DataLife Engine > BLOK XƏBƏR > Xocalı soyqırımının 27-ci ili -

Xocalı soyqırımının 27-ci ili -


25-02-2019, 16:14. Yerləşdirdi: Tural Xocalı soyqırımının 27-ci ili -



Bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad edilir...

Bu gün - fevralın 26-da 20-ci əsrin ən dəhşətli qətliamının - Xocalı soyqırımının 27-ci ili tamam olur. Hər il olduğu kimi, bu dəfə də müxtəlif dövlət və özəl qurumlar tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın xatirəsi yad olunur. Eyni zamanda Xocalı soyqırımının dünyada tanınması istiqamətində də işlər aparılır. Bu istiqamətdə müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları yürüşlər keçirib, Xocalı həqiqətlərini dünyaya car çəkiblər.

Fevralın 24-də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Londonda da yürüş keçirilib. Bir neçə saat davam edən yürüşdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.
Mitinq iştirakçıları Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, faciənin günahkarlarının cəzalandırılması, habelə bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər.

Trafalqar Meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.

Yoldan keçərkən aksiyanı görən və soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçiləri həmvətənlərimizə dəstək olduqlarını bildiriblər. Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb. Oxşar aksiya və tədbirlər Türkiyədə, Almaniyada, Misirdə, Səudiyyə Ərəbistanında, Dubayda və digər ölkələrdə də keçirilib. Ümumilikdə bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad edilir.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Perm şəhərləri də daxil olmaqla, 25-dən çox regionunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçirilib. Bundan başqa Tacikistan, Qazaxıstan, Özbəkistanda da faciə ilə bağlı xatirə gecələri, film nümayişi olub. Qeyd edilənlərlə yanaşı, İsrailin paytaxtı Təl-Əvivdə və

Akko şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir.

Azərbaycanda isə fevral ayının ilk günlərindən etibarən Xətai rayonu ərazisində yerləşən Xocalı parkında və ətraf küçələrdə müəyyən abadlıq işlərinə başlanılıb. Faciənin dəhşətlərini özündə əks etdirən fotolar, stendlər, gül kolları əraziyə gətirilib. Xocalı parkına da xeyli sayda gül və çiçək dəstələri əkilib. Parkın qazon örtüyü dəyişdirilib, yenilənib. Ağacların dibi şumlanıb, eləcə də park ətrafında, yol kənarlarında təmir işləri də aparılıb.

Məlumat üçün qeyd edək ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub.

Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

"Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib.

Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Tədbirlər planına hökumət nümayəndələrinin iştirakı ilə izdihamlı yürüş də daxildir. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Yeni Müsavat”a məlumat verilib ki, soyqırımın il dönümü günü Bakıdakı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək.

İdarə tərəfindən “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” əmrə əsasən, Tədbirlər Planı təsdiq edilib.

Həmçinin “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulub.
Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş ediləcək. Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq
Geri qayıt