» » Ermənilər Laçını Azərbaycandan icarəyə götürmək istəyir...

Ermənilər Laçını Azərbaycandan icarəyə götürmək istəyir...

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Ermənilər Laçını Azərbaycandan icarəyə götürmək istəyir...
Düz 20 il əvvəl-1997-ci ilin dekabrında dünya ermənilərinin ayırdığı vəsait hesabına Azərbaycanın işğal edilmiş Laçın rayonu üzərindən Ermənistanla Dağlıq Qarabağı birləşdirən avtomagistralın tikintisi tamamlanıb.

Virtualaz.org xəbər verir ki, bu tarixi “Sputnik Armenia” agentliyi özünün NTV telekanalı ilə birgə hazırladığı “Zaman maşını” layihəsi çərçivəsində yada salıb. Agentlik NTV-nin 20 il bundan əvvəl Laçın ərazisindən keçən Gorus-Xankəndi avtomagistralının çəkilməsi işlərindən bəhs edən reportajını-arxiv kadrlarını yayıb.

Ermənilər 1992-ci ilin mayında Şuşanın ardınca Laçın rayonunu da işğal edərək Dağlıq Qarabağdan Ermənistana quru dəhlizi açıblar. Lakin 1997-ci ilə qədər bu dəhliz artilleriya mərmilərindən deşik-deşik olmuşdu, iri texnikanın hərəkəti mümkün olmurdu və yol dar idi. Və erməni diasporunun ayırdığı vəsait hesabına yolun yenidən qurulması və genişləndirilməsi işləri başlayıb. Yolun genişləndirilməsi 1997-ci ilin dekabrında başa çatıb, asfalt işləri isə növbəti ilin payızına qədər yekunlaşıb. Reportajda deyilir ki, yolun hər kilometri 130 min dollara başa gəlib.

Ermənilər Laçını Azərbaycandan icarəyə götürmək istəyir...

Yolun tikintisi ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair tərəflərə yeni təklif təqdim etməsi ilə bir vaxta təsadüf edib. Həmin təklifə əsasən tərəflərə Laçın dəhlizində çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi və bu zonanın demilitarizə edilməsi variantı təqdim olunurdu.

NTV-nin reportajına əsasən Dağlıq Qarabağdakı erməni separatçı rejiminin o vaxtkı başçısı Arkadi Qukasyan bu varianta qəti qarşı olduqlarını deyir. “Biz ancaq Laçının Azərbaycandan 100, yaxud 99 illiyinə icarəyə götürülməsi variantını müzakirə etməyə hazırıq”-Qukasyan NTV müxbirinə deyir...

Virtualaz.org xatırladır ki, Laçın rayonunun, yaxud Laçın dəhlizinin məsələsi 25 ildən çoxdur aparılan danışıqlarda həmişə kritik məsələlərdən biri olub. Sonrakı danışıqlarda Laçın ərazisindən Dağlıq Qarabağla Ermənistanı birləşdirən, eni təxminən 15 kilometr olan dəhlizin ayrılması barədə müzakirələr gedirdi. Hazırda danışıqlar masası üzərində olan Madrid prinsiplərində də Ermənistanla Dağlıq Qarabağı birləşdirən quru dəhlizi nizamlamanın əsas bəndlərindən biridir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler