» » Bu gün, Zilhiccə ayının 18-də Qədir-Xum bayramı qeyd edilir

Bu gün, Zilhiccə ayının 18-də Qədir-Xum bayramı qeyd edilir

Bölmə: Din
Bu gün, Zilhiccə ayının 18-də Qədir-Xum bayramı qeyd edilir


Hicri-qəməri təqvimlə 10-cu ilin (miladi 632-ci ilin) bu günündə Həzrət Məhəmməd peyğəmbər (s) Allahın buyruğu ilə Qədir-Xum adlanan yerdə Həzrət Əlini (ə) özündən sonra müsəlmanların mövlası elan edib.

Bu hadisə Həcc ziyarəti ayinlərini yerinə yetirib başa vuran Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə qayıtdığı zaman, bu iki şəhər arasında yerləşən Qədir-Xum vadisində baş verib.

Həzrət Peyğəmbər (s) sayı 100 mini keçən səhabə ilə birlikdə vida həccini başa vurub Mədinəyə qayıdarkən Allah-Təala aşağıdakı ayəni vəhy edib:
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" (“əl-Maidə”, 67).

Ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) karvanın saxlanılması göstərişini verdi. Hamı bir yerə toplaşdı və bir-birindən nə hadisə baş verdiyini soruşur, bu qızmar günəş altında dayanmalarının səbəbini öyrənməyə tələsirdi. Həzrət Peyğəmbərlə (s) birgə camaat namazı qılındı. Sonra Allah rəsulu (s) minbərə qalxıb xütbə söylədi. Həmin xütbəsində buyurdu ki, özündən sonra iki dəyərli əmanəti – Quranı və Əhli-Beytini (ə) müsəlmanlar arasında əmanət qoyub gedir. Müsəlmanların vəzifəsi həmin iki əmanətə sədaqət göstərib, onlara sarılmaqdır. Rəvayətlərdə nəql edilən həmin xütbədə Həzrət Peyğəmbər (s) belə buyurub: “Mən sizlər üçün dəyərli iki ağır əmanət qoyub gedirəm. Fikirləşin və diqqətli olun ki, məndən sonra bu əmanətlə necə rəftar edəcəksiniz? Bunlardan birincisi Allahın kitabı olan Quran, ikincisi isə itrətim olan pak Əhli-Beytimdir. Mehriban Allah məni xəbərdar edib ki, bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşanadək bir-birindən ayrılmayacaqlar. Mən bunu Allahımdan istəmişəm. Quran və itrətimdən qabağa keçsəniz, yaxud geri qalsanız həlak olarsınız!”

Daha sonra Həzrət Peyğəmbər (s) yanında dayanan Əli ibn Əbu Talibin (ə) əlini tutub yuxarı qaldırdı və buyurdu: "Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".

Allah rəsulu (s) bu cümləni üç dəfə təkrar etdi. Sonra buyurdu: "İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri Sən də sev, ona kin bəsləyənlərlə düşmən ol! Ey camaat, məndən eşitdiyiniz bu sözləri burada olmayanlara da çatdırın!"
Xütbə bitdikdən sonra bu ayə nazil oldu: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim" (“əl-Maidə”, ayə 3).
Sonra səhabələr Həzrət Əliyə (ə) yaxınlaşıb onu möminlərin mövlası olması münasibətilə təbrik etdilər.
Həmin vaxtdan etibarən bu iki dəyərli əmanətə göstərilən ehtiram və sədaqət möminlər tərəfindən bayram olaraq qeyd edilir.

Bayramınız mübarək, əziz müsəlmanlar!.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler