DataLife Engine > BLOK XƏBƏR > “Təxminən 6 milyon insan mobil telefonumu bilir”-

“Təxminən 6 milyon insan mobil telefonumu bilir”-


8-06-2016, 11:17. Yerləşdirdi: Tural “Təxminən 6 milyon insan mobil telefonumu bilir”-

“Əvvəllər telefonlarımız bir dəqiqə susmazdı, 24 saat zənglər, şikayətlər gəlirdi. İndi isə o dərəcədə sakitlikdir ki, mən artıq darıxıram”
“Yeni Müsavat”ın dövlət qurumlarının mətbuat xidmətlərindən hazırladığı növbəti reportajda qonağımız “Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevdir. Politexnik İnstitutunu bitirən, biologiya elmləri namizədi Tanrıverdi müəllimi tanımaq, onu ictimaiyyətlə əlaqələr sektoruna gətirən yola nəzər salmaq, onun gündəlik iş rejimi, mətbuatla bağlı fikirləri və sair haqda müsahibə almaq üçün budəfəki qəhrəmanımızla “Azərişıq” ASC-nin əsas inzibati binasında görüşdük.


Bizi xoş üzlə qarşılayıb, çaya qonaq edən Tanrıverdi Mustafayev öncə dedi ki, özü haqda danışmağı ümumiyyətlə sevmir. İşinə bağlı bir insan olduğundan daha çox “Azərişıq” haqqında danışmaq istədiyini dedi. Lakin rubrikamızın tələblərinə uyğun olaraq, suallarımıza T. Mustafayevin mətbuat katibliyinə qədərki yolundan başladıq.

Dinləyək:

“Mənim üçün ən böyük xoşbəxtlik insanın sevdiyi bir işinin olmasıdır. O insan xoşbəxtdir ki, gözəl bir işi ola, hər səhər həvəslə işə gələ. Həm də gözəl ailəsi ola, axşam da həvəslə evinə gedə. Bu mənada mən özümü xoşbəxt sayıram. 1962-ci ildə Qərbi Azərbaycanda kolxozçu ailəsində dünyaya gəlmişəm. Uşaqlıq illərim zəhmətlə keçib. Mənim babam kənddə ”Topal İsmayıl" adı ilə tanınırdı. Mən onun yanında böyümüşəm. Çox zəhmətsevər insan olub. Səhər saat 6-dan gecə saat 1-ə kimi dayanmadan çalışardı. Zəhmətsevərliyi ondan öyrənmişəm.

Göy kənd orta məktəbini başa vurmuşam. Məktəbimiz 1937-ci ildə inşa olunmuşdu və o mahalda 10 illik təhsil verən ilk orta məktəb idi. Bu məktəbi bitirmişəm. Uşaqlıqdan həvəsim jurnalistikaya idi. Orta məktəbi bitirəndən sonra rəhmətlik nənəm dedi ki, elə bir ixtisas seç ki, geri qayıtmayasan. Mən o zaman Politexnik İnstitutu adlanan, indiki Texniki Universitetə sənədlərimi verdim, sənaye elektronikası fakültəsinə qəbul oldum. Ali təhsilimi başa vurduqdan sonra təyinatla Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Elmi-Tədqiqat Əkinçilik İnstitutuna kiçik elmi işçi vəzifəsinə götürüldüm. Daha sonra 3 illik aspiranturanı bitirdim, biologiya elmlər namizədiyəm. İndi də bu işimdən fərqli olaraq Texniki Universitetdə “Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasında baş müəlliməm. Yaxın vaxtlarda da dosent adını almağa hazırlaşıram. Yəni mətbuat xidməti vəzifəsi ilə paralel olaraq, elmi işlə də məşğul oluram. 20 ilə yaxın Azərbaycandan kənarda yaşamışam. Aspiranturanı Moldovada bitirmişəm. Orada 1991-cı ildə Azərbaycan Adət və Ənənələri Cəmiyyəti yaratmışam. 2001-ci ildə də Moldovadan Dünya Azərbaycanlılarının 1-ci Qurultayına gələn nümayəndə heyətinin tərkibində Bakıya gəlmişəm. Bu qurultaydan sonra qərar verildi ki, Azərbaycanda qalım. 2002-ci ilin 7 fevralından “Bakıelektrikşəbəkə”də işə başladım. Bu həyat yoluma görə Allahımdan razıyam.



“Bizim sahə operativlik tələb edir. Bir gün susuz, qazsız qalmaq olar, ancaq bir neçə dəqiqə elektriksiz qalmaq mümkün deyil”


Həyatımın çox hissəsi qəriblikdə keçsə də, həmişə fəxr etmişəm ki, azərbaycanlıyam. Bu sözləri də ilk dəfə o salonda mərhum ümummilli liderimiz Heydər Əliyevin dilindən eşitmişəm. Həmişə çalışmışam ki, dilimizi, adət-ənənəmizi təbliğ edim. Bu gün Azərbaycan Cənubi Qafqazın ən gözəl ölkəsidir. 90-cı illərdə Moldovada işlədiyim zaman, Azərbaycanda bir neçə gün qalanda darıxırdım, Moldovaya getmək istəyirdim. Ancaq indi ölkəmiz o qədər inkişaf edib ki, heç yerə getmək istəmirəm".

- Torpaq həsrəti çəkirsizmi, Tanrıverdi müəllim?

- Çox. Qərbi Azərbaycan torpaqları heç vaxt ermənilərin olmayıb. Oradakı kənd adları da hamısı Azərbaycan dilindədir. Məsələn, Göy kənd, Çay kənd və sair. Rəhmətlik Səməd Vurğun deyirdi ki, “Qarışsın Qazaxa Dilcan dərəsi”... Bizim torpaqlarımız o zaman da Gəncə quberniyasının, Qazax qəzasının Dilcan rayonu adlanıb. Yəni Azərbaycanın olub, heç vaxt Ermənistanın olmayıb. O yerlərin mənzərəsi də çox gözəl olub, həm yaylağı, həm də aranı... Bir tərəfi Murğuz dağı, bir tərəfi Cantəpə yaylağı. Mən bu gün də telefonumun ekranında öz kəndimizin mənzərəsini gəzdirirəm. Bax bu Göy kənddir, bizim kəndimizdir (telefonda göstərir). O torpaqların insanları zəhmətsevər idi, ən böyük silahları doğruluq, halallıq idi. Bu gün də harada olmağımızdan asılı olmayaraq, o ənənə bizdə qalıb.

- Dediniz ki, təhsiliniz texniki sahə üzrə olub... Bəs mətbuat xidməti işinə necə adaptasiya oldunuz? Necə oldu ki, sizə tamamilə yad olan bir sahəyə keçdiniz?

- Bəlkə də bu bir alın yazısı idi. Bir məsəl var: “Niyyətin hara, mənzilin ora”. Bayaq dediyim kimi, uşaqlıqdan arzum jurnalist olmaq idi. Ancaq ilk olaraq, yaratdığımız Azərbaycan Adət və Ənənələri Cəmiyyətinin sədri seçildim. O zaman Moldova mətbuatı, televiziyası məni verilişlərə dəvət etdi. İlk dəfə orada mətbuatla əlaqələrə başladım. Bir ictimai təşkilatın mətbuat xidməti oldum. İki həftə sonra məni Nazirlər Sovetindən Milli münasibətlər üzrə Dövlət Departamentinə dəvət etdilər və etimad göstərdilər ki, bir neçə cəmiyyətin kuratoru olum. 10 il həmin departamentdə şöbə müdiri işlədim və artıq işim birbaşa mətbuatla, ictimai əlaqələrlə bağlı idi. Buraya gələnə qədər böyük bir təcrübə toplamışdım. Buraya gəldikdən sonra da bu iş mənə təklif olundu. Böyük həvəslə qəbul etdim. Bu iş mənə Azərbaycan mətbuatında çoxlu dostlar qazandırdı. Həm sahəmiz maraqlı sahədir, ölkəmizi nura qərq edən bir idarədə çalışırıq.

“Mən “Azərişıq” ASC sədrinin sözçüsüyəm. Bu məsuliyyət isə istər kabinetdə, istər küçədə, hər yerdə mənim çiynimdədir”


- Mətbuatla əlaqələrinizi dostluq üzərində qurursunuz, yoxsa sırf peşəkar zəmində?



- Dostluq haqqında danışmaq bir qədər çətindir. Dost illərlə qazanılır, seçilir. Mən mətbuatla əlaqələri sırf iş üzərindən qurmuşam. Çünki təzə gələndə çoxlarını tanımırdım. Çoxu da məni tanımırdı. Sonradan onları məni işimə görə tanıdılar, qiymət verdilər, bəziləri ilə münasibətlərimiz dostluğa çevrildi.



- Tanrıverdi müəllim, rəhbərliklə münasibətləriniz necədir? “Azərişıq” ASC sədrinə birbaşa çıxış imkanınız varmı?

- Mən səlahiyyətim çərçivəsində hərəkət edirəm. Əgər struktur olaraq, məndən yuxarı vəzifədə olan departament direktoru varsa, ondan da yuxarıda sədr müavini varsa, mən onlara müraciət edərkən protokol qaydalarına əməl edirəm. Çalışıram ki, hamısı qaydalar çərçivəsində olsun. Özüm isə 24 saat iş rejimində oluram. Yuxu yatdığım zaman belə jurnalistlər məni zəng edib qaldıra bilər. Mən “Azərişıq” ASC sədrinin sözçüsüyəm. Dilimdən hansı kəlmə çıxırsa, onun məsuliyyətini hiss edirəm. Çünki cəmiyyət onu “Azərişıq” ASC sədrinin ifadəsi kimi qəbul edir. Mənim iş saatım səhər saat 9-dan axşam saat 6-ya kimi deyil. 15 ildir ki, operativ rejimdə işləyirəm. İstirahət günlərində də, bayram günlərində də mən “Azərişıq” ASC sədrinin sözçüsüyəm. Bu məsuliyyət isə istər kabinetdə, istər küçədə, istər yolda mənim çiynimdədir. Mətbuat xidmətində bir neçə əməkdaşıq. Ümumi idarəetmə mənə həvalə olunub. Lazım gəldiyi təqdirdə, birbaşa olaraq “Azərişıq” ASC sədrinə istər mobil telefonla, istərsə də daxili telefonla əlaqə saxlayıram.

- Müsahibə verərkən, mətbuata danışarkən rəhbərlikdən icazə alırsınızmı?

- Bəli, bir qədər öncə, siz gəlməmişdən “Yeni Müsavat”a müsahibə verəcəyimlə bağlı da məlumat verdim. Bu mənim vəzifəmdir...

- Bu cür operativ bir sahədə çalışmaq fiziki baxımdan çətin deyilmi?

- Tez-tez məndən soruşurlar ki, bu qədər zəngə cavab verməyi, bu qədər müraciətlərə baxmağı fiziki baxımdan necə çatdırırsınız. Bizim 2 milyon 500 min abonentimiz var. Hər ailəni 3 nəfərdən hesablasaq, təxminən 6 milyon insan mənim mobil telefonumu bilir. Mənim telefonum hər zaman onlar üçün açıqdır. Üstəgəl, jurnalistlər səhər saat 8:00-dən axşam 19:00-a qədər zəng edirlər.



- Jurnalistlərlə problem yaşadığınız hallar olurmu?

- Məni narazı salan yeganə məsələ odur ki, çoxlu mətbuata aidiyyəti olmayan saytlar, qəzetlər yaranıb. Və ya elə insanlar var ki, nə saytı, nə də qəzeti var. Sadəcə, eşidib ki, ürəyi yumşaq adamam, zəng edir. Bilirsiniz də nəyi nəzərdə tuturam, bu zənglərin nəticəsi nəyə gedir... Mən çox xahiş edirəm ki, jurnalistikaya aidiyyəti olmayan bu adamlar nəzərə alsınlar ki, sosial fond deyilik. Onlar bizi çox narahat edirlər. Mən buradan mesaj verirəm ki, bu cür hərəkətlərə yol verməsinlər. Ciddi qəzetlərə, jurnallara isə həmişə telefonlarımız açıqdır, nə sualları varsa cavablandırırıq. Hansısa ehtiyacları varsa, imkan daxilində yardımçı olmağa çalışırıq.

- “Azərişıq” ASC haqqın mətbuatda tənqidi materiallar gedərkən, sizin reaksiyanız necə olur?

- Tənqid obyektivdirsə, normal olur. «KİV haqqında» Qanun var, ona uyğun olaraq istənilən məlumat yazıla bilər. Əgər hansısa rayonda işıq yoxdursa, onu yaza bilərsiniz. Ancaq bizimlə əlaqə saxlamaq da lazımdır ki, mən onu öyrənim və sizə deyim ki, təftişlə əlaqədar olaraq, hansısa rayonda 3 saat elektrik verilməsi dayandırılacaq. Biz hər zaman fasilə yaranarkən, məlumat veririk. Çox vaxt çalışırıq ki, heç fasilə yaranmasın, digər transformatordan enerji təchizatını bərpa edək. Ancaq bizim əməkdaşlarımızın təhlükəsizliyi naminə müəyyən hallarda enerji təchizatı dayandırılmalıdır. Təhlükə ola bilər, hadisə baş verə bilər. Biz çalışırıq ki, bunlar olmasın. Bəzi vaxtlarda təbiətin şıltaqlığı olur, bəzən qəza olur.
Mətbuatın bunu işıqlandırması normaldır. 15 ildir ki, mən bu qurumun mətbuat xidmətindəyəm, heç vaxt problemim olmayıb. Əksinə, mətbuatdan çoxlu dostlar qazanmışam.

“24 saat iş rejimində oluram. Yuxu yatdığım zaman belə jurnalistlər məni zəng edib qaldıra bilər”


- Əvvəl “Bakıelektrikşəbəkə” ancaq Bakıda fəaliyyət göstərirdi. “Azərişıq” ASC isə bütün ölkə ərazisində enerji satışını həyata keçirir. Bu dəyişiklikdən sonra yükünüz artdımı?

- “Azərişıq” ASC yaranandan sonra 7 regional enerji təchizatı və satışı idarələri yaradıldı. İdarəetmə mükəmməl şəkildə qurulub. Burada “Azərişıq” ASC-nin sədri, sədr müavinləri, 5 departamenti, hər regionda da elektrik şəbəkə rəisləri var. Çox gözəl struktur qurulub. Çünki elektrik digər kommunal xidmətlərdən sudan, qazdan da əhəmiyyətlidir. Bir gün susuz, qazsız qalmaq olar, ancaq bir neçə dəqiqə elektriksiz qalmaq mümkün deyil.

Enerji təchizatının olmaması bütün elektrik avadanlıqlarının, idarə və şirkətlərin iş rejiminin əsasını təşkil edir. Bizim əsas məqsədimiz harada olmasından asılı olmayaraq, hər bir abonentimizi keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bu yaxınlarda “Bakıelektrikşəbəkə”nin yaradılmasının 10 ili tamam olur. Bu 10 ildə o qədər işlər görülüb ki, demək olar ki, Bakı şəhərində problem qalmayıb. Əvvəllər telefonlarımız bir dəqiqə susmazdı, 24 saat zənglər, şikayətlər gəlirdi. Bakı şəhərində son 6 ildə bu problemlər tam həll olunub. İndi isə o dərəcədə sakitlikdir ki, mən artıq darıxıram.

Geri qayıt