» » Qüdrət Həsənquliyev Əli Kərimlinin paxırlarını açdı

Qüdrət Həsənquliyev Əli Kərimlinin paxırlarını açdı

Bölmə: BLOK XƏBƏR
Qüdrət Həsənquliyev Əli Kərimlinin paxırlarını açdı






AXCP sədri Əli Kərimli Azadlıq Radiosuna verdiyi müsahibədə vaxtı ilə partiyanın Rəyasət Heyətinin üzvü olan, hazırkı BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ona iqtidar adından parlamentin spikeri və 5 nazir postu təklif etdiyini bildirib. AXCP sədri qeyd edib ki, bu məsələ partiyanın Rəyasət Heyətinin iclasında 17 nəfərin iştirakı ilə müzakirə olunub və iki nəfər istisna olmaqla qurumun digər üzvləri tərəfindən rədd olunub.

BayMedia Q.Həsənquliyevin məsələyə münasibətini öyrənib. Deputat Ə.Kərimlinin iddialarını gülünc adlandırıb: “2000-ci ilin parlament seçkilərindən sonra Əli Kərimli Milli Məclisə düşə bilməyən digər partiyalarla birlikdə parlamenti boykot etmək barədə sənədi imzalamağa hazırlaşırdı. Bu zaman ona niyyətinin yanlış olduğunu bildirdim və nəticələrinin partiyamız üçün ağır olacağını söylədim. Niyə belə fikrə düşdüyünü soruşduqda o bildirdi ki, “Müsavat Partiyası seçkidən iki həftə sonraya, noyabrın 19-na mitinq təyin edib. Bizi də Heydər Əliyevə qatıb məhv edəcəklər”. Həmin vaxt onun otağında partiya rəhbərliyində təmsil olunan 23 nəfər var idi. Kərimli bildirdi ki, bu rəsmi iclas deyil, ancaq rəy sorğusu keçirmək istəyir. Soruşdu ki, kim parlamentin boykot edilməsi barədə təklif edilən sənədi imzalamağına razıdır? 12 nəfər məni müdafiə etdi. O da öz növbəsində söz verdi ki, sənədi imzalamayacaq. Amma bir neçə saatdan sonra geri döndü və heç nə deməmiş rəngindən başa düşdüm ki, sənədi imzalayıb. Soruşdum niyə imzaladın? O isə Sabir Rüstəmxanlı barədə dedi ki, mən elə bilirdim o imzalamayacaq, mən də ona istinad edib imzalamayacağam. Amma daha o da imzalayandan sonra mənim başqa yolum qalmadı. Bu zaman ona dedim ki, qorxaq və sürüşkən siyasət heç kimə uğur gətirməyib və sən tezliklə qərarını ləğv etmək məcburiyyətində qalacaqsan. Elə də oldu. Müsavatın mitinqinə xalq ciddi dəstək vermədi və o da Ali Məclisi çağırıb imzasını ləğv etdirib, Milli Məclisə getdi. İclasdan qabaq mənə dedi ki, sən boykotun əleyhinə idin, indi çıxış elə və əsaslandır ki, biz parlamentə getməliyik. Mən imtina etdim və dedim sənədi sən imzalamısan, indi də özün Məclis üzvlərini parlamentə getməyin zəruriliyinə inandır. O da elə etdi. Həmin iclasda ümumiyyətlə çıxış etmədim. Bu mənim onunla ilk açıq və ciddi fikir ayrılığımız oldu. Onun otağından çıxarkən Space TV-nin müxbirləri ilə qarşılaşdım. Onlar məndən bu barədə soruşanda, parlamentə getməməyimiz barədə Əli Kərimlinin qəbul etdiyi qərarın yanlış olduğunu söylədim. Bunlardan sonra bu qədər qeyri-ciddi və sürüşkən adama iqtidar necə belə bir təklif verə bilərdi? İkincisi, onun iqtidarla ən yüksək səviyyədə, həm parlament, həm də Prezident Administrasiyası səviyyəsində birbaşa ciddi əlaqələrinin olduğu halda iqtidar bu təklifi niyə mənim vasitəmlə ona çatdırmalıydı? Üçüncüsü, partiyanın Rəyasət Heyətində heç vaxt belə bir müzakirə olmayıb”.

BAXCP sədri bildirib ki, Elçibəy Bakını tərk edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum prezident Heydər Əliyevin yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib: “Amma rədd cavabı aldı. Onun ana müxalifət kimi qalması daha məqsədəuyğun hesab olunmuşdu. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini necə spiker seçə bilər? Dünya buna gülməzdimi? Bu onun həmin müsahibədə dediyi kimi balaca oğluna özündən düzüb, qoşub danışdığı nağıllardan biridir”

Q.Həsənquliyev Ə.Kərimlinin Etibar Məmmədovu müdafiə etməsinin səbəbləri barədə söylədiklərini də cəfəngiyat adlandırıb: “Kərimlinin ən ciddi tərəfdarı, hazırda ABŞ-da yaşayan Qorxmaz Əsgərovun “ Ayının əmisi oğlu” adlı "Azadlıq" qəzetinin internet səhifəsində dərc olunmuş məqaləsini oxuyun və başa düşəcəksiniz ki, Əli Kərimli Milli Demokratiya İnstitutunun diqtəsi ilə eyni iqtidarda təmsil olunduğu İsa Qəmbəri yox, həmin iqtidarın devrilməsində müstəsna xidmətləri olan Etibar Məmmədovu müdafiə edib. Məqsəd isə iqtidara xidmət etmək üçün İsa Qəmbərin səslərini parçalamaq olub. Yox, seçkidən sonra özünü sığortalamaq üçün qələbə münasibətilə təbrik etdiyi İsa Qəmbərin həmin düşərgənin öncülü olmasını başa düşməyibsə, vay bu gün də onun arxasınca gedənlərin halına. Yaxşı olardı Qarabağın itirilməsi hesabına hakimiyyətə gəlmək istəyən Əli Kərimli “Key West”danışıqları ərəfəsində ABŞ səfirinin tövsiyyəsi ilə AXCP-təyin olunmuş mitinqini niyə təxirə salmasından danışsın?”.

Ə.Kərimlinin dedikləri və Q.Həsənquliyevin ona cavabı ilə bağlı hər iki siyasətçinin keçmiş silahdaşı, 2000-ci ildə AXCP-dən parlamentə deputat seçilən, Aydınlar Partiyasının sədri Qulamüseyn Əlibəylinin fikirlərini aldıq. O, belə bir müzakirələrin getdiyini təsdiqlədi: “2000-ci ilin parlament seçkilərindən sonra doğrudan da cəmiyyətdə belə bir əhval-ruhiyyə yaranmışdı ki, təkrar seçkilər yox, ikinci mərhələdə boş dairələrə keçiriləcək seçkilər boykot olunsun, bütövlükdə müxalifət parlamentdə iştirak etməsin. Bir çox partiyalar arasında bununla bağlı sənəd imzalanmış, bəyanat qəbul olunmuşdu. Orada Müsavat, AXCP, VHP və digər partiyalar var idi.

Mən şəxsən hər zaman prinsip etibarı ilə seçkilərdə iştirakın tərəfdarı olmuşam. Seçkilərdən sonra isə parlamentdə iştirakı vacib sanmışam. O zaman Əli bəy partiyanın adından həmin sənədi imzalamışdı. Sonradan həmin sənəd partiya rəhbərliyində və Rəyasət Heyətində müzakirə edildi. O sənədlə razılaşdıq. Baxmayaraq ki, başqa fikirdə olanlar da var idi. Səhv etmirəmsə, 2000-ci ilin təkrar seçkilərində biz iştirak etmədik. Bir müddət qeyd etdiyim sənəd qüvvədə qaldı. Sonradan VHP parlamentdə iştirak etdi. Bir neçə müddətdən sonra sənəd qəbul etdik ki, bir haldakı parlamentdə iştirak etməməklə bağlı boykot alınmadı, o zaman parlamentə gedək. Səhv etmirəmsə, bir sessiya parlamentə getmədik. 2001-ci ilin yazında iştirakımız barədə qərar qəbul etdik. Belə bir müzakirələrin aparıldığını deyə bilərəm”.

Q.Əlibəyli Ə.Kərimlinin spiker və beş nazir postunun təklif edildiyi barədə dediklərinə də mövqe bildirdi: “Partiya rəhbərliyində elə bir müzakirənin aparıldığını xatırlamıram. Amma rəsmi təklif olsaydı, hər halda partiyanın ikinci şəxsi sayılırdım, xəbərim olardı. Ola bilər ki, təklifdən bəri başdan Əli bəy imtina edib və müzakirələrə ehtiyac qalmayıb. O seçkilərdə AXCP ikinci sıranı tutmuşdu. Bu baxımdan hər hansı bir təklifin olduğunu mümkün sayıram. Rəsmi müzakirələrdə Müsavatın həmin ildə 19 yanvar mitinqi ilə bağlı elə bir fikirlər səslənməyib. Ola bilsin ki, Əli bəy və Qüdrət bəy arasındakı ikili söhbətdə bu cür fikirlər səslənsin”.

Müsahibimiz AXCP sədrinin 2003-cü ildəki prezident seçkilərində İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəkləməsinin səbəbləri barədə BAXCP rəhbərinin dediklərinə də toxundu: “O zaman Əli bəy də namizədliyini vermişdi. Ciddi müzakirələr gedirdi. Müxalifət düşərgəsini İsa Qəmbər, Etibar Məmmədov və Əli bəy təmsil edirdi. Başqa müxalif namizədlər də var idi, sadəcə adlarını çəkmək istəmirəm. Çünki onlarla bağlı müzakirələr getmirdi. O vaxt Etibar Məmmədovla rəsmi saziş bağladıq. Amma buna baxmayaraq, İsa bəy, Əli bəy və Etibar bəy arasında seçkiyə az qalmış görüş oldu. Ümumi bir razılıq əldə olundu ki, Etibar bəy namizədliyini geri götürüb, İsa bəyi dəstəkləyir. Orada da müəyyən razılaşmalar var idi. Sazişin mətnini hazırlamaq Fuad Ağayev və mənə həvalə olundu. Lakin o zaman gecə ilə İsa bəy başqa bir qərar qəbul etdi və Rəsul Quliyevlə saziş bağladı. Bir neçə saat ərzində əldə olunan razılıq bununla əldən getdi. İsa bəyin səslərini parçalamaq üçün Etibarı Məmmədovu Əli bəyin dəstəklədiyini deməyə əsasım yoxdur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler