DataLife Engine > BLOK XƏBƏR > Dağlıq Qarabağ xüsusi təyinatlılarının əlinə Almaniyanın HK G28 snayper tüfəngləri necə keçib?!

Dağlıq Qarabağ xüsusi təyinatlılarının əlinə Almaniyanın HK G28 snayper tüfəngləri necə keçib?!


25-06-2019, 11:43. Yerləşdirdi: Tural Dağlıq Qarabağ xüsusi təyinatlılarının əlinə Almaniyanın HK G28 snayper tüfəngləri necə keçib?!



Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin xüsusi təyinatlıları Almaniyanın “Heckler und Koch” silah konserninin istehsal etdiyi HK G28 snayper tüfəngləri ilə silahlanıb. Virtualaz.org xəbər verir ki, bu fakt barədə vladtime.ru portalı bildirir.

“Erməni analitikləri hesab edirlər ki, Azərbaycan Qarabağı güc yolu ilə geri almağa hazırlaşır. Erməni tərəfinin hesab etdiyinə görə Azərbaycan prezidenti İlham Əliyev dostu Aleksandr Lukaşenkonun dəvəti ilə Minskə II Avropa Oyunlarının açılışına ona görə getməyib ki, Qarabağa hücuma hazırlaşsın. Bununla bağlı Qarabağ erməniləri daha yaxşı silahlanmağı qərara alıblar”,-Rusiya portalı qeyd edir.

Mənbə bildirir ki, qondarma Dağlıq Qarabağ “respublikasının” xüsusi təyinatlıları HK G28 alman snayper tüfənglərinə üstünlük veriblər. “Heckler und Koch” konserni tərəfindən istehsal olunan bu tüfənglər əslində tam olaraq snayper tüfəngləri deyil. Piyadaları hücumda dəstəkləmək üçün nəzərdə tutulan yarımavtomatik tüfəngdir. 10-20 patron tutan daraqlarla təchiz edilib.



Konseptual olaraq HK G28 əfsanəvi Draqunovn snayper tüfənginin (SVD) tam analoqudur, amma 7.62x51 mm kalibrli patronlardan istifadə edir. SVD isə 7.62x54 mm-lik patronlar üçün nəzərdə tutulub. Bəs nəyə görə Dağlıq Qarabağdakı erməni xüsusi təyinatlıları uzun illərdir sınaqdan keçmiş Draqunov tüfəngləri əvəzinə HK G28 alman tüfənglərinə üstünlük verib?

Sayt yazır ki, təyinatına görə bu tüfənglər piyadaları hücumda dəstəkləmək üçündür, Dağlıq Qarabağdakı erməni qüvvələrinin tərkibində isə dağlıq landşaftda çevik hərəkət edə bilən mobil piyada qrupları var. Yəni erməni qüvvələri Azərbaycanın hücumu zamanı “elastik müdafiə” taktikasından istifadə etməyi nəzərdə tuturlar. Bu taktikanın mahiyyəti ondan ibarətdir ki, yüngül silahlarla təchiz edilmiş mobil yarımpartizan qrupları düşmənin canlı qüvvəsini və texnikasını irəli buraxıb məhv edir. Belə vəziyyətdə isə irikalibrli snayper tüfəngləri əlverişsizdir.



Alman tüfəngi isə daha az gücdə patronla daha dəqiq atəş aça bilir. Bu silahın hədəfi maksimal vurma məsafəsi 800 metrə yaxındır, 600 metrlikdəki hədəfə effektiv atəş açır. HK G28 Əfqanıstana yeridilmiş Almaniya hərbi kontingentinin ehtiyacları üçün sifariş verilib.

Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin əlinə HK G28 snayperlərinin necə keçdiyi haqda məlumat yoxdur. Hər halda rəsmi Bakı ləngimədən bu faktı araşdırmalıdır və həm rəsmi Berlinə, həm istehsalçı konsernə sorğular verməlidir. Çünki Almaniya bir çox digər qərb ölkələri kimi Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satmamaq öhdəliyi götürüb.

Virtualaz.org
Geri qayıt