» » Onlar unudulmaq istəyir...

Onlar unudulmaq istəyir...

Bölmə: BLOK XƏBƏR, MANŞET
Onlar unudulmaq istəyir...






Bir vaxtlar mətbuata açıqlığı ilə seçilən sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və həmçinin eks-nəqliyyat naziri Ziya Məmmədovdan heç bir xəbər yoxdur.

“Xalqinfo” xəbər verir ki, Modern.az-ın yazdığına görə, adıçəkilən sabiqlər postlarından uzaqlaşdırılalı aylar olsa da, medianın onlarla əlaqə qurmaq cəhdləri mümkün deyil. Onlar nəinki zənglərə cavab vermir, yazılan mesajlara belə reaksiyaları yoxdur.

Nədir onları mətbuatdan qaçıran səbəb? Mətbuatın özü, yoxsa nazir postunda olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuz əməllərə yelkən açmaq?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bununla bağlı sayta şərh verərkən bildirib ki, sözügedən şəxslər - nazir, icra başçısı, hansısa dövlət qurumunun rəhbəri olanda müəyyən dövlət funksiyalarını yerinə yetirirdilər: “Onların vəzifələrindən doğan öhdəlikləri, təmsil etdikləri qurumun əsasnaməsindən, qanunvericilikdən, irəli gələn funksiyaları vardı. Məhz ona görə də məsuliyyət daşıyırdılar. Bu baxımdan kütləvi informasiya vasitələrində gedən, ictimai müzakirələrə səbəb olan istənilən məsələlərlə bağlı özləri, yaxud səlahiyyətli nümayəndələri cəmiyyəti maraqlandıran suallara cavab verməli, münasibət bildirməli idilər. Eyni zamanda, bu ona görə vacib idi ki, barələrində gedən yanlış informasiyaya aydınlıq gətirsinlər. Bir sözlə, qanunvericiliyin tələbləri onlardan cavab tələb edirdi”.

Ekspert qeyd edir ki, vəzifədən azad edildikdən sonra cəmiyyətin bəzi kəsimləri üçün maraqlı olsalar da, onlar hazırda ictimai fiqur deyillər: “İndi onlar dövlət funksiyalarını yerinə yetirmədiklərinə görə, adi şəxslərdən birinə çeviliblər. Belə olan halda, kütləvi informasiya vasitələrində gedən, yaxud müzakirə edilən məsələlər və onlara aydınlıq gətirilməsində maraqlı deyillər. Onları cavab verməyə məcbur edəcək hüquqi vasitə də yoxdur. Bu baxımdan da kimin, hansı sualı ünvanlamasından asılı olmayaraq, cavab vermək məsuliyyətləri də yaranmır”.

Hüquqşünas bildirir ki, indiki məqamda olmasa da, bir vaxtlar sabiqlər çox ciddi ictimai funksiyaları yerinə yetiriblər: “Vəzifədən getdikdən sonra onlar barəsində hər hansı fikir səslənirsə, təkzib vermək, yaxud əks arqumentlər gətirmək hüquqları var. Adətən vəzifədən gedən şəxsin qanunsuz hallara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yaxud şərəf və ləyaqəti, reputasiyası ilə bağlı məlumatlar tirajlanır. Onların bu məsələlərə cavab vermək hüququ var. Amma vəzifəsi olmadığı üçün yenə də geri çəkilirlər.

Azərbaycan praktikasına, eləcə də sovet məkanından çıxmış ölkələrin praktikasına baxsaq, görərik ki, 95 faiz hallarda şəxs vəzifədən azad edildikdə ittihamlara cavab vermək istəmir. O, unudulmaq istəyir. Hər halda vəzifədə olarkən müəyyən gərgin, stressli anlar yaşayan şəxsin, vəzifədən getdikdən sonra unudulmağı seçməsi anlaşılandır. Çünki müsbət və mənfi çalarlarından asılı olmayaraq, verilən cavablar yeni bir diskussiyaya gətirib çıxarır. Bir sözlə, sabiqlər gündəmdə olmaq istəmirlər. Digər səbəblər də var: bir çoxları doğrudan da çox ciddi qanunsuzluqlara yol verdiklərindən bunu istəmirlər.

Məsələ burasındadır ki, bizdə vəzifəli şəxslər işdən azad olunarkən onlar barədə daha geniş məlumatlar yayılır, nəinki vəzifədə olarkən. Bu həm də onunla bağlıdır ki, şəxslər vəzifədə olarkən, istənilən məsələni ört-basdır etmək, yaxud barəsində gedən hansısa neqativ yazını sildirmək imkanları var. Vəzifə itiriləndən sonra bu imkanlar olmadığı kimi, onlar da məsələyə cavab verib uzun-uzadı müzakirlərə səbəb olmaq niyyətlərindən vaz keçirlər.

Amma bəzi hallarda vəzifədən gedən şəxslər barədə yalan məlumatlar da tirajlanır. Bir qrup insanlar var ki, məhz bununla məşğuldurlar. Vəzifədə olarkən onların sadiq köməkçisi olurlar, vəzifədən gedəndən sonra isə “şir”, “pələng” olub düşürlər sabiqlərin üzərinə”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler