DataLife Engine > Din > Həccə şəxsi pulu ilə adam göndərmək savabdırmı...

Həccə şəxsi pulu ilə adam göndərmək savabdırmı...


14-03-2015, 11:19. Yerləşdirdi: Tural Həccə şəxsi pulu ilə adam göndərmək savabdırmı...
Kənan Rövşənoğlu: “Hər iki tərəf bu işi Allah xatirinə, xalis niyyətlə etməli və pul halal yolla qazanılmış olmalıdır”
Xəbər verildiyi kimi, bu il müqəddəs torpaqlara getmək istəyənlər 4700-5750 dollar civarında xərc çəkməli olacaqlar. Bu da qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Bildirildiyinə görə, manatın 33 faiz dəyərdən düşməsi Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 3 minə yaxın zəvvarı da çətin durumla üz-üzə qoyub.

Belə ki, VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar olacaq. Azərbaycanda ötən il zəvvarlar nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalmaq şərtilə 3250 manat (4 min dollardan bir qədər artıq-E.P.) nisbətən daha yaxşı şəraitli və yeməklər təklif olunan paket üçün isə 4100 manat (5200 dollar) ödəyirdilər. Müqayisə üçün xatırladaq ki, müqəddəs ünvana bizdən uzaq olan rusiyalı zəvvarlara Məkkədə Ramazanın 10 günü və + Mədinədə üç bayram günü qalmaq 3900 dollara başa gəlir. Rusiyada ekonom tipli ziyarət təklifləri var ki, bu da 3750 dollardır.

Mövzu ilə bağlı Milli Məclisin üzvü, deputat Hacı Qalib Salahzadə (Şeyxin qudası) “Yeni Müsavat”a geniş müsahibəsində maraqlı fikirlər səsləndirib. O, bildirib ki, özü dəfələrlə Həcc ziyarətində olsa da, imkansız adamların bu arzusunu yerinə yetirməsinə də şərait yaradıb: “Mən 500-dən yuxarı adamı şəxsi pulumla Həccə göndərmişəm. Həcc ziyarəti elədir ki, həmin adamı Allah çağırır. Kiməsə yaxşılıq etmək, əl tutmaq insanın öz əməlidir. Mən əlimdən gələni, bacardığımı etmişəm. İmkanım daxilində çalışıram ki, ən azı heç kəsi narazı salmayım”.



Maraqlıdır, başqa birini Həcc ziyarətinə yollamaq, bu məsələdə ona yardı etməsi nə dərəcədə savab sayılır? Allah qarşısında bu əməlin, xidmətin qiyməti nədir?

Dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Həcc ziyarəti hər bir müsəlmanın ömründə ən azı bir dəfə vacib olur. Onun fikrincə, səhhəti, maddi imkanları, şərait mümkündürsə, müsəlman bir dəfə Həccdə olmalıdır: “Lakin Həcc sadaladığımız şərtlər yerində olarsa vacibdir, yəni sağlamlığı imkan verməyən və yolpulu, ailəsi üçün lazımı xərcləri təmin edə bilməsə ona həcc vacib sayılmaz. Həcc həm də bir ibadətdir. Bu mənada adətən imkanlı müsəlmanlar həccə getmək imkanları olmayan kasıb müsəlmanların həcc ibadətini yerinə yetirməsi, ömründə bir dəfə həcc ziyarətinə gedə bilməsi üçün onlara bu imkanı yaradır. Bu iş savab bir əməl sayılır”.

Amma ekspert dedi ki, hər bir savab əməl kimi bunun da özünəməxsus şərtləri var. Onun sözlərinə görə, hər iki tərəf bu işi Allah xatirinə, xalis niyyətlə etməli və pul halal yolla qazanılmış olmalıdır: “Yəni biri savab üçün oğurladığı pulla həccə adam yollayıb savab qazana bilməz. Bu İlahi nizama ziddir”.musavat.com
Geri qayıt