DataLife Engine > BLOK XƏBƏR > Gülər Əhmədova azadlığa buraxıldı

Gülər Əhmədova azadlığa buraxıldı


5-05-2014, 18:11. Yerləşdirdi: Tural Gülər Əhmədova azadlığa buraxıldı
Həbsdə olan sabiq deputat Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib.


“Xalqinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla G.Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

G.Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videodan sonra G.Əhmədova öz deputat mandatından imtina edib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib və ötən ilin fevralında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılmasına dair, eləcə də əlavə digər vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.

Xatırladaq ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilirdi.


Geri qayıt