» » “Ağzında şeyx deyirsən, bu sənin xalqının şeyxidir”

“Ağzında şeyx deyirsən, bu sənin xalqının şeyxidir”

Bölmə: BLOK XƏBƏR
“Ağzında şeyx deyirsən, bu sənin xalqının şeyxidir”
“Xaricdən gələn qonaq şeyxin iqamətgahına gəlir. Bəyəm, qonaq tövləyə gəlməlidir?!”


Deputat Cavanşir Paşazadə modern.az saytının “Pəncərə” rubrikasına müsahibə verib. “Xalqinfo” həmin müsahibəni təqdim edir:

- Sizə çox vaxt zəng edəndə xarici səfərlərdə olursunuz. Ailə, iş və harasa səfər etmək... Ümumiyyətlə, ilin çox hissəsini səfərdə olmaq insana necə təsir edir?

- Gəzməyi çox sevirəm. Bu yaxınlarda Sankt-Peterburqdan qayıtmışam. Təbii ki, xarici səfərlərin çoxu tədbirlərlə əlaqədardır. Oradakı diaspor nümayəndələri, baş konsulla görüşdüm. Gənclikdə olduğum yerlərə bir daha getdim və bugünkü Azərbaycanla müqayisə etdim. Azərbaycanda görülən işlər göz önündədir və ölkəmiz sürətlə inkişaf edir. Sonuncu dəfə Sankt-Peterburqda 1989-90-cıillərdə olmuşam. O vaxtdan bu günə bir igidin ömrü qədər vaxt keçib. Amma orada dəyişən nəsə görmədim. Əksinə, insanların bir-birinə biganəliyinin şahidi oldum. Sankt-Peterburqla müqayisədə Azərbaycan çox dəyişib.

- Çox vaxt azərbaycanlılar xarici ölkələrə səfər edəndən sonra qəribə gileylə geri dönürlər. Azərbaycanın hələ də tanımaması faktoru aktuallığını qoruyub saxlayır. Maraqlıdır, niyə Azərbaycanı tanımırlar? Bəlkə bu sadəcə, “qara piar”dır?..

- Mən elə düşünmürəm. Mozambikdə olan insan Azərbaycanı tanımaya bilər. Bəzi regionlarda məskunlaşan insanlar öz doğum tarixlərini bilmirlər. İraqın bir kəndi var. Çöllükdə yerləşir. Orda insanlar ancaq sarımsaq əkməklə məşğuldur. Təbii ki, onların Azərbaycanı tanıması mümkün deyil. Amma sivil dövlətlərdə Azərbaycan termini leksikonda ötən əsrin 60-70-ci illərindən var. 12-13 yaşlarımdan atamla tez-tez Rusiyaya getmişəm. Yaşım az olduğundan məni restorana buraxmırdılar. Geri qayıtmamaq üçün yaşımı böyüdürdüm. Rəngim qara olduğuna görə gah gürcülərə, gah da qaraçılara bənzədirdilər. Azərbaycandan olduğumu deyəndə Azərbaycanı tanıyırdılar. Bizim o zamanlar həm mentalitetimiz, həm də inkişafımız yox idi. İndi sizə bu inkişafsızlığın təfərrüatını anladacağam. Bizim kənd və rayon yerlərində bir ailənin 7-8 övladı olurdu. Tutaq ki, oğlan əsgər getməyə hazırlaşır. Bu zaman valideynlərin bir sözü var idi: “Get, sonra geri qayıt ha! Oralarda qalma”. Təsəvvür edin, bu atanın nə imkanı var, nə övladına təhsil verə bilir, nə də hər hansı formada şərait yarada bilir. Üstəlik deyir ki, gedib oralarda qalma. Təbii ki, uşaq geri qayıdıb gəlirdi. Valideynlərin razılığı ilə oğlan qonşunun qızı ilə evlənib tövlə kimi yerdə həyatını yaşayırdı. Bu, artıq məcburi qayda idi. İndi siz deyin: “Belə azərbaycanlını necə tanıyardılar?”.

Başqa millətlərdən olan oğlanlar isə hərbi xidmətdən sonra qalıb hər hansı bir işin qulpundan yapışırdı. Bir müddətdən sonra ailə qurub bir bölgədə yaşayırdı. Həm gözü açıq olurdu, həm də hər kəs o millətin mövcudluğundan xəbərdar olurdu. Qabaqlar belə məsələlər mövcud olmadığına görə azərbaycanlılar tanınmırdı. Bu gün isə Azərbaycan daha çox tanınır. Gənclər xarici ölkələrdə təhsil alır.

- Azərbaycan kəndlərinin o zamankı vəziyyəti ilə bağlı maraqlı fikirlər səsləndirdiniz. Siz özünüz də kənd mühitində böyümüsünüz. Necə oldu ki, siz kənd mentalitetini bir kənara qoyub təhsil aldınız?

- Bilirsiniz ki, ailədə 9 bacı 2 qardaşıq. Şeyxülislam Allahşükür Paşazadə 6 qızdan sonra dünyaya gəldiyi üçün ona Allahşükür adını qoyublar. Anam dindar olduğuna görə bu adın ona verilməsini məqsədəuyğun hesab edir. Həm atam, həm də anam Allahaşükürü “Quran” məktəbinə qoyub. Bizim nəslimizdə heç kimin dini təhsili olmayıb. Dindar olmağımıza baxmayaraq, bu sahə üzrə təhsil almaq üçün xüsusi maraq göstərilməyib. Ona görə də qardaşımın özünün bu sahəyə sevgisi olub. Onu da deyim ki, Allahşükürün ədəbiyyata da çox böyük həvəsi olub. Hətta atam hansısa dini-tarixi kitabları oxumağı tapşıranda Allahşükür həmin dini kitabların içinə ədəbiyyat kitablarını da qoyub oxuyardı. Allahşükürün dünya və Azərbaycan ədəbiyyatına, tarixə marağı çox böyük idi.

- Maraqlıdır, sovet stereotiplərini yarıb övladına dini təhsil verən ailənizin ümumi vəziyyəti necə idi?

- Çox sadə bir ailəmiz olub. Nə həddən artıq imkanlı olmuşuq, nə də həddən artıq kasib. Orta imkanlı ailədə böyümüşük. Atam müharibə əlili olub. Bir ayağı zədəli idi. Bacılarım isə sovxozda çalışırdılar. Təhsil almağımıza gəlincə, bu bizim özümüzdən asılı idi. Həm atam, həm anam təhsil almağımızı istəyirdilər. Ortada imkanlar məsələsi var idi. Yay tətilində uşaqlarla birgə Gəncəyə, Yerevana məhsul aparıb satırdıq. O pula əynimizə paltar, ayaqqabı, oxumağa kitab alırdıq. Bir sözlə, yayda zəhmət çəkirdik qışda isə dərslərimizlə məşğul olurduq.

- Ali təhsilinizi harda almısınız?

- Mən Özbəkistanın Buxara şəhərində oxumuşam. Özbəkistanda aviasiya zavodu vardı. Tikinti ilə bağlı təcrübə keçmişəm. Sovet dövründə belə bir qayda vardı, gərək iki il hardasa işləyəydin ki, sonra diplomunu alıb işlə təmin oluna bilərdin. Özümə söz vermişdim ki, təhsilimi başa vurub rayona qayıtmalıyam. Atam-anam məni gözləyirdi. Özbəkistanda aviasiya zavodunda işləyən gündən ta Azərbaycana qayıdana kimi, bir gün də olsun işsiz qalmamışam. Gənc yaşlarımda briqadir, tikinti üzrə sahə rəisi, idarə müdiri işləmişəm. Məndə bir gün də işləməmək söhbəti olmayıb.

- Şeyx 6 bacıdan sonra dünyaya gəlib. Beləliklə, ailədə 9 qızla birgə 2 oğlan böyüyüb. Siz danışdıqca məndə belə bir fikir yarandı ki, 9 bacının arasına böyüyən 2 oğlan təhsil alırsa, deməli, burda fərqli münasibət də var. Axı, Azərbaycan ailələrində qızların yanında böyüyən oğlana həmişə fərqli gözlə baxırlar...

- Doğru vurğuladınız. Desəm ki, “belə deyil” inandırıcı olmayacaq. İki qardaşla 9 bacı arasında fərq vardı. Hətta şeyxlə mənim aramda böyük fərq vardı. Hiss edirdim ki, həm atamın, həm də anamın şeyxə diqqəti daha çoxdur. Belə də olmalı idi. Hətta başqa ailələrdə qardaşlar arasında bir-birinin üstünə qışqırmaq kimi hallarla qarşılaşanda bizə qəribə gəlir. Bizim ailədə belə hadisə olmayıb.

- Dediklərinizlə razıyam. Amma bir ailədə böyüyən iki qardaşın arasında dediyiniz belə bir halın olmaması qeyri-mümkündür...

- Bir dəfə olub. Şeyxin 14 yaşı olardı. Atam şeyxi saçını kəsdirməyə göndərmişdi. Mən isə usta yanına getməmişdim. Bu zaman şeyx əsəbi halda atama dedi: “Onun saçını kəsdirmirsiz, mənim saçımı kəsdirirsiz” . Bu vaxt şeyx saçımdan tutub və küskün baxışlarla mənə baxdı. Mən də onun əlini itələdim. Bu, bir dəfə olan hadisə idi. Sonra o dərsə gedəndə üzündən öpdüm, üzr istədim. Bununla da söhbət bitdi.

Bu gün də iki qardaş arasında isti münasibət var. Hətta elə olur ki, 2-3 gün ailədən uzaqda olduğum üçün şeyxi görmürəm. Gün ərzində bir-birimizə iki dəfə zəng etməməyimiz qeyri-mümkündür. Bakıdan Sumqayıta qədər gedə bilmirəm. Bu məndən asılı deyil. Əgər Sumqayıta gedirəmsə, Xırdalana çatmamış şeyxə zəng edib, hara getdiyimi deyirəm. Niyəsini soruşmayın. Çünki özüm də bilmirəm. Əzəldən bir-birimizlə belə münasibətdə olmuşuq. İnanın, şeyx xaricə gedəndə bəzən gün ərzində zəng etməyə imkanı olmur. Gecə saat 3-də zəng edib deyir: “Bu gün sənə zəng etməmişəm. Necəsən? İşin-gücün necədir?”. Mən də beləyəm.

- Sovet dövründə dini təhsil almağın o qədər də asan olmaması bəllidir. Şeyx sovet rejiminin qadağalarını necə üstələyib dini təhsil ala bildi?

- Qorxu çox böyük idi. Şeyx orta məktəbə gedəndə pencəyinin sağ tərəfində ikinci cibi var idi. Həmin cibi atam özü düzəltmişdi. O vaxt “Quran” kitabını tapmaq çətin olduğundan atam gedib “Quran” kitabının ən kiçiyini almışdı. Təsəvvür edin, şeyx Vərəvul kəndinə orta məktəbə, oradan da Babasəf kəndinə, Qüdrət adlı axundun yanına gedirdi. Şeyx həm orta məktəb kitablarını, həm də “Quran”ı aparıb gətirməli idi. Amma şeyxdə “Quran”ın olmasını heç kəs bilməməli idi. Uşaqlar futbol, voleybol oynayanda o, kənarda qalırdı. Həmişə çalışırdı ki, uşaqlardan uzaq gəzsin. Bu gün atamız, anamız həyatda yoxdur. Təbii k, şeyxin həyat yoldaşı var. Təbii ki, onlar mənim qədər şeyxi tanıya bilməz. Heç vaxt şeyxin uşaq olduğunu görməmişəm. O heç vaxt uşaq olmayıb. O məcburi uşaq olub. O heç vaxt uşaqlarla futbol oynamayıb, onlarla gedib haradasa oturmayıb. O, həmişə yaşlı adamlarla söhbət edirdi.

- Bəs, sizdə dini təhsilə maraq niyə olmadı?

- O yolu şeyx özü seçib. Mən istəsəydim də dindar ola bilməzdim. Sovet dövründə “Oqonyok” jurnalı çıxırdı. 1979-cu ildə İraqla bağlı hadisələr baş verdi, sonra mollaların hakimiyyətə gəlməsi ilə bağlı söz-söhbətlər gəzirdi. “Bir ailədə iki qardaşdan biri dindardır, biri kommunist”. Artıq mətbuat bilərəkdən belə yazırdı. Sovet dövləti sübut etmək istəyirdi ki, bizdə o qədər azadlıqdır ki, bir evdə hətta dindar və kommunist də var. O vaxt məni 6 aya Kommunist Partiyasına üzv qəbul etdilər. Halbuki, o zamanlar 6 aya partiyaya girmək çox çətin idi. Bir qardaş bir nömrəli idi, o biri qardaş isə sivil şəkildə institut bitirən, partiyanın fəalı olan idi. Mənim səmərəli təkliflərim, partbiletə ödənişlərim vardı. Rayona gələn prokuror, rəhbərlik məni çağırıb deyirdi ki, nə olsa onlara deyim. Bizim hər şeydən xəbərimiz olmalıdır. Agent kimi yox, üzərimdə nəzarət vardı. Bəzi yerlərdə görünməyim məhdud idi. Onlara tapşırıq belə verilmişdi. Təsəvvür edin ki o vaxt məni həbs ediblər. Bəs mətbuat nə yazardı. Yazardı ki o ailəyə təzyiq var. Əslində Sovet hökuməti bu cür məsələlərə öz xeyrinə görə diqqət edirdi.

- Bu qədər hadisələrin şahidi olmusunuz. Uzun bir yol keçmisiniz. Orta imkanlı ailədə böyüyüb müəyyən bir pilləyə qədər gəlib çatmısınız. Geriyə baxanda nəyəsə təəssüf edirsiniz?

- Elə insan ola bilməz ki, geriyə boylananda təəssüf hissi keçirməsin. Hətta 80 yaşlı insan 79 yaşında etdiyi səhvə görə təəssüf hissi keçirir.

- Görəsən, Cavanşir Paşazadə hansı səhvinin təəssüfünü çəkir?

- İnsan müəyyən yaşa çatanda əvvəlki şüurda qalmır. Əgər insan 80 yaşında 30 yaşındakı şüurla idarə olunarsa, dünyanı fəth edər. Məndən soruşsanız ki, “yenidən dünyaya gəlmək istərdinizmi?”, cavabım belə olardı: “Mən istəməzdim”.

- O sualı vermədim. Amma maraqlıdır, niyə həyata ikinci dəfə gəlmək istəməzsiniz? Bəlkə haqsızlıqlardan yorulmusunuz?

- Yox, səbəb haqsızlıq, pislik deyil. İnsan kimlərisə pislikdə, haqsızlıqda suçlayırsa, bir anlıq özünü yazıb ortalığa qoysun. Görəsən, özü nə sifətdə olar?! Məsələ haqsızlıqda deyil ki!

- Deməli, öz səhvinizi görməyi bacarırsınız.

- Əlbəttə. Hamımız həyatda hər şeyi görürük. Kimin necə və hansı rolda olduğu da bəllidir. Mənə qarşı hamının yaxşı olması ilə iş bitmir axı. Həyatın öz qanunları var. İnsan arxaya baxanda elə bilir hər şey dünən baş verib. Allahın insana verdiyi ömrü hesablayıb görürsən ki, bir şey yoxdur. İnsan sabahın necə olacağını bilmir.

- Bəzən həyatda elə hisslər yaşanır ki, bəlkə insan ona görə ikinci dəfə həyata gəlmək də istəyir...

- Heç vaxt fikirləşməmişəm ki, həyat 5 günlükdür, onun üçün yaşayım. Həyata hər gün axırıncı gün kimi baxıram. Vəzifəyə də baxışım belə olub. Bu, insan üçün çox rahatdır. Sovet dövründə işləyəndə vaxtaşırı kəndin çay məclisinə gələrdim. Oturardım yaşlı insanlarla, öz kəndlilərimlə söhbət edərdik, danışardıq lağlağı edərdik. Ondan qabaq da gəlirdim. İnsanlara deyirdim: “Sabah məni işimdən qova bilərlər”. Fikirləşirdim ki, qovulandan sonra onların yanına gələndə deməsinlər: “Qovuldu, sonra gəldi”. Bəziləri 2 həftədən sonra bilirdi ki, məni işdən çıxarıblar. İndi bəzi insanlar vəzifəsi əlindən alınandan sonra məhv olub gedir. Səbəbini bilmirəm. Halbuki, hər cür imkanın var, get özün üçün sakit yaşa da! Çox vaxt belə fikirləşirəm ki, Allah məni bəzi işləri görmək üçün bu dünyaya göndərib. Mən Lənkəranın Cil kəndində əlil bir kişinin ailəsində böyüyən oğlanam. Allah-Təala məni “Təzəpir” məscidinin təmirini etmək üçün bu dünyaya göndərib. Düzdür, mətbuat çox yazdı ki, nəyisə oğurladı, talan eləyib apardı. “Təzəpir” tarixi məsciddir. Onun üzərindəki qızılla bağlı çox yazdılar. Halbuki, o qızıllar texniki qızıllardır. Camaat elə bilir ki, biz tonlarla qızıl almışıq. Əvvəla, Allah prezidentimizə cansağlığı versin. O şərait yaratdı, mən də bu məscidin icraçısı oldum. Özümü xoşbəxt sayıram. Yəni Allah-Təala məni dünyaya gətirdi və buyurdu ki, Cavanşir, sənin missiyan bu idi. İndi get evində, məhəlləndə ağsaqqallıq elə, əgər edə bilirsənsə. Ona görə də ikinci dəfə dünyaya gəlib xoş həyatı təsəvvür etmirəm.

- Bir müddət əvvəl mətbuat sizin adınızı obyektlərdə, çadır biznesində hallandırdı. İrandan gələn çirkli pulların yuyulması prosesinin ciddi iştirakçısı olmağınızla yanaşı, həm də Türkiyədə yaşayan İran əsilli iş adamı Rza Zərrabın yaxın dostu olduğunuz yazıldı...

- Mətbuat nə istəyir yazsın. Buna təbii yanaşıram. Bəzən isə bilmədiklərini və görmədiklərini yazırlar. Doğru qeyd etdiniz ki, Türkiyədə İranın pulları ilə bağlı mənim adımı hallandırdılar. Bunun mənə nə aidiyyatı var idi?! Bu gün kiminləsə salamlaşa bilərəm. Çexiyada əmlaklarımın olmasını bir ara kasset kimi fırlatdılar. Binaları göstərib mənim adımla bağlayırlar, maşınları göstərirlər, mənim adımı çəkirlər. Mən də adi insanlar kimi ildə bir-iki dəfə Karlovı Varıya gedib istirahət edirəm.

- Bəlkə hədəf qardaşınız şeyxdir?

- Maraqlı bir hadisə danışım. Bir dəfə şeyx haqqında bir yazı getmişdi. Şeyx məndən o yazının kim tərəfindən yazıldığını soruşdu. Dedim: “Kimsə yazıb da”. Üstündən bir-iki gün keçəndən sonra şeyx yenə dedi ki, “öyrən gör, o yazını kim və niyə yazıb?!”. Dedim ki, “Ay kişi, hər gün belə şeylər yazırlar, o da onlardan biridir. Mənim üçün kim yazdığı maraqlı deyil”. Sonra dedim: “Sənin kefinə dəyən o deyil”. Soruşdu: “Nədir mənim kefimə dəyən?”. Dedim: “Həmişə istər məndən, istərsə də səndən yazanda qeyd edirlər ki, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə. Bu səfər yazıblar ki, millət vəkili Cavanşir Paşzadənin qardaşı Şeyxülislam Allahşükür Paşazadə”.

- Deməli, jurnalist yerdəyişməsi şeyxə təsirsiz ötüşməyib?

- Bəli, şeyx etiraf etdi ki, onu yandıran budur. Amma bəzi kobud ifadələr yazmaq etikaya uyğun deyil.

- Cavanşir müəllim, belə fikirlə də qarşılaşmamış olmazsınız. Deyirlər, Cavanşir Paşazadə şeyxə görə indiki mövqeyinə çatıb...

- Mən rayonda da vəzifələrdə işləmişəm. O vəzifələrimin heç biri şeyxlə bağlı olmayıb. Əksinə, imkanlarım məhdudlaşıb. Doğru qeyd etdiniz, deyirlər ki, Cavanşir Paşazadə şeyxə görə millət vəkili olub. Bir ailədə şeyx kimi biri yetişirsə, deməli onun qardaşı da nəyisə bacara bilər. Bu gün şeyx haqqında yazırlar. Şeyxin evi var, şeyxin maşını var. Əvvəla, ağa dediyin nədir, bəyənmədiyin nədir. Ağzında şeyx deyirsən. Bu sənin xalqının şeyxidir. Xaricdən gələn qonaq şeyxin iqamətgahına gəlir. Bəyəm, tövləyə gəlməlidir?! Biz də xaricə gedirik, dini məkanlarda oluruq. Onların da hər biri çox fərqli və zövqlə inşa edilir.

Az qalmışdı ki, Cavanşir müəllim əsəbiləşib özündən çıxsın. Qəfil gələn telefon zəngi gərgin situasiyanın ab-havasını dəyişir. 2 dəqiqəlik telefon danışığı Cavanşir müəllimin çöhrəsinə təbəssüm qatır. Bu yerdə deyiblər. “Nəvə övladdan da şirindir”

- Deyəsən, nəvələrinizlə vaxtınızı daha yaxşı keçirirsiniz?

- Əlbəttə, tətillərdə onlarla çox vaxt keçirirəm. Həm də bizim nəslimiz çox ailəcanlıdır. Aygün adlı bir nəvəm var. Hara gedirəmsə özümlə aparıram. Dəblə geyinməyi çox xoşlayır. Hərdən özü ilə çemodan götürür. Soruşuram, “ay bala, bu boyda çemodan nəyinə lazımdır?!”. Deyir, “baba, boş çemodandır, gələndə bəlkə doldu”.

- Siz özünüz də geyiminizə diqqət verən insana oxşayırsınız...

- Hə, elədir. Mən lap uşaqlıqdan səliqəli geyinməyi xoşlamışam. Yayda kənd məhsullarını aparıb satıb özümə çoxlu paltar alırdım. Görünür, nəvəm də mənə oxşayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler