DataLife Engine > BLOK XƏBƏR, MANŞET > Etibar Pirverdiyevin işığı və yaxud qaranlıq səma

Etibar Pirverdiyevin işığı və yaxud qaranlıq səma


11-02-2015, 10:22. Yerləşdirdi: Tural Etibar Pirverdiyevin işığı və yaxud qaranlıq səma
Azərenerji” ASC-nin əsas səlahiyyətləri “Azərişıq”a verildi; Baba Rzayev yeni yaradılan qurumun sədri təyin olundu; iqtidar elitasının ən zəngin simalarından sayılan Pirverdiyevin taleyi qeyri-müəyyənlik içində; zaman-zaman adı korrupsiyada hallanan “Azərenerji” bossunun istintaqa cəlb ediləcəyi də istisna deyil
Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra daha bir iri qurumun səlahiyyətləri əlindən alınıb. President.az saytının məlumatına görə, prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir ki, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılsın.

Sərəncamın digər bəndində qeyd edilir: “Müəyyən edilsin ki, ”Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir".

Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün;

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni nizamnamələrini və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Prezidentin digər sərəncamı ilə indiyədək “Bakıelektrikşəbəkə”yə rəhbərlik etmiş Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.



***
Bəzi ekspertlər bu məsələni şərh edərkən bildirdilər ki, neftin qiymətinin ucuzlaşması, gəlirlərin azalması şəraitində hakimiyyətin xərcləri azaltmaq üçün bir-birini təkrarlayan və paralel qurumların birləşdirməsi, eyni səlahiyyətlərin bir quruma tabe etdirilməsi siyasəti məqsədəmüvafiqdir. Hətta belə təkliflər də edilir ki, Vergilər və Maliyyə nazirlikləri və Əmlak Komitəsi də birləşdirilə bilər. Bundan başqa, struktur islahatları çərçivəsində bir neçə baş idarənin ləğv olunaraq daha böyük paralel quruma birləşdiriləcəyi haqda da informasiyalar var.



Prezidentin sərəncamı ilə “Azərenerji” ASC-nin və “Bakıelektrikşəbəkə”nin paralel səlahiyyətlərinin bir ələ yığılması, daha dəqiq desək, ölkə boyunca elektrik enerjisi üzrə əsas səlahiyyətlərin vahid quruma - “Azərişıq” ASC-yə verilməsi də müsbət addım kimi qiymətləndirilir. Burada diqqətçəkən məqam odur ki, “Azərişıq” faktiki olaraq “Bakıelektrikşəbəkə”nin bazasında yaradılıb və “Azərenerji”nin əsas səlahiyyətləri, müvafiq strukturları, maddi-texniki bazası ondan alınaraq yeni quruma ötürülüb. Burada bir məqamı qeyd edək ki, “Azərenerji” indiyədək Bakı şəhəri istisna olmaqla, bütün ölkənin enerji təminatını həyata keçirirdi. Bundan sonra isə Azərbaycanda enerji təchizatı işini “Azərişıq” həyata keçirəcək.

“Azərenerji” isə yalnız elektrik enerjisinin istehsalı ilə məşğul ola biləcək. Bu səlahiyyətin də bir müddət sonra ondan alınaraq “Azərişıq”a veriləcəyi iddia olunur.



O da qeyd olunur ki, ölkə boyunca enerji təminatının “Azərenerji”dən alınması, yeni yaradılan quruma Baba Rzayevin rəhbər təyin olunması Etibar Pirverdiyevin korrupsioner imici ilə bağlı olan məsələdir. Mütəxəssislər bildirir ki, adətən belə hallarda ya daha kiçik olan qurumu böyük quruma birləşdirirlər, ya da balaca müəssisələrin səlahiyyətlərini iri müəssisəyə verirlər. İndiki halda “Azərenerji” “Bakıelektrikşəbəkə”dən qat-qat böyük struktur idi. Ancaq Etibar Pirverdiyevin nüfuzdan düşməsi, onun zaman-zaman böyük maxinasiyalar etməsi, yarıtmaz fəaliyyətinin nəticəsidir ki, enerji sektorunda onun əsas səlahiyyətlərini əlindən alaraq, ölkənin elektrik enerjisi sektoruna nəzarəti faktiki olaraq Baba Rzayevə həvalə ediblər. Burada söhbət E. Pirverdiyevin vurulmasından gedir. Əks təqdirdə, paralel səlahiyyətlərin vahid quruma verilməsi anlamında yalnız Bakının enerji təchizatını həyata keçirən “Bakıelektrikşəbəkə”nin səlahiyyətlərini “Azərenerji”yə verməklə məsələni daha asan həll etmək mümkün idi...

***
Nəzərə çatdıraq ki, Etibar Pirvediyevin enerji sektorunda həyata keçirdiyi maxinasiyalar, onun dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilməsi haqda “Yeni Müsavat” zaman-zaman yazıb. Onun son 5-6 ildə təkcə enerji sektoruna qoyulan 3 milyard dollardan (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına) çox investisiyanı “havaya sovurması” da faktlarla yazılıb. Daha dəqiqi, E. Pirvediyev bu vəsaitləri öz biznes strukturları vasitəsilə “əridib”. Buna dair “Yeni Müsavat”ın ötənlərdə dərc etdiyi araşdırma yazısında qeyd olunur: “Azərenerji”nin səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan, ASC-nin rəhbəri dövlət məmuru hesab olunur və onun bizneslə məşğul olması yasaqdır. Ancaq Etibar Pirverdiyev geniş bizneslə məşğul olub və dövlət büdcəsini talamaq hesabına imkanlarını genişləndirib. 3 milyon dollara sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb...



2009-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “İnter Enerji” MMC-ni “Azenco” ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Komitənin məlumatında o da qeyd edilirdi ki, “İnter Enerji” silinmək üçün 100 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini və dövlət büdcəsinə 6,4 milyon manat ödəməyi öhdəsinə götürüb.

#a#

Zəruri arayış: “Azenco” ASC 2008-ci ilə qədər “Azerenerji” ASC-nin tərkibində “Azerenerjitikinti” MMC adıyla fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC “Azenco” Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Müsabiqəni isə “İnter Enerji” udur (23 dekabr 2009-cu il).

“İnter Enerji” MMC “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o özü, formal idarəetməni isə qaynı həyata keçirir. 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Yəni Etibar Pirverdiyev 500 milyon manatlıq “Azenco”nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. Bu, korrupsiyanın hələ hamısı deyil. “İnter Enerji” Sumqayıtdakı Texnologiya Parkını da ələ keçirib.



E.Pirverdiyev orada müxtəlif istehsal və xidmət sahələri (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri və s.) yaradır ki, “Azərenerji” təchizatını tam inhisarda saxlasın. Yəni “Azərenerji”yə qoyulan investisiyaların əhəmiyyətli kəsimi öz cibinə axsın. Buna nail də olub. Formal keçirilən tenderlərin qalibi istisnasız olaraq “İnter Enerji” MMC olur. Burada qiymət və xidmət tarifləri fantastik həddə şişirdilir. “İnter Enerji” MMC investisiya müsabiqəsində daha bir müəssisəni - Balakən kiçik su elektrik stansiyasını özəlləşdirib"...
#a#
Beləliklə, Pirverdiyev nəhəng investisiya və büdcə pullarını “İnter-Enerji” MMC vasitəsilə “silib”, nəticədə ölkənin elektrik enerjisi sektorunda heç inkişaf baş verməyib. Nəticədə, hər il qış aylarında “Şimal” DRES-də tez-tez qəza baş verib, hava soyuyan kimi enerji təminatında problemlər yaranıb.

* * *

Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları haqda da dəfələrlə yazılıb. Onun ən ciddi maxinasiyalarından biri də Dövlət Bayrağı Meydanının tikintisi zamanı üzə çıxmışdı. Bayraq meydanının tikintisi Etibar Pirverdiyevin nəzarətində olan tikinti şirkəti tərəfindən inşa edilib. Tikinti başa çatmamış meydanın çökməsi, bayraq qülləsinin əyilməsi ölkə rəhbərini qəzəbləndirmişdi...

Bütün bu faktlar təbii ki, ölkə rəhbərliyinə, aidiyyəti hüquq-mühafizə orqanlarına da bəllidir. İndiki krizis dönəmində vurulmuş iri bir məmurun dövlətdən oğurladığı milyardların onda saxlanılacağı da inandırıcı deyil. Bu baxımdan Etibar Pirverdiyevin mənimsədiyi fantastik vəsaitlərin dövlətə qaytarılması üçün onun istintaqa cəlb edilməsi də tamamilə mümkün görünən məsələdir. Ya o, oğurladıqlarını könüllü şəkildə qaytarmalıdır, ya da bunu ondan başqa yollarla alacaqlar...
Geri qayıt