DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Evakuasiya işinə Ramiz Zeynalovun qardaşı baxır...

Evakuasiya işinə Ramiz Zeynalovun qardaşı baxır...


27-09-2014, 11:19. Yerləşdirdi: Tural Evakuasiya işinə Ramiz Zeynalovun qardaşı baxır...
Cərimə olunan şəxslər pulu yol polisinin deyil, şirkət hesabına köçürür


"Yolkənarı maneənin üzərinə çıxmışdım. Maşınımı da əzmişdim Hadisə yerinə gələn polis əməkdaşları törətdiyim qəzaya görə məni cərimələyib, maşınımı isə cərimə meydançasına apardılar. Maşınımı ancaq bir müddət sonra götürə bildim ordan. Eşitdiyimə görə, cərimə meydançasında avtomobilin bir gün qalmasının qiyməti 2 manatdır. Ümumi hesabla maşınımı götürəndə mən də hardasa 48 manata yaxın pul ödədim. Çıxışda nəzarətçi oturmuşdu, pulu ona verdim. Bir dəftərə pulu ödəməyimlə bağlı qol çəkib maşınımı çıxardım. Daha bununla bağlı nə hər hansı banka üz tutdum, nə də mənə hansısa bir sənəd verdilər", - deyir Bakı şəhər sakini Cahid Abışov.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər “Bizim Yol” qəzetində dərc olunan araşdırma materialındandır. Materialda daha sonra deyilir ki, Əhməd Ağayev adlı şəxs isə avtomobilini qadağan olunmuş yerdə saxlayıb banka gedibmiş. Deyir qayıdanda maşını saxladığı yerdə tapa bilməyib. Məlum olub ki, evakuator cərimə meydançasına aparıb. Deyir cərimə meydançasından maşını çıxarmaq üçün Bank Technique-yə gedib: "Maşınımı cərimə meydançasından çıxarmaq üçün 20 manat evakuasiya.az şirkətinin hesabına ödədim. Həmin qəbzi cərimə meydançasına verib maşınımı götürdüm. Qəbzi məndən almasaydılar, sizə təqdim edə bilərdim".

Bir müddət öncə "Bizim Yol" qəzetinin elektron poçtuna adını açıqlamaq istəməyən Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşından məktub daxil olmuşdu. Həmin məktubda deyilirdi ki, iki aydan çoxdur ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir:

"Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq 2 aydır ki, vəziyyət dəyişib, DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər "Evakuasiya.Az" MMC-yə məxsus "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Mənbə iddia edir ki, beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir".

Məktubu yazan polis bu dəfə həmin cərimələrin evakuasiya.az şirkətinin hesabına köçürülməsi ilə bağlı qəbz göndərib. Həmin polis əməkdaşının işini itirməməsi üçün qəbzdəki tarix və bəzi digər məlumatları gizli saxlamışıq.
Evakuasiya işinə Ramiz Zeynalovun qardaşı baxır...
Ancaq bu məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bizimyol.info-ya bildirmişdi ki, Bakı şəhərində avtomobillərin cərimə meydançasına aparılması işini Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsinə məxsus avtomobillər həyata keçirir: "Evakuasiya xidməti bilmirəm harda necədir. Ancaq Daxili İşlər Nazirliyinin Siqnal İdarəsinə məxsus Yol polisində xidmət aparan evakuasiya xidməti var. Siz 156 xidməti ilə bunu səhv salmayın. Dövlət yol polisinin fəaliyyətini tənzimləmək üçün evakuatorlardan istifadə edilir. 156 özəl şirkətdir, öz işi ilə məşğuldur. İnsanlara yardım göstərirlər, öz işləridir. Hətta evakuasiya da edirlər. Avtomobil xarab olub qalır yolun ortasında, nə bilim qəza olur onlara müraciət edirlər. Amma dayanma, durma qaydalarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin siqnal idarəsinə məxsus və şəhər qaisində xidmət aparan, səhv etmirəmsə 10-dan artıq evakuator avtomobilimiz var".

Dövlər Yol Polisi İdarəsi ilə 156 evakuasiya.az xidmətinin əlaqəsi varmı - sualına isə Vaqif Əsədov belə cavab vermişdi: "Mən deməzdim əlaqə yoxdur. Məsələn, 156 telefon xidmətidir, 9090-dır, *6060-dır. Bəzən olur ki, vətəndaşlar bizə müraciət edirlər. Bu kimi xidmətlərdən istifadə etmək üçün. O zaman biz onlara bu xidmətlərdən istifadə etməyi məsləhət bilirik. Ancaq özəl şirkət kimi avtomobilləri cərimə meydançasına onlar aparmırlar. Bizim onlarla işimiz yoxdur. Cərimə meydançasına ancaq bizim özümüzün evakuatorlarımız daşıya bilər. Onların köməyi ilə fəaliyyətimizi qururuq".

Özəl şirkət olan evakuasiya.az nə işlə məşğuldur?

"Evakuasiya.Az" MMC Azərbaycanda ilk dəfə Yol Yardım Xidmətini (Roadside Assisstance) tam şəkildə həyata keçirən şirkətdir.

Şirkət öz fəaliyyətinə 2011-ci ilin fevral ayından etibarən başlamış və ilkin olaraq sürücülərin ixtiyarına ölkə ərazisində avtomobillərin evakuasiyası xidməti verilmişdir. 2011-ci ilin yanvar ayından etibarən şirkətin 156 qaynar xətti istifadəyə verilib. Bu tarixdən etibarən şirkət 24 saat ərzində sürücülərə xidmət göstərməyə başlayıb. Şirkət, Yol Yardım Xidməti çərçivəsində müştərilərə 4 fərqli xidmət təklif edir: Evakuasiya Xidməti, Yolda Təmir Xidməti, Alternativ Avtomobil Xidməti (Courtesy) və Ayıq Sürücü Xidməti. Hal-hazırda respublikanın 13 şəhərində şirkətin dislokasiya məntəqəsi var. Bakı şəhəri və Abşeron yarımadasında şirkət 21 dislokasiya nöqtəsindən müştərilərə xidmət göstərir.

Ancaq bu şirkət yol yardım xidmətindən başqa xidmətlər də göstərməyə başlayıb. Məsələn, qadağan olunmuş yerlərdə dayanan avtomobilləri cərimə meydançasına aparmaq kimi.

Qeyd: "Bizim Yol"a bu barədə məlumat verən Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşı onu da bildirib ki, evakuasiya.az şirkəti qadağan olunmuş yerlərdə saxlayan avtomobilləri cərimə meydançasına aparmaq üçün bir neçə evakuator ayırıb: "Həmin evakuatorlardan bir neçəsinin dövlət nömrə nişanı yadımdadır. Onları da sizinlə bölüşmək istəyirəm ki, vətəndaşlar gələcəkdə bu nömrələrlə rastlaşanda qanunsuzluğu anlaya bilsinlər. 90 JN 005, 90 JN 006, 90 JN 007, 90 JN 008 - bunlar gözümlə gördüklərimdir".

Şirkət kimə məxsusdur?

Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib. Aqil Zeynalov kimdir?

Qazeta.com saytında bir müddət öncə gedən bir məlumatda deyilir ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır" (mənbə: http://qazeta.com/2012/05/13/ramiz-zeynalov-bakida-evakuasiya-xidm%C9%99tini-yaxin-qohumuna-verdi/).

"Evakuasiya.az" MMC ilə eyni ünvanı paylaşan "Azericert" MMC adlı daha bir şirkət var. Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə dəstəkçisi kimi keçir.
Geri qayıt