» » Sabah orucluq başlayır

Sabah orucluq başlayır

Bölmə: Din, MANŞET
Sabah orucluq başlayır
Müqəddəs ayda oruc tutmaq qaydaları və özəl günlər haqda qısa bilgi...
Bu il müqəddəs Ramazan ayı iyunun 18-də başlayır. İyunun əvvəlində Qafqaz Müsəlmanları İdarəsi (QMI) Qazılar Şurası toplantı keçirib və Ramazan ayının başlaması ilə bağlı fətva verib. Fətvada bildirilir ki, Miladi təqvimlə iyun ayının 17-si, yəni bu gün orucluğun niyyət gecəsidir.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-na, 7-dən 8-nə, 9-dan 10-na, 13-dən 14-nə keçən gecə) təsadüf edəcək. Ramazan ayı iyulun 17-də sona çatır, bayram günü, yəni Şəvval ayının 1-i (18 iyul) Fitr bayramıdır.

Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”



Bu ayədən aydın olur ki, oruc bütün təkallahlı dinlərdə ibadət olaraq yerinə yetirilib. O cümlədən İslam dinində oruc tutmaq vacib ibadətlər kateqoriyasına aiddir. Yalnız xüsusi hallarda, səhhət və eləcə də təbii olaraq oruc tutması mümkün olmayanlar istisna olmaqla bütün müsəlmanlara Ramazan ayında oruc tutmaq vacibdir. Bu ayda üzürlü olaraq oruc tuta bilməyənlər sonrakı il ərzində oruc tutmalıdırlar.

Ramazan ibadət ayıdır. Oruc tutmaqla bağlı Quranda bir sıra ayələr mövcuddur. Bu ayələrdə orucun qaydaları, zamanı və faydaları qeyd olunur. “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidir. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sızin üçün nə qədər xeyirlıdir!” (Bəqərə surəsi, ayə 184).



Ramazan ayı bayramı hicrətin 2-ci ilindən qeyd olunmağa başlayır. İmam Əli (ə) buyurur ki, “Oruc qul ilə Yaradanı arasında bir ibadətdir, Allahdan başqa kimsə onu bilə bilməz”.

Oruc tutmaq insanı Allaha daha da yaxınlaşdırır. Bir ay boyunca imanlı müsəlman Allah üçün dan yeri ağarandan axşam vaxtına qədər ac, susuz qalır, eləcə də adi günlərdə edə bildiyi bir sıra gündəlik işlərdən imtina edir. Eyni zamanda oruc tutan insan ac və susuz qalmanı praktiki olaraq yaşayır və ehtiyaclı insanlara qarşı təbii bir mərhəmət hissi yaşayır, ona səbri aşılayır. İslam Peyğəmbəri (s.ə.s) buyurur: “Bu aydakı aclıq və susuzluqla qiyamət gününün aclıq və susuzluğunu yad edin”. Oruc tutmaq insanı sağlamlaşdırır. Həzrət Məhəmməd (s.ə.s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”.

Oruc insanın Allah-Təalanın əmrini yerinə yetirməsi üçün sübh azanından şam azanına qədər orucu pozan 9 əməldən (yemək-içmək, cinsi yaxınlıq, yalan danışmaq, qatı tozu udmaq, sübh azanına qədər bilərəkdən cənabətli qalmaq, maye ilə imalə etmək, qusmaq (qəsdən özünü qusmağa məcbur etmək) uzaq durmalıdır. Oruc yalnız ac və ya susuz qalmaq deyil, həm də insanın gündəlik etdiyi bir sıra əməllərdən çəkinməsi, daha diqqətli olması və gününü ibadətə həsr etməsi kimi şərh olunur. Oruc tutan müsəlman axşam gün batan zaman verilən şam azanı ilə orucunu açır. İftar zamanı dua oxunur: “Əllahummə ləkə sumtu va əla rizqikə əftərtu va ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfir li”. Tərcüməsi belədir: “Ey mehriban Allah! Sənin əmrinlə oruc tutub və Sənin verdiyin halal ruzi ilə iftar edirəm, Sənə təvəkkül edirəm. Ey böyük rəhmət sahibi, mənim günahlarımı bağışlayıb mənə rəhm et!”
İftarı su və ya xurma ilə açmaq tövsiyə olunur. Xüsusən də hazırda Ramazan ayı yay dövrünə düşdüyü üçün oruc müddəti təxminən 17 saat davam edəcək. Bu isə oruc tutanların isti havada su çətinliyi yaşamasına səbəb olacaq. Buna görə də iftar zamanı su və qidaların qəbulunda ehtiyatlı olmaq, həkim və mütəxəssis rəylərinə əməl etmək lazımdır. O cümlədən iftarda birdən-birə çox yeməmək, müəyyən fasilələrlə yüngül qidalarla qidalanmaq gərəkdir.

Ramazan ayının mühüm təqvimlərindən biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-Kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Mötəbər rəvayətlərə görə, Qədr gecələri (əhya axşamları) mübarək Ramazan ayının 19, 21, 23 və 27-ci gecələridir. Ancaq ümumiyyətlə, bir çox müsəlmanlar Ramazan ayının son 10 gününü oyaq qalaraq ibadətdə keçirirlər.



Həzrət Məhəmməd Ramazan ayının başlanması ilə bağlı söylədiyi məşhur çıxışda buyurur: “Ey insanlar! Həqiqətən bu ayda Cənnət qapıları açıqdır. Allahdan qapılarını sizin üçün bağlamamasını diləyin. Bu ayda Cəhənnəm qapıları bağlıdır. Allahdan Cəhənnəm qapılarının sizin üzünüzə açılmamasını diləyin. Bu ayda şeytanlar zəncirlənmiş olarlar. Dua edin ki, Allah onların şərindən sizi uzaq etsin”.

Ramazan hədislərdə də buyurulduğu kimi, insanların mənəvi təmizlənmə ayı, “Şeytanın zəncirləndiyi” təqvimdir. Bu ayın özünəməxsus aurası var və cəmiyyətin mənəvi zənginliyini daha da artırır. Ümid və dua edək ki, builki Ramazan ötən illərə nisbətən daha yüksək mənəvi ab-havada keçsin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler