» » Müxalifət sonu görünməyən böhran içərisində

Müxalifət sonu görünməyən böhran içərisində

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Müxalifət sonu görünməyən böhran içərisində
Qabil Hüseynli: “Siyasi müxalifətin səsi batıb”

Ölkə müxalifətinin dərin böhran keçirdiyi göz önündədir. Hər keçən gün demokratik düşərgə sonu görünməyən dərəyə doğru yuvarlanır. Yaşadıqları böhrandan sanki bu düşərgə ya çıxmaq istəmir, ya da çıxacağına ümid etmir. Onların fəaliyyətsizliyi, düşdükləri vəziyyətdən çıxış yolu axtarmamaları bunu deməyə əsas verir.

Müxalifət müstəqillik illəri ərzində ən ağır durumunu yaşayır. Təsadüfi deyil ki, ölkənin mənzərəsini dəyişəcək qarşıdan gələn prezident seçkilərinə 14 ay qalır. Amma demokratik düşərgə demək olar ki, seçkilərə hazırlaşmır. Əvvəlki illərdə bir seçki bitən kimi dərhal növbəti seçkilərin hazırlıqlarına start verilirdi. Amma indi bunların heç biri yoxdur. Siyasi şərhçilər müxalif qurumların böhrandan çıxış yolunun olduğunu qeyd edir, hətta bu yolları belə göstərirlər. Lakin bunların heç biri bu düşərgənin işinə yaramır.

Vaxtı ilə müxalifətin önəmli simalarından olan sabiq dövlət müşaviri Qabil Hüseynli müxalifətin böhran yaşamasının səbəblərini bu cür sadaladı: “Doğrudur, müxalifət ciddi siyasi böhran yaşayır. Bunun da əsas səbəbi xalqla aralarındakı körpülərin sınmasıdır. Əsas elektoral baza demək olar müxalifətdən kənar qalıb. Partiyalar öz qayğıları, onlar da öz qayğıları ilə baş-başadırlar. Burada əsas problemlərdən biri də müxalifət arası inteqrasiyanın mövcud olmamasıdır. Yaxınlarda müxalifət bir yerə yığışdı. Görüş barədə rəsmi məlumat çox gec yayıldı. Görüşün nəticələri barədə belə bir qəribə bəyanat yaydılar ki, əsas məqsəd funksional əməkdaşlığın yollarının araşdırılmasıdır. Çox mücərrəd bir ifadəni ortaya atmaqla əhalinin beynini daha da qarışdırdılar. Bu cür mücərrəd ifadələrlə xalqı ətrafına toplamaq çox çətindir. Xalqa birmənalı və açıq fikirlər söyləmək lazımdır ki, bəlkə bir şey alınsın. Müxalifət görünür belə intellektual bazaya malik deyil. Real situasiyanı gerçəkliyi ilə qavraya bilmirlər. Yaxud da qavrayırlarsa, ona adekvat şüarlar, siyasi taktikalar tətbiq etməyə ya potensialları, ya da həvəsləri yoxdur. Siyasi müxalifətin içərisində həvəssizlik, ruhdandüşmə sindromunu müşahidə edirəm. Ən qəribəsi də odur ki, bu sindromu yaşamalarına baxmayaraq, ayrı-ayrı liderlərin qeyri-məhdud ambisiyalarını müşahidə edirik. Bu səbəbdən də müxalifət düşərgəsində birliyin yaradılması işi çox müəmmaları və çətin görünür. Siyasi müxalifətin əhalidən uzaq düşməsinin əsas səbəblərindən biri də, vaxtında düzgün şüarlar irəli sürmək bacarıqlarının olmamasıdır. Öz ideyalarını yaymaları üçün KİV-lərə malik deyillər. Bununla belə qüvvələrini birləşdirib müxalif fikirləri özündə əks etdirən bir sayt açmaları da üfüqdə görünmür. Bu sarıdan onlar ideyalarını yaymaq imkanlarından tam məhrumdurlar”.

Müxalifət sonu görünməyən böhran içərisində

Sabiq dövlət müşaviri yaxın gələcəkdə də müxalifətin böhrandan çıxacağına inanmır: “Yaxın müddətdə müxalifətin özünü səfərbər edib, konkret hədəflərlə özünü kökləməsi xeyli müşkül görünür. Çünki hələ ki müxalif düşərgənin nümayəndələrini mətbuat səhifələrində çox təkəm-seyrək görürük. Onlar heç olmasa özlərinin olmayan, amma onlara yaxın olan mətbuat səhifələrində də müəyyən fikirlər söyləmək istəmirlər. Əvvəllər siyasi partiyaların bəyanatları olardı, siyasi partiyalar bu və ya digər məsələlərlə bağlı görüşüb məsləhətləşərdilər. Ən azından imitasiya xarakterli siyasi hərəkətlər edərdilər. Bunları hazırda görmürük. Bəlkə də yayın istisini yaxud müvafiq şəraitin yetişməməsini bəhanə gətirərək, bu fikirlərə etiraz edə bilərlər. Amma görünən odur ki, siyasi müxalifətin səsi batıb. Onların siyasi proseslərdə iştirakları demək olar görünmür. Bu görünmə küçələrə çıxma formasında nəzərdə tutulmur. Ən azından ideoloji, siyasi xarakterli diskussiyalara girişmək, müəyyən mövqeləri ortaya qoymaq, milli maraqlarla bağlı məsələlərdə öz platformalarından çıxış etmək mümkündür. Bunlar hələ ki ortalıqda yoxdur. Bu səbəbdən də siyasi müxalifətin təmərküzləşməsinə, yaxınlaşan seçkilər ərəfəsində ortaya güc qoyacaqlarına inanmıram”.(musavat.com)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler