DataLife Engine > BLOK XƏBƏR > Amerika vətəndaş müharibəsinə sürüklənir -

Amerika vətəndaş müharibəsinə sürüklənir -


6-01-2019, 10:47. Yerləşdirdi: Tural Amerika vətəndaş müharibəsinə sürüklənir -




Rusiya-Yaxın Şərqin yeni hakimi; Türkiyə, İran və İsrail arasındakı münasibətləri ruslar tənzimləyəcək
Amerikada maraqlı və ziddiyyətli siyasi proseslər gedir. Bu, dünyanın super ölkəsinin daxili və xarici siyasətində gözlənilməz gedişlərlə müşahidə olunur. Vaşinqtondakı Kapitoli binasında yerləşən ABŞ Konqresi ilə prezident Donald Tramp arasında münasibətlər ağlasığmaz dərəcədə gərgindir və açıq-aşkar düşmənçilik xarakteri daşıyır.

Xatırladaq ki, ABŞ Konqresi ikipalatalıdır. 100 nəfər senatordan və 435 nəfərlik Nümayəndələr Palatasından ibarətdir. Konqres Amerikanın siyasi landşaftına düzən verən bir qurumdur. Konqresdə Demokratların lideri olan Nensi Pelosi həm də Nümayəndələr Palatasının sədridir. Yeni ilin ilk günlərində Amerikanın son dərəcə nüfuzlu siyasi xadimlərindən olan Nensi Pelosi deyir ki, prezident Donald Tramp seçki fırıldağı, korrupsiya, vergidən yayınma... kimi cinayətləri törətməklə bağlı mühakimə oluna bilər. Belə yüksək tribunadan belə bir bəyanatın səslənməsi o deməkdir ki, Donald Trampın nəyinki mühakimə olunması, hətta onun dəmir barmaqlıqlar arxasına atılması da realdır.

ABŞ-ın Gordon Duff kimi qələm sahibləri yazır ki, əslində bu proses Donald Trampla bağlı deyil. Söhbət bütövlükdə Amerikada mövcud olan siyasi sistemin dağılmasından gedir. Amerikada hakimiyyət bütövlükdə korrupsiyaya uğramış siyasi gücün nəzarəti altındadır. Sadəcə bir neçə onillik əvvəl başlamış bu proses Donald Tramp dönəmində tam çılpaqlığı ilə ortaya çıxdı. Bu, Amerika demokratiyasının iflası deməkdir. Müəllifə görə, İsrailin və Uoll-Strit-ın (Woll Street- Nyu-Yorkda aparıcı maliyyə mərkəzlərinin yerləşdiyi küçə. Nyu-York Fond Birjası və NASDAQ da bu küçədə yerləşir) maraqlarını nəzərə almadan ABŞ-da siyasi karyera baxımından uğur qazanmaq mümkün deyil. Antoqonist maraqlar Amerikada vətəndaş qarşıdurmasını güclənir, dövlətin xarici borcu artır, ən önəmlisi isə dolların beynəlxalq nüfuzu əldən çıxa bilər.
Müəllif yazır ki, ABŞ-da dustaqların sayı ilə bağlı statistika açıqlanmır. Ancaq bəllidir ki, dustaqların sayı 10 milyon nəfərdən çoxdur. Niyə belədir? Amerikalılar cinayət törətməyə meylli xalq deyil. İş ondadır ki, ABŞ-da həbsxanalar dövlətə yox, konkret şəxslərə məxsusdur. Bu, bir biznesdir. Qanunvericiliyə öz maraqlarından müdaxilə edən varlı elita qanunları o qədər sərtləşdirir ki, mümkün qədər çox amerikalı həbsdə olsun və müəyyən şəxslər bundan var-dövlət qazansın...

Gordon Duff yazır ki, iş o həddədir ki, varlılarla kasıblar arasında vətəndaş müharibəsinin, Qərb oliqarxiyasını təmsil edən elita ilə xalq arasında silahlı qarşıdurmanın olması qaçılmaz görünür.

Bəlkə də müəllif real vəziyyətin təsvirində tünd rənglərdən daha çox istifadə edib. Ancaq görünən odur ki, ABŞ-ın daxilində gedən siyasi proseslər ürəkaçan deyil.

Amerikanın xarici siyasətində də ciddi transformasiya prosesi gedir. Daha qabarıq gözə dəyən isə Amerika-Çin ticarət müharibəsidir. Bu müharibə demək olar ki, bütün müstəvilərdə gedir. Məsələn, Çin Milli Kosmik İdarəsi Aya növbəti kosmik aparat göndərib. Görün, bu aparat haqqında Britaniyalı ekspertlər nə deyir: “Çinin kosmosda apardığı son əməliyyatlar super gücün Britaniya və dünya üçün artan bir təhlükə olduğundan xəbər verir”.

Britaniya hökumət mənbələri və mütəxəssisləri, Çinin ilk insanlı ay bazasını və kosmosda dominant hərbi üstünlüyünü qurmaq üçün güclü bir mövqe əldə edib...

Düşünün ki, bu, Amerika üçün nə deməkdir. Özü də Amerika Çinə təkcə kosmosda uduzmur. Kanadada həbs olunmuş Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou ona görə ABŞ-ın sifarişi ilə həbs olunub ki, Amerika mobil telefon istehsalında və satışında Çindən geri qalır. Ümumiyyətlə, Çin texnologiya sahəsində Amerikanı üstələməyə başlayıb. Ona görə də ABŞ-da həyəcan təbli çalanların sayı artır...

Amerikanın xarici siyasətindəki U dönüşü Suriya ilə bağlıdır. Ərəb mediası buna “Trampın Suriya bombası” adı verib. Bəziləri iddia edir ki, Tramp bu gözlənilməz gedişlə bəlli bir düzəndə olan kartları bir-birinə qarışdırdı. Amerika Yaxın Şərqdə olan dostlarını və düşmənlərini bir gedişlə “mat” vəziyyətində qoydu.

SYR3543452

Cənab Trampın Amerika qoşunlarını Suriyadan çıxaracağı mesajı fərqli prizmalardan yozulmaqdadır. Siyasi təhlilçilər Amerikadan sonrakı Yaxın Şərqin hansı görkəm alacağını aydınlaşdırmağa çalışırlar. Amerikanın bölgədən hansı məqsədlə geri çəkilməsi də ən çox müzakirə olunan məsələlərdən biridir.

Bəziləri iddia edir ki, ABŞ Ankara ilə cəbhə xəttində üz-üzə gəlməmək üçün belə bir gediş edib. Bəllidir ki, ABŞ və müttəfiqləri Suriyada Demokratik Qüvvələri müdafiə edir. Bu qüvvələr kürdlərdən təşkil olunub. Türkiyə həmin qüvvələri PKK-nın uzantısı sayır.
Amerikanın Yaxın Şərqdən gedişindən ən çox itirən kürdlərdir. Bu məsələdə analitiklər həmfikirdir. O da vurğulanır ki, Türkiyə kürdlərin üzərinə yeridikcə onlar Bəşər Əsədə sığınmaq zorunda qalırlar və müstəqillik fikrindən uzaqlaşmalı olurlar. Bu, Moskvanı da razı salır. Çünki Putin Bəşər Əsədi müdafiə edir.

Başqa bir ərəb yazar isə iddia edir ki, cənab Trampın bu qərarı Amerikanın daxili siyasi vəziyyəti ilə əlaqəlidir. Türkiyənin təzyiqi ilə Amerika belə bir addım heç vaxt atmazdı. Ən önəmlisi odur ki, ABŞ Yaxın Şərqdən çəkildikdən sonra ortada Türkiyə, İran və Rusiya qalır. Və bu ölkələr arasında Yaxın Şərqdə söz sahibinə çevrilmək uğrunda rəqabət güclənir. Hazırda müttəfiq kimi görünən bu ölkələrin tezliklə ciddi rəqibə çevrilməsi qaçılmazdır.

Şübhəsiz ki, ABŞ-ın regiondan çəkilməsi İŞİD-ın yenidən meydana çıxmasına və real hakimiyyət əldə etməsinə ciddi təkan verəcək. Bu isə Suriya və İran iqtidarları üçün yaxşı bir şey vəd etmir. Çünki İŞİD vəhhabi təfəkkürlü radikal sünni hərəkatıdır, təbii ki, şiələrlə düşmənçilik aparmağa üstünlük verir.

Siyasi təhlilçilərdən biri isə daha da irəli gedərək yazır ki, Tramp Yaxin Şərqdən çəkilməklə bu regionu Rusiyaya hədiyyə verdi.
Qətərdən yayımlanan “Al Jazeera” isə hesab edir ki, prezident Tramp bu addımı ilə dünyanın dörd tərəfində Amerika ilə münasibətdə olan ölkələrə onu anlatdı ki, ABŞ son dərəcə etibarsız mütəfiqdir və belə bir ölkəyə bel bağlamaq olmaz. Yaxın Şərqdə isə bundan sonra heç kəs, xüsusi ilə yenidən satılmış kürdlər ABŞ-a güvənməz.
Yaxın Şərqdə mövqeləri güclənən Rusiya isə elə bir siyasət yeridəcək ki, Türkiyə, İran və İsrail arasında ədalətli hakim rolunda çıxış edə bilsin.

Bütün bunların əksini düşünənlər də var. Məsələn, ekspertlərdən biri yazır ki, Suriyada cəmi 2 min Amerika hərbi kontingenti var. Onlar birbaşa hərbi əməliyyatlara müdaxilə etmirdi. Heç kəs unutmasın ki, Suriyanın qulağının dibində-İraqda 5 min nəfərlik Amerika ordusu var. Suriyadakı bombardmanları isə Amerika Qətərdə olan hərbi bazası üzərindən həyata keçirir...
Geri qayıt