» » QMİ kimlərin hədisinə üstünlük verir?

QMİ kimlərin hədisinə üstünlük verir?

Bölmə: Din
QMİ kimlərin hədisinə üstünlük verir?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nizamnaməsində qeyd edilib ki, qurum öz fəaliyyətində Quran və hədislərə söykənir.

Nizamnamənin 1-ci maddəsinin 5-ci bəndində yazılıb:

“İdarə Qurani-Kərimin tələb və müddəalarını, peyğəmbərin hədislərini əsas tutaraq bütün şəri və öz səlahiyyətləri daxilində dini icmaların təşkilati məsələlərinin həllini təmin etmək, onların fəaliyyətinə nəzarət etmək və fəaliyyətlərini əlaqələndirmək, məzhəb ayrı-seçkiliyinə yol verməmək məqsədi daşıyır”.
İslam şəriətinə görə hədis Məhəmməd peyğəmbərin (s.a.s) dedikləri, etdikləri, görüb qadağan etmədikləri, əxlaqi və zahiri sifətləridir.

Həmçinin Məhəmməd peyğəmbərin dəyişik hadisələr və çətinliklər qarşısında inananları aydınlatmaq, Quranın bəzi ayələrini daha açıq bir dillə ifadə etmək üçün söylədiyi deyilən sözlər məcmuəsidir.

Məsələ burasındadır ki, hədislərin hamısı, təsnifatı birmənalı olaraq qəbul olunmur. Belə ki, bir İslamın təriqət daşıyıcılarının hansınınsa sağlam qəbul etdiyi hədis, digər müsəlmanlar tərəfindən qəbul olunmur. Ya da əksinə. Bəs QMİ öz hansı hədisçilərin yazdıqlarını rəhbər tutur?

QMİ-nin səlahiyyətli nümayəndəsi , tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında deyib ki, hədislərlə bağlı xüsusi ilahiyyat elmi məşğul olur:
“Qafqaz Müsəlmanları İdarəsində də bu işə ekspertlər cəlb olunub. İdarədə fəaliyyət göstərən Fətva şöbəsində hədislər araşdırılır. Hər iki məzhəbin qəbul etdiyi səhih və mötəbər hədislərə əsasən fəaliyyət istiqamətləri müəyyən edilir. Ona görə də konkret qayda, meyar demək çox çətindir. Çünki bu özü geniş bir elmdir. Hədislər Peyğəmbərdən birbaşa çatdırılmır, rəvayət edilir. Həmin rəvayət edənlərin şəxsiyyəti araşdırılır. Onların dediklərinin nə dərəcədə doğru olub-olmadığı müəyyən edilir. Buna əsasən hədisin səhihliyi, mötəbərliyi müəyyən edilir”.

Din sahəsində kifayət qədər geniş bilgiləri olmayan bir insan hədisin səhih yaxud qeyri-səhih olduğunu necə müəyyən edə bilər?

Hacı Şahin deyib ki, bu sahədə elmi olmayan insanın bunu müəyyən etməsi olduqca çətindir:
“Son dövrlərdə bu sahədə din adına yazılmış kitabların da sayı çoxalıb. Yəni heç bir dəlil-sübutu olmayan, mötəbər sayılmayan hədislər peyğəmbərin dilindən nəql edilir. Bunu sübut etmək üçün yalnız alim və mütəxəssislər rəy bildirə bilərlər. Əslində belə məsələlərdə həmin kitabın müəllifi məsuliyyət daşıyır. Bundan çıxış yolu adi insanlar üçün elminə bələd olduğu, etimad etdiyi alimlərin kitablarına müraciət etmələridir. Çünki bu elm sahəsindən xəbəri olmayan insanların hədisləri ayırd etməsi mümkün deyil. Əgər o hədis ağılla tam ziddiyyət təşkil edirsə, qəbul edilmir. Ümumiyyətlə, istənilən dini müddəa, hədis ağılla ziddiyyət təşkil etməməlidir”.

Konkret alimlərin hədislərinə gəlincə, Hacı Şahin Həsənli deyib ki, burada insanlar könüllü seçim etməlidirlər:
“Müəlliflərin nəql etdiyi bütün hədislər səhih sayıla bilməz. Ona görə də konkret ad çəkə bilmirəm. Bəzi hədis alimləri mühəddis adlanır. Onlar kitablar hazırlayarkən səhih və qeyri-səhih hədisləri toplayıblar. Onları araşdırmaq sonra gələn alimlərin öhdəsinə buraxılıb. Yəni həmin insanın vəzifəsi sadəcə hədis toplamaq olub. Ona görə də hansısa kitabın tamamilə səhih olduğunu iddia etmək tamamilə yanlışdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler