DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Soros Azərbaycan səhər yeməyinə qarşı:nazirin qərarı inqilab sponsorunun xoşuna gəlmədi

Soros Azərbaycan səhər yeməyinə qarşı:nazirin qərarı inqilab sponsorunun xoşuna gəlmədi


19-04-2015, 10:26. Yerləşdirdi: Tural Soros Azərbaycan səhər yeməyinə qarşı:nazirin qərarı inqilab sponsorunun xoşuna gəlmədi
“Narıncı inqilab”ların sponsoru, məşhur birja maxinatoru və milyarder Corc Sorosun maliyyələşdirdiyi Amerika portalı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Avropa Oyunları ərəfəsində otellərdə səhər yeməyinə dair qərarını tənqid edib.

Virtualaz.org saytı xəbər verir ki, Nyu-Yorkda mənzillənən və Açıq Cəmiyyət İnstitutunun Avrasiya Proqramları tərəfindən idarə olunan EurasiaNet.org saytında nazirliyin otellərdə ancaq Azərbaycan səhər yeməyi verilməli olduğuna dair qərarını “qastronomik azadlıqların məhdudlaşdırılması” kimi qiymətləndirib.

Saytın bu cür dəyərləndirməsinin səbəbi bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin jurnalistlərə verdiyi açıqlama olub. Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün otellər müştərilərə ancaq Azərbaycanın milli səhər yeməyini təklif etməlidir.

Ə.Qarayev bu yeməyin “Azerbaijan Breakfast” adı altında patentləşdiriləcəyini, Avropa Oyunları ərəfəsində bir neçə otelin bu səhər yeməyinə keçdiyini, gələcəkdə qaydanın bütün otellər üçün məcburi olacağını deyib. Nazir bunu belə əsaslandırıb ki, qonaqlar Azərbaycanın ənənəvi səhər yeməyini yemək üçün otelləri tərk etməli olurlar.

Otellər isə müştəriləri əldən buraxmamaq üçün bundan sonra öz menyülərinə “Azerbaijan Breakfast”ı daxil edəcəklər.

Sorosun saytı yazır ki, bu qərarın Bakıda keçiriləcək Avropa Oyunlarında minlərlə idmançını və tamaşaçını yedirtmək üçün verildiyi aydındır. Bu tədbirə qatılacaq qonaqların bütün xərclərini Azərbaycan maliyyələşdirəcək.

“Mətbəx əlbəttə ki, Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə tanıtmağa hesablanmış bu missiyanın bir hissəsidir. Və səhər yeməyi gün ərzində qida qəbulunun ən mühüm olanıdır. Ancaq “Azerbaijan Breakfast”ın tərkibinə nə daxildir? İdeyanın cəlbedici olmasına baxmayaraq Mədəniyyət və Turizm Nazirliyi hələ bunu müəyyənləşdirməyib. Dövlət Patent Komitəsi də heç nə bilmir. İddia etmək çətindir ki, “Azerbaijan Breakfast” patentləşdirilməyə layiq olacaq dərəcədə qeyri-adidir. Bir qayda olaraq bu yeməyə qoyun pendiri, bal, yoğurt, meyvələr, pomidor-yumurta, çörək və çay, çay, çay... daxildir. Məzmun regionun digər ölkələrindən fərqlənmir” - deyə sayt yazır.

EurasiaNet.org iddia edir ki, Avropa Oyunları üçün Azərbaycana gələn qonaqlar təkcə səhər yeməyi məhdudiyyəti ilə üzləşməyəcəklər. Otellərdə televizorlar yalnız yerli kanalları göstərir və qonaqlar yalnız Azərbaycan hökumətinin mövqeyini əks etdirən xəbərlərə baxa biləcəklər.

Sayt Azərbaycanda jurnalistlərin və fəalların həbsini də xatırladır. Yazır ki, bütün bunlar Avropa Oyunlarına gələnlərin, beləliklə də “Azerbaijan Breakfast”ın müştərilərinin sayına təsir edə bilər.

Qeyd edək ki, EurasiaNet.org müntəzəm olaraq Azərbaycan hakimiyyətinin tənqidinə həsr olunmuş məqalələr dərc edir. Bu ilin yanvarında Corc Soros Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüşdü və ondan “Soros Fund Management LLC” şirkətinin Azərbaycanın neft pullarının idarə edilməsi biznesində yenidən iştirakına razılıq verilməsini, həmçinin Soros Fondunun Azərbaycana qayıtmasına icazə verməsini xahiş etdi.

İ.Əliyev etiraz etməyib. Amma həmsöhbətinə bir daha xatırladıb ki, Azərbaycan hökuməti Sorosa və onun fonduna ölkənin daxili işlərinə, daxili siyasi həyatına qarışmağa heç bir halda icazə və imkan verməyəcək.

Nəticədə görüş başa çatandan dərhal sonra Sorosun fondu Azərbaycan hakimiyyətini insan haqlarını pozmaqda ittiham edən bəyanat yaymışdı. Məlum olmuşdu ki, əgər Sorosun şəxsi xahişi qəbul edilsəydi, “məxməri inqilab”ların əsas sponsoru və ilhamvericisi tamam başqa məzmunda bəyanatla çıxış edəcəkdi...
Geri qayıt