» » "Oruc bıçaqsız əməliyyatdır"-

"Oruc bıçaqsız əməliyyatdır"- Axund Samid Quliyev

Bölmə: Din
 "Oruc bıçaqsız əməliyyatdır"-
Samid Quliyev “Ramazan orucunu təbabət nöqteyi nəzərində “bıçaqsız əməliyyat” adlandırmaq olar.”

Xalqinfo.az xəbər verir ki, müsahibimiz ilahiyyatçı-alim Samid Quliyevdir. O, Bakı İslam Universitetinin məzunu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMEA-nın doktorantıdır. Dövrü mətbuatda elmi-dini məqalələri ilə müntəzəm çıxış edir.

Oruc ibadətinin tarixi haqqında nə deyə bilərsiniz?

Bismilləhir-rahmənir-rahim. İslam dininin ibadət ayinlərinin əsasını təşkil edən amillərdən biri də iman əhlinin Ramazan ayında sübh azanından şam azanına kimi oruclu olmasıdır. Ramazan orucunun vacib olması Mədinə şəhərində hicrətin 2-ci ilində Şəban ayına təsadüf etsə də, bütün ilahi elçilərin şəriətində müəyyən fərqlərlə oruc ibadəti olmuşdur.
İslam peyğəmbəri (s) Ramazan orucunun vacib olmasına qədər hər ayın müəyyən günlərində oruc olurdu. Hicrətin 2-ci ilindən etibarən Ramazan ayını oruclu keçirmişdir. Vəfat ilinə kimi (hicrətin 11-ci ili) 9 dəfə vacibi orucları icra etmiş, beş dəfə 30 gün, dörd dəfə isə 29 gün oruc olmuşdur.
Mənbələrdə bütün ilahi peyğəmbərlərin azacıq fərq ilə oruc ibadətini yerinə yetirməsi göstərilmişdir. Necə ki, Yəhudilər, Xristianlar və digər dinlərin də özlərinə görə orucları vardır. Tövrat və İncildə oruc tutmaq təqdirlə qarşılanır və Həzrəti Musa (ə) və Həzrəti İsanın (ə) oruc tutduğu xatırlanır.
Ramazan və ya oruc sözlərinin dilimizdə olan mənası nədir?
Ramazan sözü ərəb dilindən Azərbaycan dilinə bir neçə mənaya gəlir ki, bunlar aşağıdakılardır:
1. Yaz mövsümünün sonunda, payızın əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasını verən “ramad” sözündən düzəlmişdir.
2. Şiddətli hərarətə, habelə günəşin hərarətinin çox olduğuna görə daşın qızıb hərarətli olmasına deyilir.
3. “Səhradan şəhərə qayıtmaq” mənasında işlənən “hərr” kökündən alınmışdır.
4. Qılıncın tiyəsini və ya ox ucluğunu itiləmək üçün iki daşın arasına qoyub döymək mənasını verir.
5. Bir vasitə ilə odda qızdırılaraq, yandırıcı olan vasitə.

