DataLife Engine > BLOK XƏBƏR > ATƏT, Avropa Parlamenti və ABŞ-dan seçkilərə

ATƏT, Avropa Parlamenti və ABŞ-dan seçkilərə


4-11-2015, 11:27. Yerləşdirdi: Tural ATƏT, Avropa Parlamenti və ABŞ-dan seçkilərə

Prezident Administrasiyası, XİN, YAP sərt reaksiya verdi; müxalifət daha geniş və kəskin rəylərin gözlənildiyini bəyan etdi

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq etməsinə icazə verməməsindən və DTİHB-nin bu səbəbdən seçkini izləyə bilməməsindən təəssüfləndiyini bildirib.

Bəyanatda deyilir ki, DTİHB-nin iştirakı olmadan Azərbaycanın DTİHB-nin ötən seçkidə verdiyi müşahidə tövsiyələri sahəsində tərəqqi etdiyini demək qeyri-mümkündür. Sənəddə bu da qeyd edilir ki, sözü gedən tövsiyələrdə təməl azadlıqlar sahəsində məhdudiyyətlərin aşkar edildiyi bildirilmişdi: “Bizim Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır və biz Azərbaycan hökumətini onun beynəlxalq öhdəliklərinə müvafiq şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə DTİHB də daxil ATƏT-lə birgə işləməyə çağırırıq. Biz hökumət və Azərbaycanın xalqı ilə, onların daha güclü, sabit, demokratik və firavan gələcək qurmaq səylərində birgə işləmək istəyimizə sadiq qalırıq”.



Avropa Parlamentinin rəhbəri Martin Şults isə Azərbaycanda keçirilən son parlament seçkilərini antidemokratik adlandırıb. Şults Tvitter səhifəsində qeyd edib ki, bu seçkilər etimad qazanan standartlara uyğun olmayıb: “Azərbaycanda demokratiya, azadlıq və plüralizm böyük maneələrlə üzləşməkdədir”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Maykl Link də Azərbaycanda seçki sisteminin və seçki mühitinin qeyri-demokratik olduğunu bəyan edib.
Qeyd edək ki, ATƏT DTİHB və Avropa Parlamenti seçkiləri müşahidə etməyib.
Azərbaycan hakimiyyəti verilən bu rəylərə və bəyanatlara dərhal münasibət bildirib.
Prezidentin köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏR.TAC-a açıqlama verərək ABŞ Dövlət Departamentinin yaydığı sənədə münasibət bildirib. Ə.Həsənov deyib ki, DTİHB seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb. Ə.Həsənov bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib.




O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət verib: “Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz”.

Xarici İşlər Nazirliyi isə xüsusi açıqlama yayıb. Açıqlamada deyilir ki, bəzi dairələrin seçkiləri “boykot” etməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT DTİHB-na seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barədə əsassız iddiaların irəli sürülməsi, seçkilərin nəticələrinə kölgə salmaq cəhdləri qəbuledilməzdir: “Noyabrın 1-də keçirilmiş parlament seçkilərini izləyən yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə heyəti onu azad, demokratik və şəffaf sayıb. Seçkiləri 500-dən artıq xarici, 63 mindən artıq yerli müşahidəçi izləyib. Yerli kütləvi informasiya vasitələri hər hansı qeydiyyat və ya akkreditasiya tələb olunmadan seçkiləri işıqlandırıblar. Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilib”.

Açıqlamada həmçinin bildirilir ki, ATƏT seçkiləri 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi ilə izləmək istəsə də, Azərbaycan tərəfi ölkə əhalisinin sayı və 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsini məqbul sayıb: “ATƏT DTHİB guya Azərbaycan tərəfindən müşahidəçilərinin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək, Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə bəzi dairələrin təsiri altında mandatına zidd şəkildə birtərəfli qərar qəbul edib. ATƏT DTHİB-in birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.



Mandatın ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT DTHİB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur".



YAP-ın icra katibi Əli Əhmədov isə dünən bildirib ki, bəzi beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır: “Seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir. Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir. Bundan əvvəlki seçkilər zamanı aparılan müşahidələrin nəticəsində yalnız nəticələrə təsir etməyən nöqsanların qeyd olunması ondan xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün seçkilərin izlənməsi sadəcə, neqativ axtarmaq kimi başa düşülür və bu cür də istifadə edilir. Hər hansı dövlətin beynəlxalq qurumlarda təmsil olunması onun suveren hüquqlarının alternativi kimi dəyərləndirilə bilməz. O cümlədən Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ölkəmizin suveren hüquqlarının üzərinə kölgə salmaq və yaxud həmin hüquqların azalması kimi dərk edilə bilməz. Bu mənada belə hesab edirik ki, istənilən beynəlxalq qurum, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da vəzifəsinə məhz bu prinsiplər nöqteyi-nəzərdən yanaşmalıdır. Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır”.



Müxalifət cinahından Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirdi ki, seçkilərə mənfi qiymət verilən bəyanat və açıqlamalar gözlənilən idi: “Avropa Parlamentindən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan verilən ilkin rəy və bu rəyə əsaslanaraq ABŞ Dövlət Departamentinin verdiyi rəy Azərbaycanda seçkilərin demokratik keçirilmədiyinin beynəlxalq birlik tərəfindən təsdiqlənməsi baxımından reallığı əks etdirən mövqelər kimi qəbul edilməlidir.

Azərbaycan hakimiyyəti ATƏT-in müşahidə missiyasını Azərbaycana buraxmayanda belə olacağını düşünməli idi. Nəticə göz qabağındadır. Hətta hakimiyyətin seçkiləri dəstəkləmək barədə rəy gözlədiyi Avropa Şurasının müşahidə missiyasının iki rəyi ortadadır. Bu rəylər bir-birindən tamamilə fərqlənir. Haqqında söhbət gedən beynəlxalq təşkilatların yaxın vaxtlarda seçkilərlə bağlı daha geniş və kəskin rəy verəcəyi gözlənilir”.musavat.com
Geri qayıt