DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Ərdoğanın məxfi siyahısındakı ikinci adam

Ərdoğanın məxfi siyahısındakı ikinci adam


28-04-2014, 10:03. Yerləşdirdi: Tural Ərdoğanın məxfi siyahısındakı ikinci adam
“Ərdoğan nurçularla və ya “Hizmət hərəkatı”nın fəalları ilə mübarizə aparmır. O, Mərkəzi Kəşfiyyat İdarəsinə və Birləşmiş Ştatlara qarşı müharibəni davam etdirir. Və bu, antiimperialist müharibədir. Bu, bizim ölkəmizin müstəqilliyi uğrunda mübarizədir. Mustafa Kamaldan sonra Türkiyə heç vaxt real müstəqilliyə malik olmayıb” - deyə Türkiyənin aparıcı analitik mərkəzlərindən birinin eksperti olan həmsöhbətim məni əmin edir.


...Biz Ankaranın qədim dar küçələrinin birində, türklərin hər şeylə maraqlanan gözlərindən uzaq, nəzərəçarpmayan kafedə oturub gözəl türk qəhvəsi içə-içə söhbət edirik.

Mən həmsöhbətimin gətirdiyi dəlilə cavab olaraq deyirəm: “Sən hesab edirsən ki, ABŞ Qara dəniz regionundakı forpostunu belə asanlıqla və müqavimət göstərmədən güzəştə gedəcək? Ukrayna Rusiya üçün necə əhəmiyyət kəsb edirsə, Türkiyə də ABŞ üçün elə əhəmiyyət kəsb edir. Bəlkə Ərdoğan yeni müharibədə ilk döyüşü udub?”.

Həmsöhbətim yarımçıq qəhvə fincanına diqqətlə nəzər salır və başını qaldırmadan pıçıltı ilə deyir: “Müharibə hələ qabaqdadır!”

* * *

Həmin gün mən və yeni Osmanlı imperiyasının siyasi dairələrinin ən məlumatlı analitiklərindən biri olan həmsöhbətim baş nazirlə imam Gülənin ordusu arasında ilk döyüşü müzakirə edəndə Ərdoğan özü Bakıda idi. Baş nazir gülənçilər ətrafında dramatik hadisələrin cərəyan etdiyi bir vaxtda Azərbaycana gəlmişdi.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
“O, satqınları bağışlamır, ancaq çətin məqamda çiyinlərini kömək üçün bizə dayayan sadiq dostları da unutmur. O, Əliyevin göstərdiyi bu dəstəyi heç vaxt yaddan çıxarmayacaq. Onun siyasi karyerasının ən çətin məqamında göstərilən dəstəyi... Əgər Heydər Əliyev PKK terrorçularının yuvasını dağıtdısa, İlham Əliyev gülənçilərin Amerika kəşfiyyatına bağlı dayağını məhv etdi.

Ancaq Elnur Aslanov kiçicik vintcikdir. Onlar Azərbaycanı dayaq nöqtəsinə çeviriblər. Bu gün bizim baş nazir Əliyevə əsas gülənçilərin siyahısını verdi...”

Mərhum Turqut Özalın vaxtından Ankara isteblişmentində ən informasiyalı türkiyəli analitiklərindən biri hesab edilən həmsöhbətimin dəlillərini dinlədim. Müstəqil Azərbaycan hakimiyyətinə yeni hücuma başlayan imperialist maşınının olduqca məkrli planının və hiyləgər niyyətinin miqyası məni doğrudan da heyrətə salır. Onlar bu planı öz agentlərini İlham Əliyevin ətrafına yerləşdirməklə həyata keçirmək istəyirlər.

Gülənçilər hakim elitanın parçalanmasına zəmin hazırlamaq üçün Ərdoğan hakimiyyətinin vertikalına da demək olar ki, eyni sxemlə yeridilib. Rəngli inqilabların reallaşması modelinin və dinc və qeyri-zorakı mübarizə adı altında pərdələnmiş silahlı üsyana aparan yolun ən mühüm mərhələsi hakim elitanın parçalanmasıdır.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
Həqiqət anı üçün əvvəlcə antixalq hakimiyyətindən imtina edən və onu pisləyən, əzilənlərin tərəfində dayanmağa hazır olan yaxşı maskalanmış “qud boys”lar - “yaxşı oğlanlar” səfərbər edilməlidir. Yaxın Şərq, Şərqi Avropa, postsovet məkanı ölkələrində azadlığa can atma ssenarisi adlandırılan sosial destablizasiya ssenarisi ilə praktiki olaraq identik plan...

Lakin inqilab ərəfəsi situasiyanın yaradılması üçün ən mühüm amillərdən biri hakim elitanın parçalanmasıdır. Bu, Avropa ölkələrində avrosentristlərin və demokratların, müsəlman Şərqində dünyəvi islamçıların və ya son vaxtlar deyildiyi kimi, liberal islamçıların (Abdel Naserin İslam sosializminin qərbləşdirilmiş və modifikasiya olunmuş forması) əli ilə həyata keçirilən klassik modeldir.

“Ərdoğanın siyahısında ikinci şəxs Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovdur. Bu məkrli tip Elnur Aslanovdan və ya Osmanlı adlı anlaşılmazlıqdan daha çox təhlükə kəsb edir. Ceyhun Osmanlının Xocalı soyqırımının ərəfəsində İstanbulda necə yolunu azdığını bizdə hələ də xatırlayırlar. O, Taksimdəki məlum Xocalı mitinqi ərəfəsində bura gəlmişdi. İstanbulda iki aya yaxın qaldı. Guya Ceyhun 2010-cu ilin fevralında keçirilən bu səs-küylü aksiyanın əsas təşkilatçılarından biri idi. Həmin təşkilati iş üçün Elnur Aslanov ona 1 milyon dollar ayırmışdı. Hamıya məlumdur ki, bu aksiyanı Türkiyə hökuməti təşkil edib. Osmanlı Aslanovla birlikdə həmin milyonu oğurlayıb mənimsədilər. Hə, üstəlik onların burada rəfiqəsi də var - Gezde Dizdar adında. Nurçudur.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
Aslanov əslində təsadüfi siyasi dalğanın ləpəsi üstündə təsadüfən hakimiyyətə qalxan cəsarətsiz və küt oğlandır. Sonra daha iri ləpəli yeni dalğa qalxdı, nəhəng dalğa onu götürüb hakimiyyət dəhlizlərindən çölə atdı. Ola bilsin o, əslində nə baş verdiyini heç başa düşməyib.

Ancaq bu İsgəndərov bizi bərk narahat edir. Hiyləgər, məkrli, lovğa, prinsipsiz karyerist hakimiyyət naminə Güləni də satar və şeytanın tərəfinə keçər. Hərçənd ki, o, şeytanın təsiri altına hələ uzaq 2000-ci ildə, sizin BMT-dəki nümayəndəliyinizdə birinci katib işləyəndə düşüb. Bax, onda o, gülənçilərin şəbəkəsinə, onların iti və əyri caynaqlarının altına düşdü”.

Mən həmsöhbətimin bu sözlərinə gülümsədim.

“Siz onu tanıyırsınız?” - həmsöhbətim məni sərt, zabitəli və nüfuzedici baxışları ilə süzüb soruşdu.

“Gizli polisdəndir” - mən sakitcə dedim.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
İlk geriçəkilmə. Şöhrətli və şöhrətsiz kəşfiyyatçı

Azərbaycan KQB-nin sonuncu sədri Vaqif Hüseynovun ən yaxın tərəfdaşlarından biri, KQB-nin təsərrüfat idarəsinin rəisi, polkovnik Hüseyn İsgəndərovun oğlu Elşad İsgəndərov hələ gənc yaşlarından Azərbaycan KQB-sində işləyirdi. Özü də jurnalistlər bu informasiyanı xüsusi ağıl və gərgin səylər tələb edən araşdırmaların nəticəsində əldə etməmişdilər. Qətiyyən yox!

Hələ tələbə skamyasından özünü gözə soxmağı bacaran, şıltaq və ambisiyalı E.İsgəndərov Bakı Dövlət Universitetinin tarix fakültəsinin komsomol katibi olmağa ümid bəsləyirdi.

Ancaq onun bəxti gətirmədi, komsomol sovet imperiyası ilə birlikdə çökdü. Bununla belə o, atasının köməyi ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Xarici
Kəşfiyyat İdarəsində işə düzəldi.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
Həyat E.İsgəndərovun timsalında daha bir siyasi aksiomu təsdiqlədi: ambisiyalı eqosentristləri xüsusi xidmət dəhlizlərinə buraxmaq olmaz, xüsusən də xarici kəşfiyyat departamentinə. Əks halda cəmi bir neçə ay sonra Bakının yarısı böyük ümidlər bəslənən gənc komsomolçu oğlanın yeni iş yeri haqda xəbər tutacaq. Məlum olacaq ki, o, 90-cı illərdə əfsanəvi çekist Eldar Məmmədəliyevin başçılıq etdiyi idarədə işləyir.

Elşad xüsusi xidmət əməkdaşı olduğunu təsdiqləyən vəsiqəsini az qala bütün Bakıya göstərmişdi - DYP əməkdaşlarından tutmuş gözəlçələrə qədər. Öz tabel silahı ilə lovğalanmağı xoşlayırdı və hətta şəhərin mərkəzində atəş açırdı.

Gənc Elşadın sayəsində şəhərin yarısı xarici kəşfiyyat xidmətinin məxfi idarəsinin harada yerləşdiyini öyrəndi, çünki hamı bilirdi ki, bu idarədə Elşad işləyir, özü də ikinci mərtəbədə. Pəncərəsi isə düz “İnturist”ə baxır - gözəgörünməz düşməni axtarmaq üçün!

Bu eqosentrik kəşfiyyatçını orqanlardan xaric etmək məsələsi dəfələrlə qaldırılmışdı. Paytaxtda o, az qala milli təhlükəsizlik naziri Namiq Abbasovdan çox tanınırdı. Ancaq hər dəfə işə kəşfiyyatçının atası - Mütəllibovun Ali Sovetinin deputatı, hələ Vaqif Hüseynovun aparatında işləyərkən öz həmkarlarının kabinetlərinə yol tapan Hacı Hüseyn İsgəndərov qarışırdı.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
Yeri gəlmişkən, Hacı Hüseyn Ayaz Mütəllibovun vaxtında formalaşan şamaxılılar klanının rəhbərlərindən biri idi. Ancaq hakimiyyətdə qalmaq ona nəsib olmadı, həm də ona görə ki, Heydər Əliyevin tərəfdarları Mütəllibov Ali Sovetinin sessiyasında patriarxın çıxışına səs-küylü etirazını ona - Vaqif Hüseynovun tərəfdaşına bağışlamadılar. H.İsgəndərov H.Əliyevin çıxışını “Reqlament!” deyə qışqıraraq kəsənlərdən və parlamentin zalında ayağını yerə döyənlərdən biri idi.

H.İsgəndərovun müxalifətçi H.Əliyevə qışqırmağa çalışdığını əks etdirən videokadrlar dövlət telekanalının arxivlərində doludur.

E.İsgəndərov özü isə əvvəlcə Etibar Məmmədovun alovlu tərəfdarı oldu, sonra milli təhlükəsizlik nazirinin o vaxtkı müavini Sülhəddin Əkbərin təsiri altına düşdü. İstənilən halda o, heç vaxt S.Əkbərin “analitik düşüncəsinə” heyranlığını gizlətmirdi. Ancaq bir şeyi inkar etmək çətindir - E.İsgəndərov da atası kimi heç vaxt nə ata, nə də oğul Əliyevə xüsusi pərəstiş etməyib.

Beləliklə, budur, E.İsgəndərov yeni siyasi rəhbərliyin gözündə özünü reabilitasiya edə və etimad qazana bilməyən atasının gözdən düşdüyü dövrdə - 90-cı illərin sonlarında Azərbaycan siyasi arenasına ulduz kimi daxil olan Anar Məmmədxanovun simasında özünə yeni himayədar qazandı.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
“Bizim xüsusi xidmətlərin əməliyyat məlumatına görə, Elşad İsgəndərov Elnur Aslanovla birlikdə Azərbaycanda nurçu ədəbiyyatının populyarlaşması üçün konkret fəaliyyət planı işləyib hazırlayıblar və onu həyata keçirməyə başlayıblar.

Birinci siqnalı biz yeni dini ədəbiyyatın nəşri layihəsindən sonra aldıq. Onlar nəşriyyat hüququ ilə bağlı məsələni müzakirə etmək üçün bir nəfəri “Zeytun” restoranına dəvət etdilər. Ancaq həmin adamın bizə işlədiyini heç ağıllarına da gətirməmişdilər. Şam yeməyi zamanı İsgəndərov Aslanovla birlikdə həmin adamı nurçuluq haqda kitabı nəşr etməyə ciddi-cəhdlə inandırmağa çalışırdılar. Deyirdilər ki, Dövlət Komitəsi həmin ədəbiyyatın nəşrini maliyyələşdirəcək. O, əlbəttə ki, bütün dünya dinlərinin tarixi haqda kitabların nəşrini təklif edərək öz niyyətlərini ört-basdır etməyə çalışırdı. Yeri gəlmişkən, çox maraqlı layihə idi. Ancaq onlar öz qərarlarında qəti idilər ki, bəs deməzsən, pulu ancaq nurçu ədəbiyyatının hazırlanmasına ayırırlar. Mənim bildiyim qədər belə faktlar az deyil. Bütün bu materiallar sizin xüsusi xidmət orqanlarına verilib” - deyə mənim maraqlı həmsöhbətim həyəcanlı səslə hekayəsini davam etdirir.

* * *
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
Bu fikir beynimə heç cür batmır: necə ola bilər ki, o - Elşad İsgəndərov, komsomolçu, Namiq Abbasovun “emalatxanası"ndan çıxıb kəşfiyyatçıya çevrilən, düşüncə baxımından liberal, sanki dünyəvi adam təsiri bağışlayan biri dini təriqətin təsiri altına düşsün? E.Aslanovla bağlı məsələ aydındır. O da Ceyhun Osmanlı kimi “Gülən məktəbi”nin yetirməsidir. Amma bəs E.İsgəndərov güclü və şaxələnmiş dini korporasiyanın təsiri altına necə düşüb?

İkinci geriçəkilmə: İslamla bir araya sığmayan adam

2005-ci il parlament seçkilərinə bir ay qalmış, baş redaktoru olduğum əfsanəvi “Realnıy Azerbaydjan” qəzetinin nəşr edildiyi vaxtlar idi. Dərin hörmət bəslədiyim bir insan, yaxın dostum Anar Məmmədxanov mənə zəng vurub Ağsu-İsmayıllı seçki dairəsindən müstəqil namizəd olan Elşad İsgəndərov adlı bir nəfərə tribuna verməyimi məndən dönə-dönə və israrla xahiş etdi. E.İsgəndərova həmin tribunanı verdik. Amma etiraf edirəm ki, o, bu tribunadan çox primitiv şəkildə və məkrli şəkildə istifadə etdi. İsgəndərov həmin tribunadan yalnız öz rəqibi, həmin dairədən olan digər namizəd, Mərkəzi Univermağın (MUM) direktoru Ərəstun Cavadova qarşı qara piar məqsədilə yararlandı.

Elə ilk məqalədən sonra mən materialların dərcini dayandırdım. Birmənalı şəkildə dedim ki, xalqın namizədi olan bir adamın vəzifəsi bu tribunadan öz seçicilərinə fayda vermək üçün istifadə etməkdir, daha bu imkanları öz rəqibini gözdən salmaq üçün kampaniyaya çevirmək yox...
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
E.İsgəndərov bundan narazı qaldı. İllah da ona görə ki, o, seçkilərdə sarsıdıcı məğlubiyyətə uğramışdı. Manhettensayağı saç düzümünə malik bu "nyu-yorklu birinci katib" seçicilər üçün yad, yabançı biri idi. O, bu seçkini sosial qayğılar və iqtisadi problemlər içində inləyən ağsulu kişilərə okeanarxası avrosentrizm və Amerika dəyərləri barədə anlaşılmaz şeylər danışan ağ qarğa kimi bitirdi.

Parlament seçkilərində biabırçı siftəsindən sonra E.İsgəndərovla ilk təsadüfi görüşümüzü yaxşı xatırlayıram. O, öz məğlubiyyətinin səbəblərini hələ də başa düşməmişdi və az qala qisas hissi ilə alışıb yanaraq belə deyirdi:“İstəmirlərsə, heç lazım da deyil. Onlar başa düşmürlər ki, mənim başqa yollarım da var. İstanbulda İslam təşkilatının baş katibi olmağım üçün mənə yalvarırlar. Eybi yoxdur, mən başqa yolla gedib istəyimə nə üsulla olursa olsun nail olacam”.

İsgəndərov doğrudan da özündə deyildi, anlaşılmaz şəkildə mızıldanıb qırıq-qırıq ifadələr işlədirdi. Mən həmin uzaq 2005-ci ildə onun dediklərini anlamaqda çətinlik çəkirdim. Hansı İslam təşkilatı? Hansı İstanbul? İsgəndərovun bura nə dəxli var?! Axı İsgəndərov və İslam - bunlar bir araya sığmayan anlayışlardır...

Parlament seçkiləri ərəfəsində artıq heç də gənc olmayan İsgəndərov artıq bir diplomat kimi (bu isə adamın ağlına heç cür batmır!) İslam Konfransı Təşkilatı Gənclər Forumunun ictimai əsaslarla baş katibi oldu. 2007-ci ildə isə diplomatik xidmətdən gedib İstanbula köçdü və bu foruma artıq rəsmən, ştatda olan baş katib kimi rəhbərlik etməyə başladı.
Ərdoğanın məxfi siyahısındakı ikinci adam
“Sizin xüsusi xidmət orqanları uzağagedən məqsədləri olan bu kombinasiyanı nəzərdən qaçırıblar. Əlbəttə, İsgəndərov "Gülən camaatı"nın hələ Nyu-Yorkda yaxınlaşdığı nümayəndələrinin dəstəyi olmadan bu təyinatı heç cür ala bilməzdi. Onu bura hazırlayırdılar. Bu, yaxşı işlənib hazırlanmış kombinasiya və Bakıda daha yüksəyə tullanmaq üçün əla tramplin idi. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) ələ keçirmək gülənçilərdən ötrü çox vacib məsələ idi. Çünki komitənin keçmiş sədri Hidayət Orucov öz müavini Elçin Əsgərovu buna qədər - 2011-ci ildə vəzifəsindən çıxarmışdı. E.Əsgərov isə Elnur Aslanovla Elşad İsgəndərovun himayəsi altında olan adam idi. Prezident Administrasiyası rəhbərinin köməkçisi postunu tutan E.Aslanov 2005-ci ildə həmin bu E.Əsgərovu sözün hərfi mənasında vəzifəyə itələmiş, onun DQİDK sədrinin müavini təyin edilməsinə nail olmuşdu. Əsgərov da gülənçi idi. Hər halda bizim Bakıdakı səfirliyimizdə belə informasiya vardı. Lakin Hidayət Orucov burada nəyinsə qaydasında olmadığını hiss etmişdi. Hidayət Orucov Elnur Aslanovun müqavimətinə baxmayaraq Əsgərovu vəzifəsindən götürdü” - deyə türk analitik məni heyrətləndirməkdə davam edir...

...Və biz daha bir fincan tünd türk qəhvəsi sifariş edirik.

İnformasiya-arayış

Elşad İsgəndərov, Elnur Aslanov, Ceyhun Osmanlı, gənclər və idman nazirinin indiki müavini İntiqam Babayev, Elçin Əsgərov və digərləri hələ 90-cı illərin ortalarından, yəni Gənclər və İdman Nazirliyi yanında Gənclər Təşkilatlarının Milli Şurası (GTMŞ) yarandığı günlərdən vahid bir şəbəkə halında qaynayıb-qarışmışdı. E.Aslanov, C.Osmanlı, İ.Babayev, Faiq Qürbətov, E.Əsgərov, Əkrəm Abdullayev də daxil olmaqla bütün bu gənc insanlar faktiki olaraq GTMŞ-ni “kölgə”dən, Abbasov MTN-inin kuluarlarından idarə edən E.İsgəndərovun təsir dairəsində və nəzarəti altında idilər. Beləliklə, bütün bu şübhəli dəstə birbaşa İsgəndərov tərəfindən idarə edilirdi. Bu dəstə öz-özlüyündə əslində İsgəndərovun siyasi komandası kimi çıxış edirdi və onun icazəsi olmadan heç bir qərar qəbul edə, buna cürət göstərə bilməzdi. İsgəndərov sonradan Əliyevin dövlət aparatına yeridilmiş bu gələcək məmurların faktiki olaraq “xaç atası” idi.

Məsələn, sədrin müavini, GTMŞ-nin komissiya rəhbəri olan Elçin Əsgərov bilavasitə E.İsgəndərovun himayəsi altında idi. İsgəndərov 2005-ci ildə Elnur Aslanovun dəstəyi ilə Əsgərovun DQİDK sədrinin müavini təyin edilməsinə nail olmuşdu. Əsgərov 90-cı illərdə Küveytin nəhəng sələfi qurumu olan “əl-Biruni” fondunun dəstəyi ilə Azərbaycanda dini kurslar açmışdı. E.Əsgərov hazırda Dini Tədqiqatlar Mərkəzinə rəhbərlik edir, Məkkəyə zəvvarların aparılması ilə məşğul olan firmanın sahibidir. Bundan başqa, o, Elşad İsgəndərovun təşkilatının Avrasiya Mərkəzinin direktorudur. Bir sözlə, qarşımızda sektantlardan ibarət çox qəribə bir Sprut dayanıb...

Ərdoğanın məxfi siyahısındakı ikinci adam
Bəs E.Aslanovu, İ.Babayevi, C.Osmanlını və digərlərini öz nəzarətində saxlamaq, onları asanlıqla idarə etmək, 90-cı illərdə Azərbaycan gəncliyi üzərindəki gizli "kölgə hakimiyyəti"ni qoruyub saxlamaq imkanını E.İsgəndərova nə vermişdi?

Gəlin E.İsgəndərovun həmin dövrdə MTN-in hansı idarəsində işlədiyini yada salaq. Doğrudur, o, MTN-in Kəşfiyyat İdarəsinin əməkdaşı idi. Şübhəsiz ki, bu da onun xarici xüsusi xidmət orqanları ilə təmaslarının mümkün olması demək idi.

Bu isə Qərb xüsusi xidmət orqanlarının, ilk növbədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin özünü bizim xüsusi xidmət orqanları qurumlarının dəhliz və kabinetlərində kifayət qədər sərbəst apardığı illər idi. Nazir Namiq Abbasov öz idarəsinin qapılarını Pensilvaniyadan olan təlimatçıların üzünə sözün hərfi mənasında taybatay açmışdı. Həmin təlimatçılar isə Azərbaycan SSR KQB-sinin Andropov dövründən qalma binasının kabinetlərində rahat şəkildə yerləşərək gözəgörünməz cəbhənin yeni döyüşçülər nəslinə gizli müharibə sənətinin incəliklərini öyrədirdi.

Kim bilir, “Azərbaycan gülənçiliyi” modelinin formalaşmasının perspektivləri bəlkə də bu kabinetlərin birində, yeni dünya sektası tərəfindən idarə olunan azərbaycanlı siyasətçilərin yeni nəslinin yetişdiyi Azərbaycan gəncliyinin hələ bərkiməmiş, formalaşmamış mühitində cızılırdı.

Hakim elitadakı bu nurçular qruplaşmasının necə dəqiq və ölçü-biçili fəaliyyət göstərməyinə diqqət edin. Bu sistem sanki saat mexanizmi idi. Çox dəqiq işləyirdi...

Hidayət Orucov E.İsgəndərovun adamını müavinlikdən çıxarandan dərhal sonra PA-da şöbə müdiri vəzifəsindəki mövqelərini möhkəmləndirən E.Aslanov bu adama - Heydər Əliyevin ən yaxın tərəfdarlarından biri olan, dövlət işində böyük təcrübə toplayan sabiq dövlət müşavirinə qarşı çirkin kampaniyaya başladı. Elşad İsgəndərovun “gənc qvardiyaçıları” bu kampaniya nəticəsində H.Orucovu vəzifəsindən və ölkədən kənarlaşdırmağa nail oldular. Siz hələ bu qruplaşmanın nə qədər güclü hakimiyyətə, hökmə malik olmasına baxın!!!

* * *

“Onlar İsgəndərovun yolunu açırdılar. Sonuncuya isə sonuncu cəhdi etmək qalırdı. Burada hər şeyə məntiqi izah vardı: gənc dünyəvi islamçı, İstanbuldakı Gənclər Forumunun baş katibi qanunauyğun təyinat alır. O, DQİDK sədri olur. Bu qurum üzərində nəzarəti ələ almaq Gülən sektasından ötrü hələ Rafiq Əliyev dövründən bəri həyati əhəmiyyətli məsələ idi. Və bu sekta istədiyinə nail oldu. Elşad İsgəndərov 2012-ci ildə DQİDK sədri vəzifəsini tutdu. Bizim əlimizdən isə yalnız heyrətlənmək və hadisələrin sonunu gözləmək gəlirdi” - deyə analitik öz fikirlərini paylaşa-paylaşa qovluğundan fotoşəkillər çıxarır.

Həmin fotolar E.İsgəndərovun fəaliyyətinin Nyu-York və İstanbul dövrlərində çəkilib. İsgəndərov burada “Hizmət hərəkatı”nın əsas simalarının əhatəsindədir.

Gözlərimə inana bilmirəm! Özlüyümdə düşünürəm ki, onlar İsgəndərovun addımlarına uzun illər ərzində göz qoyublar, onu nəzarətdə saxlayıblar. İsgəndərov onların boşqabında, ovcunda, ola bilər ki, lap elə qarmağında olub...

Ərdoğanla Əliyevin son sözü

Məni rahat buraxmayan bu fikirdən sözlə ifadə edilməsi mümkün olmayacaq dərəcədə dəhşətə gəlir, Azərbaycanın gələcəyi barədə düşünürəm. Qisasçı sektantlar hakimiyyətin yuxarı eşelonlarındakı bu siyasi nüfuzlarını qoruyub saxlasaydılar, ölkənin halı, aqibəti necə olardı?!

Əgər Ərdoğan Əliyevə yaxınlaşmaqda olan təhlükə barədə vaxtında xəbərdarlıq etməsəydi, ölkənin hansı davamlı siyasi qarışıqlıq və vətəndaş qarşıdurması girdabına yuvarlanacağını təsəvvür edirsinizmi? “Haqq-hesab saatı” başlayan anda Əliyev hakimiyyəti də gülənçilərin Ərdoğanın siyasi ölümünə hesablanmış zərbələri sayaq davamlı yaylım atəşinə məruz qalacaqdı...

...Nəyə görəsə adamın yadına Heydər Əliyevin 1995-ci ilin martında Binə aeroportunda vurulmalı olan təyyarəsinin tarixçəsi düşür. H.Əliyevi onda Süleyman Dəmirəl xəbərdar etmiş, onu sözün əsl mənasında qaçılmaz ölümdən xilas etmişdi.

Bu gün isə hakimiyyətə yeridilmiş və xarici xüsusi xidmət orqanlarının təsiri altında olan sektantların siyahısını Əliyevə verən Ərdoğan Azərbaycanı dünya təsərrüfatını yenidən bölüşdürmək və yeni təbii sərvətləri ələ keçirmək naminə bütöv xalqları və ölkələri məhv etməyə hazır olan hiyləgər imperializm maşınının ekspansiyasından xilas etdi. Türkiyə bizi yeni təlatümlərdən qurtardı...

...Mən artıq Bakıda və hələ də həmsöhbətimlə görüşümün təəssüratlarının ağır, əzici təsirləri altındayam. Axı ölkə yeni kataklizm və təlatümlərin astanasında idi. Demək olar ki, indi Türkiyənin olduğu bir vəziyyətdə... Buna zərrə qədər də şübhə etmirəm.

Və mən iki dövlət başçısının Bakıdakı mətbuat konfransında dediyi sözlərə yenidən diqqətlə, amma bu dəfə başqa bucaq altından nəzər yetirirəm.

İlham Əliyev deyirdi: “Biz münasibətlərimizi pisləşdirə biləcək heç bir hərəkətə heç bir vəchlə yol verməyəcəyik. Biz bir-birimizin yanındayıq. Biz bir-birimizi müdafiə edib dəstəkləyəcəyik. Biz bir yerdə olacağıq və bir yerdə olmalıyıq”.

Ərdoğan deyirdi: “Əgər ölkələrimizdə hansısa çətinliklər varsa və bu çətinliklər ölkələrimizi narahat edirsə, biz onları öz aramızda müzakirə edəcəyik”.

Deyəsən, mən təhlükənin miqyasını anlamağa başlayıram...

Eynulla Fətullayev

Virtualaz.org


Geri qayıt