Oruc (saum) sözü isə “özünü saxlama, nəfsi meyl etdiyi şeylərdən saxlama, çəkinmə” kimi tərcümə olunur. Termin olaraq oruc digər aylarda tutulan qəza yaxud bəyənilən və ya Ramazan orucu kimi işlədilir. Ümumi anlamda isə sübh azanından qabaq, şam azanına kimi halal nemətlərdən Allaha xatir çəkinməkdir.
Xalq arasında daha çox əhya kimi tanınan Qədr gecəsinin hansı gecə olması, Quran və hədislərdə nə kimi məlumatlar yer almışdır?
Qədr gecəsi özündə səmavi kitabların sonuncusu olan Qurani-Kərimin nazil olmasını tərənnüm edir. Ramazan ayının daxilində olan bu gecə haqqında surə nazil edilmiş və “Qədr” adı ilə məşhur olmuşdur. Surənin tam olaraq azərbaycan dilinə olan tərcüməsi “Rəhman və Rəhim olan Allanın adıyla.(1) Həqiqətən, Biz onu Qədr gecəsində nazil etdik. (2) Sən nə bilirsən ki, Qədr gecəsi nədir? (3) Qədr gecəsi min aydan daha xeyirlidir.(4) O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enər. (5) O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və rəhmətdə olar.” kimidir.
Qədr gecəsinin hansı gecə olması haqqında müəyyən fikirlər səslənmiş, amma daha çox Ramazan ayının 19,21,23 və 27-ci gecələrinin Qədr gecəsi olması ehtimal edilmişdir. Bəzi islam alimləri isə Ramazan ayının son on günlüyünün tək gecələrindən birinin Qədr gecəsi olması qənaətindədirlər.
Peyğəmbər (s) belə buyurur: “Mən Qədr gecəsinin hansı gecə olması haqqında sizə xəbər vermək üçün məscidə gəlmişdim. Sizlərdən bir neçəsinin bu gecə haqqında mübahisə etdiynizi gördüm və Allah bu məsələni məndən qaldırdı”. Hədisin son hissəsindən də aydın olur ki, "qaldırıldı" ifadəsindən məqsəd "gecə qaldırıldı" demək deyil, gecənin hansı günlərdə olduğuna dair məlumat qaldırıldı deməkdir.
Qədr gecəsinin əlamətləri haqqında isə islam alimləri bəzi aşağıdakıları göstərmişlər:
1- O gecə daha çox rəhmət mənasında yağış yağar,
2- O gecənin səhəri havada bulud, duman və bənzəri şey olmaz; günəş dəqiq və tərtəmiz işıldayar.
3- O gecəni ibadətlə keçirənlərin ürəyində fərahlıq və rahatlıq his¬s edilir.
Qədr gecəsinin müsəlman ümmətinə bildirilməməsinin səbəbi bu gecənin fəzilətinin əldə edilməsindən ötrü faydalı olaraq keçirməsindədir. Yuxarıda sadalanan deyimdən də bir daha bəlli oldu ki, Ramazan ayında və bütün ayların gecələrini Qədr bilib ibadət və itaətlə keçirməliyik. İslam ayinlərində gecə ibadətinin daha fəzilətli olması isə Məsumların (ə) hədislərində də öz əksini tapmışdır.
Ramazan ayının əhəmiyyəti və faydaları barədə nə deyə bilərsiniz?
Ramazan orucunun əhəmiyyəti həmçinin onun insanlara verdiyi cismi və mənəvi halı ağla gəlməyən bir formada mövcuddur. Bu üstünlüklərin mənəviyyatmıza etdiyi ən böyük təsiri “günahsızlıq” anlayışıdır. Ramazan ayı insanları günahdan çəkindirərək, onları peyğəmbərlərin tövsiyyə etdiyi yola doğru aparır.
Qurani-Kərimin ana xətti də bu prinsip üzərində qurulmuş və bütün bəşəriyyəti Allahın qadağan etdiklərindən çəkindirməkdir. İnsanlar bu ay vasitəsiylə ən böyük qazancını əldə edərək peyğəmbərlərin qoyduğu yola doğru hərəkətə çıxırlar. İxlas və iman anlayışı da bu ayın prinsiplərini özündə əks etdirir.
Necə ki, bu ayın fəzilət və əhəmiyyəti haqqında əziz islam peyğəmbəri (s) buyurur: “İnsan, Ramazan ayının fəzilətini bilsəydi, ilin hamısının Ramazan olmasını istəyərdi.”
Adəm övladı çox vaxt öz sağlamlığının qayğısına qalmaqda “tənbəllik” edir. Bu ayın digər üstünlüklərindən biri də budur ki, bədən üzvlərini tibbi cəhətdən “bıcaqsız əməliyyat” edərək, bir il ərzində yığılan xəstəliklərə səbəb olan amillərdən uzaqlaşdırır.
“Oruclunun əldə etdiyi sağlamlıq və orucun orqanizmə təsiri” mövzusu uzun illərdir, bir sıra elmi müzakirələrə səbəb olmuş, bəziləri bunun xeyirli olmasını bəziləri isə zərərli olmasını qeyd etmişlər. Ümumi nəticə də isə aparılan tibbi təcrübələrdən aydın olmuşdur ki, oruc insan sağlamlığına zərərli deyildir. Əksinə olaraq oruc insan orqanizmində həzm sisteminə, qan dövranına, qanyaradıcı orqanlara, dalaq, ifrazat sisteminə, böyrəklərə və başqa orqanlara hədsiz dərəcədə xeyirlidir.
Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır: “Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır”. Bir sözlə Ramazan orucunu təbabət nöqteyi nəzərində “bıçaqsız əməliyyat” adlandırmaq olar.
Ramazan ayı üzərmizə bərəkətli olsun. İnşallah!

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler