DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Helikopteri düz edib vurmuşuq-Bahar Muradova

Helikopteri düz edib vurmuşuq-Bahar Muradova


13-11-2014, 23:36. Yerləşdirdi: Tural Helikopteri düz edib vurmuşuq-Bahar Muradova“Azərbaycan öz üzərinə düşən vəzifəni yerinə yetirib, ərazilərimizi işğal altında saxlayan Ermənistan ordusunun təxribatına layiqli cavab verib”.

Xalqinfo.az APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında hərbi helikopterdə ölən erməni pilotlarla bağlı başsağlığın yer almasından təəssüfləndiyini bildirib: “Həmin erməni pilotlar öz ərazilərinə təcavüzə, provokasiyaya cavab verən zaman həlak olsaydılar, o halda başsağlığı özlüyündə humanist bir addım kimi dəyərləndirilə bilərdi”.

Millət vəkili qeyd edib ki, erməni pilotlar Azərbaycanın işğal olunmuş ərazilərində, ölkələrinə aid olmayan ərazidə mövqelərimizi hədəfə alarkən həlak olublar: “Bəlkə də təəssüf hissi keçirmək ATƏT-in Minsk qrupu həmsədrlərinin öz işləridir. Amma həmsədrlərin işi bəyanatlarında təəssüf hissini ifadə etmək deyil. Həmsədrlərin işi bütövlükdə prosesə, baş vermiş hadisəyə və onu doğuran səbəblərə münasibət bildirməkdir. Həm də həmsədrlərin işi təkcə münasibət bildirmək yox, həqiqi adekvat bəyanat verməklə, bu bəyanatı real, əməli işə çevirmək istiqamətində fəaliyyət olmalıdır. Çox təəssüf ki, bu gün onların münasibəti bəyanatlardan irəli getmir. Bu bəyanatlar Ermənistanın təcavüzkar hərəkətlərini bir növ malalamağa xidmət edir. Ona görə də mən bundan çox təəssüf hissi keçirirəm. Beynəlxalq ictimaiyyət bu cür məsələlərə göz yumduqca, bu, “status-kvo”nun qorunmasına xidmət edir, təcavüzə, təcavüzkara dəstək verir. Eləcə də dünyanın müxtəlif bölgələrində bir-birinin ardınca belə münaqişələrin meydana gəlməsinə rəvac verir”.
Geri qayıt