DataLife Engine > Din > İslam dinində titullar

İslam dinində titullar


20-02-2015, 09:26. Yerləşdirdi: Tural İslam dinində titullar
Şeyxlər, müftilər, qazılar, axundlar, imamlar sadə müsəlmanlardan üstün zümrə sayılmır...


Son günlər Yerin fırlanması ilə bağlı ərəb din adamının - şeyxin iddiası ilə başlayan mübahisələrə şahid oluruq. Demək olar ki, əksər yazarlar bu mövzuya münasibət bildirib və qəribə də olsa, Yerin fırlanmadığını iddia edən ərəb şeyxini müdafiə edənlər də tapılıb.
Ancaq mövzumuz bu deyil.

Necə deyərlər, hər kəs nəyəsə inanmaqda sərbəstdir. Amma məsələ burasındadır ki, “şeyx” titulu ilə qeyd olunan ərəb din adamının bu iddiası yenə də İslamın ayağına yazıldı. Əcəba, İslamda din xadimi anlayışı varmı?

Ondan başlayaq ki, İslam dinində xüsusi ruhani, din xadimi zümrəsi yoxdur. Qurani-Kərim insanların dərəcəsini yalnız imanına görə bölür. “Şübhəsiz, Allahın dərgahında sizlərdən ən dəyərli olanı təqvası daha çox olan kəsdir” (“Hücurat” surəsi, 13). İslama görə, bəndə ilə Allah arasında vasitəçi yoxdur. Bəndə birbaşa dua və ibadətlərlə Allaha üz tutur, bəndəlik vəzifələrini yerinə yetirir, dua və istəklərini bildirir. Peyğəmbərlər, imamlar, övliyalar, şəhidlər kimi Allaha daha yaxın bəndələr digər insanlar üçün dua edə, onlara təvəssül edilər bilir. Lakin bütövlükdə dində vasitəçi şəxslər, xristianlıqda olduğu kimi din xadimləri anlayışı mövcud deyil. İslam hər kəsin öyrənib başa düşəcəyi və yaşayacağı bir dindir.

“Şeyx” kəlməsi ərəbcədə yaşlı, ağsaqqal, hörmətli şəxs mənasını verir. İslamın ilk illərində bəzi yaşlı səhabələr barəsində şeyx ifadəsi işlədilib. Sonrakı dövrdə şeyxlər həm də İslam dini ilə bağlı məsələlərdə fətva verən şəxslərə deyilib. Osmanlı dönəmində isə dövlətin dini işlərinə rəhbərlik edən və fətva verən əsas şəxs olaraq Şeyxülislam titulu meydana gəlib. Sultan Süleyman zamanında Şeyxülislam vəzifəsi rəsmi bir vəzifəyə çevrilib və Əbusuud Əfəndinin hazırladığı qanuna əsasən, ali dini vəzifəyə çevrilib.

1574-cü ildən etibarən isə şeyxülislamlar bütövlükdə Osmanlı dini bürokratiyasının rəsmi rəhbəri hesab olunmağa başlayıb. Bütün qazilər, müftilər və müdərrislər Şeyxülislama tabe etdirilib. Şeyxülislamlar birbaşa Sultan tərəfindən təyin olunurdu. Şeyxülislam təyinatı xüsusi bir mərasimlə həyata keçirilir və birbaşa Sultan özü seçdiyi şəxsə vəzifəni təklif edir, qəbul etdiyi təqdirdə, qəbul etdikdən sonra isə yeni Şeyxülislama Fərvəi Bəyza adlanan kürk geyindirilirmiş. Şeyxülislamın əsas vəzifəsi dini mövzularla bağlı fətva vermək olub. İslam dini ilə bağlı müxtəlif mövzularda irəli gələn suallara və məsələlərə Osmanlı dövləti sərhədləri daxilində dini hökmləri məhz şeyxülislamlar verib. Şeyxülislamlar mütləq yüksək dini təhsilə malik olmalı imiş.

1826-cı ildə Osmanlı sultanlarının əsas dayağı olan Yeniçəri ordusu ləğv edildikdən sonra yeniçərilərə məxsus binalardan biri Şeyxülislama iqamət olaraq verilir. 1920-ci ildə Osmanlı dövləti süqut etdikdən sonra Şeyxülislam postu Şəriyyə və Əvqaf Vəkaləti adı ilə nazirliyə çevrilir. 1924-cü ildə isə Şeyxülislamlıq tamamilə ləğv olunur və dünyəvi dövlət üçün yeni qurum Dəyanət İşlər Başqanlığı yaradılır.

Şeyxülislam titulunun istifadə olunduğu ölkələrdən biri də Azərbaycandır. 1823-cü ildə Azərbaycan ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra yerli müsəlman əhalinin dini işlərinə rəhbərlik etmək üçün Çar Rusiyası 1823-cü ildə Şeyxülislam vəzifəsini təsis edir. 1920-ci ildə Şeyxülislamlıq ləğv olunsa da, 1944-cü ildə Sovet hakimiyyəti Hitler ordusuna qarşı müsəlmanları səfərbər etmək üçün Şeyxülislamlığı yenidən bərpa edir. Qafqazın bu günə qədər 12 Şeyxülislamı olub.

Qeyd edək ki, müxtəlif adlarda olsa da, müsəlman ölkələrində, eləcə də müsəlman olmayan ölkələrdə müsəlman icmalarının dini rəhbərləri olub. Bu bölgü hətta məzhəblərə görə də dəyişib. Ancaq bütün bu cür titullar, vəzifələr həmin şəxslərin sadə müsəlmanlardan üstünlüyü hesab olunmayıb. Doğrudur, müəyyən mənada İslam rəvayətlərində daha çox bilən, daha çox əməl edən şəxslərin daha çox hörmətə layiq olması ilə bağlı göstərişlər olsa da, İslam dinin əsas sütunu olan Quran müsəlmanların yalnız daha çox Allahdan qorxan, təqvalı, o cümlədən insanlara qarşı xeyirxah olanlara üstünlük tanıyıb.

İslam elm və təfəkkür dinidir. İnsanların hər birinin dini öyrənərək müsəlman kimi dini vəzifələrini yerinə yetirmək kimi azadlığı var. Dini daha çox bilən və ya din elmlərində dərin təhsil alan şəxslər isə xüsusi statusu olan zümrə sayılmır. musavat.com
Geri qayıt