» » Xəzərin vulkan və zəlzələləri: hasilat necə təşkil olunur - açıqlama

Xəzərin vulkan və zəlzələləri: hasilat necə təşkil olunur - açıqlama

Bölmə: BLOK XƏBƏR, GÜNDƏM
Xəzərin vulkan və zəlzələləri: hasilat necə təşkil olunur - açıqlama
SOCAR rəsmiləri: “Vulkan və ona yaxın ərazilərdə heç bir obyekt tikilmir”
Azərbaycanın rəsmi qurumları iyulun 4-də Xəzər dənizində baş verən partlayış və alovun palçıq vulkanı püskürməsi olduğuna dair cəmiyyətə rəsmi məlumat, vizual görüntülər təqdim etdilər.

Məlumatdan aydın oldu ki, vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Bu barədə mətbuata Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli danışarkən deyib. Onun sözlərinə görə, saat 21:51-də baş verən palçıq vulkanı püskürməsi 8 dəqiqə davam edib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı videogörüntülərdən vulkanın artıq sönməkdə olduğu görünür.

SOCAR-ın İctimaiyyətlə əlaqələr idarəsinin rəsmisi İbrahim Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, hadisə nəticəsində SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib: “Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir. Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdi. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”.
Xəzərin vulkan və zəlzələləri: hasilat necə təşkil olunur - açıqlama
İbrahim Əhmədov

Qeyd edək ki, Daşlı ada özü palçıq vulkanından yaranıb. Xəzər dənizində, Bakı arxipelaqında Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. XVIII əsrin birinci yarısında Rusiya çarı I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdı.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun məlumatına görə, palçıq vulkanlarının qlobal miqyasda yayılması məhduddur: "Alp-Himalay, Sakit Okean və Mərkəzi Asiyanın mütəhərrik qurşaqlarında dünyanın 30 ölkəsində (İtaliya, Rumıniya, Ukrayna, Azərbaycan, Türkmənistan, İran, Pakistan, Myanma (Birma), Malayziya, İndoneziya, Kolumbiya, Trinidad, Tobaqo və s.) yerləşiblər. Palçıq vulkanlarının inkişafı üçün Azərbaycanın ərazisi unikal və klassik regiondur. Planetimizdə məlum olan 800 palçıq vulkanlarından 400-ə yaxını Cənubi Xəzər neft-qaz hövzəsi hüdudlarında yerləşir ki, onlardan da 300-dən çoxu Cənubi Azərbaycan və Xəzərətrafı akvatoriyadadır. Ona görə də Azərbaycanın palçıq vulkanlarının vətəni sayılması təsadüf deyil. Eyni zamanda burada palçıq vulkanlarının təzahürünün bütün formalarına rast gəlinir (fəaliyyətdə olan, sönmüş, gizlədilmiş, sualtı, bollu neftayıranlar). Vulkanların sayına onların fərqliliyinə və fəaliyyətlərinin aktivliyinə görə dünyada Azərbaycana bənzər ərazi yoxdur".
Xəzərin vulkan və zəlzələləri: hasilat necə təşkil olunur - açıqlama
Azərbaycanda palçıq vulkanları ən çox Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləri ərazisində yayılıb. Cənubi Xəzər hövzəsi unikal hövzə olduğundan burada çoxlu vulkan var: “Burada çöküntü qatının qalınlığı 30 km-dən artıqdır. Heç bir ərazidə bu qalınlıqda çöküntü qatı yoxdur. Vulkanların əmələ gəlməsi çöküntü qatı ilə əlaqədardır. Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Qeyd edilən palçıq vulkanlarının 154-ü isə dəniz vulkanıdır. Palçıq vulkanlarının dəniz şəraitində fəaliyyəti nəticəsində adalar, saylar, dayazlıqlar və sualtı dağ sıraları yaranır. Cənubi Xəzərin Bakı arxipelaqında palçıq vulkanı mənşəli 9 ada (Zənbil, Gil, Xarə-Zirə, Qarasu, Səngi-Muğan, Daşlı və b.) və çoxsaylı sualtı saylar mövcuddur”.

Azərbaycanda ilk dəfə 1810-cu ildə Xəzər dənizində Gil və Xarə-Zirə adalarında püskürmə hadisələri baş verib
Xəzərin vulkan və zəlzələləri: hasilat necə təşkil olunur - açıqlama
Axırıncı dəfə Xəzərdə palçıq vulkanı 2001-ci ildə - Buzovna pilpiləsi, Çigil-dənizdə baş verib. Daşlı ada Qarasu palçıq vulkanı silsiləsinə aiddir. Bakı arxipelaqının iri və aktiv ada vulkanlarından biridir: "Qrifon və salzaların müxtəlifliyi ilə səciyyələnir, qaz, su, neft örtüklü lilli palçıq çıxardır. Onun ilk püskürməsi XIX əsrin ikinci yarısında -1876-cı ilin fevral və mart aylarında qazın yanması və alov sütununun yüksəyə qalxması ilə qeydə alınıb. 1923-cü ildə baş verən püskürmədə 60-70 min m3 brekçiya çıxarılıb. Ən intensiv və davamlı püskürmə (iki sutka) 1977-ci ilin aprelində baş verib".

Xəzər dənizindəki digər palçıq vulkanı Çigil dəniz 2001-ci il 30 mayda 40 illik fasilədən sonra püskürüb. O, Neftçala şəhərindən 38 km şərqdə Bakı arxipelaqında yerləşir. Vulkan periodik püskürənlər sırasına aiddir. Maraqlıdır ki, vulkanın hər bir püskürməsindən sonra müxtəlif ölçülü adalar əmələ gəlir, onlar bir neçə aydan sonra dalğalarla yuyulur, vulkanın əsas kütləsi su altında qalır və sualtı bankəyə çevrilir.

Göründüyü kimi, Xəzər dənizi palçıq vulkanlarına, eyni zamanda aktiv seysmikliyə malikdir. Demək olar ki, hər ay dənizdə zəlzələlər qeydə alınır. Bu şəraitdə dənizdə neft-qaz hasilatı necə təşkil olunur? İ.Əhmədovun dediyinə görə, dənizdə bütün hasilat prosesi palçıq vulkanlarının aktiv olduğu ərazilər nəzərə alınmaqla təmin edilir: “Mövcud vulkanların hamısının yerləri bəllidir. Hasilat işləri həyata keçirilərkən onlar mütləq nəzərə alınır: istər yaşayış platformalarının quraşdırılması, istər hasilat platformaları, istər də nəql infrastrukturu yaradılarkən. Palçıq vulkanları ilə bağlı bu tələblərə quruda da əməl edilir: heç bir sənaye əhəmiyyətli qurğu, obyekt onlara yaxın yerdə inşa olunmur. Strateji obyektlər isə xüsusilə. Lakin təəssüf ki, bir çox hallarda vətəndaşlar vulkan ərazisində ev tikirlər. Biz bunun dəfələrlə şahidi olmuşuq ki, vulkan püskürəndə onlarla evin sakinləri təxliyə edilir”.

SOCAR rəsmisi bildirir ki, palçıq vulkanlarının neft-qaz yataqları ilə müəyyən bağlılığı var: “Buna görə belə məsələlərə həssas yanaşılır. Amma aydındır ki, artıq mövcud olan vulkanlardan əlavə, fərqli yerlərdə vulkanların püskürməsi, eyni zamanda zəlzələlərin olması bir təbiət hadisəsi kimi mümkündür. Onların proqnozlaşdırılması bilavasitə SOCAR-ın fəaliyyətinə aid olmasa da, hasilat prosesində müvafiq qurumların proqnozları mütləq nəzərə alınır”.
Xəzərin vulkan və zəlzələləri: hasilat necə təşkil olunur - açıqlama
Fərhad İbadov

Dünən Daşlı adadakı vulkan püskürməsinə həsr olunmuş mətbuat konfransında SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov da qeyd edib ki, şirkət tərəfindən layihə həyata keçiriləndə bütün risklər qiymətləndirilir, bundan sonra platformalar inşa edilir: “Xəzər dənizində vulkanlar mövcuddur, amma bunu tədqiq etmək üçün hər hansı layihədən əvvəl o yerlər öyrənilir. Risk ola biləcək yerlərə yaxın ərazilərdə platforma tikilməməsinə çalışılır”.

F.İbadov qeyd edib ki, baş vermiş hadisəni SOCAR rəhbərliyi operativ şəkildə diqqətdə saxlayıb, müvafiq mütəxəssis qrupu göndərilib və öyrənilib ki, palçıq vulkanı püskürüb: “Hadisə Daşlı adadan 2 km məsafədə baş verib. Həmin yerdə SOCAR-ın heç bir infrastrukturu yoxdur və qazma işi aparılmayıb. Yayılan məlumatlar şayiədir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler