» » Səbailin icra başçısı göstərişlərə sayğısızlıq edir -

Səbailin icra başçısı göstərişlərə sayğısızlıq edir - Fotolar

Bölmə: BLOK XƏBƏR
Səbailin icra başçısı göstərişlərə sayğısızlıq edir -

Xüsusilə də ağacların kəsilməsinə, meşə zolaqlarının məhv edilməsinə qarşı ən sərt tədbirlərin görülməsinin tərəfdadrı qismində fəaliyyət ortaya qoyur.
Yəqin ki, mərhum prezident Heydər Əliyevin “ağacı kəsən elə bil mənim qolumu kəsir” kimi fikirləri hər kəsin, xüsusilə də, bu gün ağacların kütləvi şəkildə kəsilməsinə fərman verən vəzifə sahiblərinin yaxşı yadındadır. Ağacların məhv edilməsinə prezident İlham Əliyev də bir neçə dəfə sərt reaksiya verib.
Bir müddət əvvəl isə, Bakının mərkəzində hansısa işbazların nadir sayılan ağac növlərini kütləvi şəkildə məhv etmək istədiklərilə bağlı sosial mediada yayılan məlumatlara birbaşa ölkənin birinci xanımı Mehriban Əliyeva reaksiya verdi. Həmin işbazlar barəsində sərt tədbirlər görüldü. Onların inşa etdirmək istədikləri obyektin tikintisi isə birdəfəlik dayandırıldı.
Bu istiqamətdə ən yüksək səviyyədə siyasi iradənin olmasına baxmayaraq, bu gün paytaxtın ən bahalı sayılan ərazilərində yaşıl soyqırım var gücü ilə davam etdirilir.
İstərdik bir neçə il bundan əvvəl Bakı şəhərində yaşıllıqların ümumi sahəsinin son 20 ildə 5 dəfə azalması ilə bağlı Azərbaycan Yaşıllar Partiyasının apardığı monitorinqin yekunlarına əsasən hazırlanan hesabatdakı məqamlara diqqət yetirək.Monitorinqin nəticələrinə əsaslanaraq, Yaşıllar Partiyası bildirir ki, Bakının 15 il əvvəlki əhalisinin sayı ilə müqayisədə bu gün yaşıllıqlar iki dəfə azalıb. Lakin Bakı şəhərinin əhalisinin xeyli artdığı nəzərə alınaraq, adam başına düşən yaşıllıq sahələrinin üç-dörd dəfə azaldığı qənaətinə gəlinib.
Monitorinqin nəticələrinə görə, şəhərin yaşıllıq massivlərinin bir çoxu tamamilə yararsız vəziyyətə salınıb. «Məsələn, 8-ci km-də «maşın bazarı» adlanan ərazinin arxasında 50 hektar yaşıllıq zonası məhv edilib, Şıxov çimərliyi yaxınlığında salınmış «Dostluq parkı» ərazisindəki yaşıllıq zonasının 25 faizi saxlanılıb. Biləcəri qəsəbəsi yaxınlığındakı Sanitar Mühafizə zolağı, Zığ şossesində Hərbi Dəniz Məktəbi yaxınlığındakı geniş zeytunluq massivi, Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonları arasındakı zeytunluq massivinin xeyli hissəsi, Nizami və Suraxanı rayonlarında geniş yaşıllıq massivləri kütləvi şəkildə məhv edilib» — deyə hesabatda bildirilir.
Ekspertlərn rəyinə görə, yaşıllıq zonalarının məhv edilməsinin və parkların ümumi sahələrinin azalmasının əsas səbəblərindən biri bu ərazilərdəki torpaq sahələrinin qeyri-qanuni özəlləşdirilməsi və tikinti sahələri kimi istifadə edilməsidir. Həmçinin rəy verilib ki, yaşıllıq zonalarının, məhəllədaxili yaşıllıqların azalması nəticəsində şəhərin havasının çirklənməsi, səs-küyün artması, xəstəliklərin çoxalması baş verir.
Məlum hesabatdan da göründüyü kimi yaşıl soyqırıma məruz qalan yaşıllıq zolaqlarından biri də paytaxtın Şıxov çimərliyi ilə üzbə-üz ərazidə yerləşən “Dostluq” parkıdır.
İstərdik “Dostluq” parkı ilə bağlı bir qədər tarixə ekskurs edək. Tarixinə gəldikdə, bu, adi parklardan sayıla bilməz. Məlum ərazinin park kimi salınmasının ilk təşəbbüskarı Heydər Əliyev olub. O, hələ Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsində çalışarkən belə bir parkın salınmasına təşəbbüs göstərib. Özü də burada ağaclar kütləvi şəkildə əkilməyib. Azərbaycanın qonağı olmuş mötəbər qonaqların hər biri parkda bir ağac əkirmiş və qarşısına kim tərəfindən edildiyi barədə lövhə vurulurmuş. Elə parkın adı da buradan götürülüb.
Həmin park indi demək olar yoxdur. Burda evlər, villalar inşa edilib. Özü də həmin tikililər sıravi vətəndaşlara yox, bir sıra məmurlara məxsusdur.
Xatırladaq ki, bir neçə il bundan əvvəl, prezident İlham Əliyev həmin ərazidə olub. Onu müşayiət edən BŞİH-nin başçısı Hacıbala Abutalıbovdan burada mövcud olmalı olan “Dostluq” parkının hara yoxa çıxmasını soruşub. Hazırcavab mer isə, “sevimli prezidentimiz, inanın ki…” özünə haqq qazandırmağa başlayıb və bildirib ki, parkın ərazisini BŞİH-in sabiq rəhbəri Rəfael Allahverdiyev yaşayış evlərinin tikintisi məqsədilə satıb. Bundan bərk hirslənən dövlət başçısı ərazidəki evlərin təcili sökülməsi ilə bağlı göstəriş verib. İnşaat materiallarının isə BŞİH-in balansına keçirilməsini tapşırıb.
Tapşırığa dərhal əməl edilib. Ərazinin təmizlənməsi əməliyyatına bir sıra dövlət orqanları cəlb edilib. DİN əməkdaşları gün uzunu ərazidə olublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də bir qrup əməkdaşları onlara qoşulublar. Çünki bu nazirlik ölkə ərazisindəki yaşıllıqlara cavabdeh sayılır. Mənbənin sözlərinə görə araşdırmalar zamanı bəlli olub ki, ərazidə tikinti işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı olmayıb. Bundan əlavə bildirilir ki, həqiqətən də ərazinin yaşayış binalarının tikintisi üçün ayrılması barədə R.Allahverdiyevin sərəncamı olub.
Lakin İlham Əliyevin xüsusi tapşırığından sonra, parkın ərazisində tikintinin aparılması qəti qadağan edilsə də, hazırda parkın qalan hissəsi də hərraca çıxarılıb.
Xatırladaq ki, sözügedən park Səbail rayonun inzibati ərazisinə aiddir və ola bilməz ki, rayon rəhbərliyinin “Dostluq”da baş verənlərdən xəbəri yoxdur. Ən yuxarı ölkə rəhbərliyi səviyyəsində qoyulan qadağanın pozulması ilə bağlı verilən məlumatları dəqiqləşdirmək üçün həmin ərazidə olduq. Çəkilən fotolardan da görünür ki, Azərbaycan tarixinin bir parçası olan park ömrünün son akordlarını yaşayır.
Ölkə başçısının parkda səhman yaratmaqla bağlı göstəriş verdiyi vaxt həmin ərazinin bələdiyyə sədri işləyən Əhməd Hüseynovla əlaqə saxlayıb, ondan yaranmış vəziyyətə aydınlıq gətirməsini xahiş etdik. Səbail bələdiyyəsinin sabiq sədri açıqlamasında bildirdi ki, sözügedən park ətrafında yaşananlarla bağlı o, müfəssəl məlumatlara malikdir:”Parkın tarixi qədimdir. Hətta ulu öndərin ağac əkməsilə bağlı hazırlanmış lövhə də həmin parkdadır. Orada kimlər ağac əkməyib? Təbii ki, söhbət dünya səviyyəsində tanınan siyasi rəhbərlərdən gedir. Mən 5 ildən artıqdır ki, bələdiyyə sədri işləmirəm, ancaq İlham Əliyev cənablarının parkın ərazisinə gəlməsi, hansı göstərişləri verməsi mənim işlədiyim dövrə təsadüf edir. 2006-cı ildə prezident Bakının meri Hacıbala Abutalıbov və paytaxtın 11 rayonunun icra başçısı ilə birlikdə həmin ərazidə oldu. Ölkə başçısı göstəriş verdi ki, təcili olaraq parkın ərazisində olan bütün tikililər sökülsün. Biz də öz növbəmizdə verilən tapşırığa əməl etdik. Tikililəri sökdürüb yerində ağaclar əkdirdik. Bəli, hazırda prezidentin tikintilərin sökülməsilə bağlı göstəriş verdiyi ərazi yenidən hasarlara alınaraq satışa çıxarılıb. Bu proses o qədər sərbəstliklə aparılır ki, hasarların üzərinə “SATILIR” yazılaraq əlaqə üçün telefon nömrələrini də qey edilir. Bu məsələdə bütün məsuliyyət icra hakimiyyətinin üzərinə düşür. Ola bilər ki, Səbail bələdiyyəsinin adı ilə də hansısa saxta sənədlər verilib. Yoxlanılsa həmin parkla bağlı vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər faktlar ortaya çıxa bilər”.
Azinform.az olaraq biz zəng vurub həmin ərazidə hərraca çıxarılan torpağın qiymətilə də maraqlandıq. Bir sotun qiyməti 35- 40 min manatı arasında dəyişir.
Bildirilən fikirlərlə bağlı Səbail rayon icra hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacayıq.

Səbailin icra başçısı göstərişlərə sayğısızlıq edir -
Səbailin icra başçısı göstərişlərə sayğısızlıq edir -
Səbailin icra başçısı göstərişlərə sayğısızlıq edir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler