DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib


20-06-2019, 20:11. Yerləşdirdi: Tural Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib


Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Xalqinfo.az-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.apa

Təhlükəsizlik Şurası nə vaxt yaradılıb və yeni Katibi kimdir?

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası 1997-ci ilin aprelin 10-da prezidentin fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident Administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edir. R.Usubovun təyinatınadək Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirib.

Təhlükəsizlik Şurasının yeni katibi Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edib. 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.

1989-1991-ci illərdə DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

Prezidentin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib və 2019-cu ilin 20 iyununadək bu vəzifədə çalışıb. 3 may 1994-cü il tarixli fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. “Azərbaycan Bayrağı”, “Vətənə xidmətə görə” 2018-ci il sərəncamı ilə “Şöhrət” ordenləri ilə təltif olunub.

Ailəlidir. Üç övladı var.
Geri qayıt