» » “Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq”

“Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq”

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq”





“Yer kresloda oturmaq demək deyil ki, yer işdir. Bu yeri səsvermə ilə seçirlər. Səs qazanmazdan öncə hörmət qazanmaq lazımdır. Ümumiyyətlə, gərək yazıçı hörmət, ad-san qazansın. Hazırda qurumda 10-dan çox akademik var. Belə bir təşkilat tanınmayan bir gənci rəhbərliyə gətirsə, akademiklər deməz ki, bunlar kimdir?”

“Xalqinfo” xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a müsahibəsində Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca deyib. Sabah 84 yaşı tamam olacaq şair ad günlərini adətən qeyd etmədiyini bildirib.

“Bir sıra gənc yazarlar tez-tez deyir ki, niyə qurumda 32 ildir ki, katib işləyən Fikrət Qoca və 28 ildir sədr olan yazıçı Anar, yaşlılar yerini, kreslosunu gənclərə vermək istəmir?” sualına Fikrət Qoca belə cavab verib:

“Məşhur, tanınmış əsəri yoxdur, amma sədr olmaq istəyir. Anarı tanıyırlar, ona görə ona səs verirlər. Hər 5 ildən bir bu vaxtı başlayırlar qaynaşmağa, iddia ortaya atmağa ki, sədr olmaq istəyirəm. İddia gərək ölçülsün. Mən kosmonavt olmaq istəyirəm. Amma axı kosmonavt yazıqlar xeyli məşq edir, illərlə bu yolu keçirlər. Bu məsələ də belədir. Biz axı bu işin necə aparılmasını bilirik. İndi deyirlər ki, bu işləri yarımçıq qoyaq, deyək ki, gəl Əhmədağa, bura sənindir? Onlar bilməyəcək işin başı harasıdır, ayağı harası”.

Xalq şairi qeyd edib ki, sədrliyə namizədliklərini verən yazıçıları tanımır: “Vallah yaxşı tanımıram. Çünki mən yazıçıları əsərləri ilə tanıyıram. Özlərini görsəm, bilmirəm yadıma düşər, ya yox. Mən buranı tutub duran deyiləm, hamımız bir gün gedəcəyik. İndi dəli deyiləm ki, qoca vaxtımda durub bura gəlim. Bir gün heç qurultayı gözləməyəcəm, çıxıb gedəcəm. Gəlib işləyə biləcəklər? Bəzən elə kobud şəkildə deyirlər ki, “dur, get!”, adam bilmir hansı ailədən gəliblər. Yazıçı üçün əxlaq ciddi məsələdir?”

Fikrət Qocanın sözlərinə görə, yazıçı Anar ona yerini təklif etsə buna razı olmaz: “Anar həm istedadlı yazıçıdır, həm də çox ziyalı, ciddi insandır. Bununla bərabər onun insanlarla işləmək qabiliyyəti yüksəkdir. Məsələn, düşünürəm ki, ola bilər ki, hansısa məqamda özümdən çıxa, dözə bilmərəm, qarşımdakına ağır söz deyərəm, bunları yəni özümdə hiss edirəm, ona görə ehtiyatlı oluram. Amma Anardan arxayınam, onu 60 ildir ki, tanıyıram. Bir şey olanda gedib onunla məsləhətləşirəm - baxmayaraq ki, ondan 3 yaş böyüyəm, mən də onun qədər təhsil almışam. Anar bu işə layiqdir. Üstəlik, beynəlxalq miqyasda, keçmiş SSRİ məkanında olmuş dövlətlərdə tanınır. Burdan bir məktub gedəndə izah etməyə lüzum qalmır ki, kimdir, nəçidir. Biri gedəndə, deyəndə ki, “məni Anar dəvət edib”, sorğusuz qəbul edirlər. Tutaq ki, burada birini biz tanıyırıq, amma axı onu dünya tanımır. İndi Anarın qədrini bilsinlər ki, işləyir. Anar bilsə ki, bir nəfər belə onun əleyhinə səs verəcək, bir dəqiqə də dayanmaz burda. Hansı ki, sədr olmaq istəyirlər, bir nəfər seçilən kimi, düşəcəklər onun üstünə”.

“Doğum gününüzdə kimdən təbrik gözləyirsiz?” sualını isə Qoca belə cavablandırıb:

“Bu mənim üçün böyük iş deyil axı. Artıq yaşlaşmışam. Elə bilirəm ki, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq. İnsan nə qədər yaşayar? Özü də 3 dəfə ölüb-dirilmişəm. İnsan sadəcə, onun arxasınca baxan nəvəsi və yaxud övladının nigaran, qorxu dolu baxışını fikirləşir, bax bu çox dəhşətlidir...”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler