarına da cavab var. Hədislərdə deyilir ki, zühur edəcək Mehdini hər kəs tanıyacaq və qəbul edəcək”.

Geri qayıt