» » “Əli Kərimli, martın 4-dən bu yana sən nə etmisən?”

“Əli Kərimli, martın 4-dən bu yana sən nə etmisən?”

Bölmə: BLOK XƏBƏR
“Əli Kərimli, martın 4-dən bu yana sən nə etmisən?”
Mülkü dağıdılan şəxs AXCP sədri və funksionerlərinə sərt cavab verdi: “Onların özləri belə anlaşmaya vaxtilə getdiklərinə görə, indi mənim haqqımda deyirlər”

AXCP-nin baş verən partlayış nəticəsində sökülən məlum qərargahının sahibi Azər Əsgərovun mətbuata verdiyi müsahibə ətrafında yaranan narazılıq səngimək bilmir. Mülk sahibi “Yeni Müsavat”ın 23-24 sentyabr saylarındakı açıqlamalarında AXCP sədri və partiya funksionerlərinin, eləcə də “Azadlıq” qəzetinin ünvanına sərt ittihamlar səsləndirib, onları kimlərləsə də anlaşaraq, onun məsələlərinə diqqət yetirməməkdə suçlayıb.

Azər Əsgərov deyib ki, Əli Kərimli 7 aydır susur, “Azadlıq” qəzetinə də imkan vermir ki, bu barədə yazsın. “Əli Kərimlinin ayaqqabısının biri götürülsəydi, indi dünyanı dağıtmışdı”, deyə Azər Əsgərov etiraz püskürmüşdü.

AXCP sədri Əli Kərimli isə bu ittihamlara facebook səhifəsində cavab verib, Azər Əsgərovu hökuməti sevindirməkdə suçlayıb: “Çox təəssüf ki, ağır basqılara Azər bəyin əsəbləri dözmədi. Bu cəsarətli insan indi hökuməti sevindirməklə məşğuldur. Məni və cəbhəçiləri ittiham edir ki, onu yaxşı müdafiə etməmişik. İndi Azər bəy qəzəb vektorunu onun evini dağıdanlardan çevirib bizə qarşı.

“Haqqımı iqtidardan tələb etdiyim kimi, sizlərdən də tələb edirəm. Əmanətimi Əli Kərimliyə vermişəm. Mülk dağılan vaxt orada olardı. Niyə Əli Kərimli ora gəlmədi?”


Mənim Azər bəyə indi də xüsusi iradım yoxdur. Adamın canı yanır, çarə tapa bilmir, bilmir yanğısını necə soyutsun”. Əli Kərimli özünün facebook yazısında Azər Əsgərovun açıqlamalarını dərc edən qəzetlərə də böhtan atmaqdan özünü saxlaya bilməyib və günahı onlara yükləyib: “Ramiz Mehdiyevin təlimatı ilə işləyən iqtidar mətbuatı da onun bu açıqlamalarını sevincək tirajlayır ”. Görünür, AXCP sədri arzu edir ki, Azər Əsgərovu meydanda tək qoyması “Azadlıq” qəzeti kimi, heç bir media quruluşunda işıqlandırılmasın, o da rahat bazarlaşmasının məhsulunu yesin. Bu məqamla bağlı “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan müxbirimizə bunları deyib: “Azər Əsgərov bu iddiaları özünün facebook səhifəsində də yazırdı. Əli Kərimli və onun dəstəsinin qorxusundan heç bir qəzet onları yaymırdı. İndi nə edəydik, biz də bu dəstənin şərindən çəkinib, Azər Əsgərovun səsini duyurmayaydıq? Həm də bu yazını dərc edəndə öz aramızda dedik ki, ”axa- ce - beçi -lər" Azər Əsgərovu da dərhal şərləyəcək və onu xain çıxaracaqlar... Bu cür də oldu... Əvvəllər bu işi təşkilatın ştatlı şərçiləri edirdilər. İndi Əli Kərimli özü oturub Feysdə, gözünə xoş gəlməyənlərə palçıq atır. O cümlədən də Azər Əsgərova və bizə. Ona yaxşılıq etmiş bir insanın faciəsi üzərindən bazarlıq edib, indi də istəyir ki, Azər Əsgərovun sayəsində qazandığını rahat yesin, heç kim bu barədə yazmasın. Bunu görməyəcək... “

“Əli bəyi tənqid etdiyimə görə indi satqınam? Siz də oldunuz YAP-ın tayı. YAP da onları tənqid edənləri xain elan edir, sizlər də”


Azər Əsgərov isə musavat.com-a açıqlamasında AXCP sədrinin paylaşdığı statusla bağlı sensasion açıqlamalar verib: “Əli bəyin fikirləri məni qane etsəydi, ona facebookda cavab verməzdim. AXCP üzvləri məni düşmən, satqın adlandırmağa başlayıblar. Qoy etsinlər. Onlarla işim yoxdur. Çünki qərargahımı Müsavata versəydim, həmin partiyanın üzvlərinə yox, başqanına müraciət edərdim. Mən Əli bəyə 5 bəndlə müraciət etmişəm. Həmin bəndlərin ikisinə cavab istəyirəm. Niyə hökuməti sevindirməliyəm ki? Hazırda işim məhkəmədədir. Sona qədər haqqımı tələb edəcəm. Vətəndaşlıqdan çıxmaq üçün də prezidentə müraciət etmişəm. Əli Kərimli, martın 4-dən bu yana sən nə etmisən? Deyirsən ki, cəbhəçilər hər zaman yanımda olub. Kim mənim yanımda olub ki, xəbərim yoxdur? Tutulduğum zaman şəkil çəkdirmişik.

Gözəl Bayramlı başda olmaqla, 3 nəfər məhkəmə önünə cəbhəçi gəlmişdi. Onlara qarşı heç bir iradım yoxdur. İradım Əli Kərimliyədir. Deyirəm ki, sən neynəmisən? Bu suala cavab axtarıram. Gözəl xanım da əleyhimə status yazıb. Qoy yazsın. Onunla bir problemim yoxdur. Hökumətə satılsaydım, burada nə işim vardı? Gedərdim ailə, övladlarımın yanına. AXCP fəalları məni tənqid edirlər. Əli bəyi tənqid etdiyimə görə indi satqınam? Sadəcə olaraq, tənqidə açıq olmaq lazımdır. Əgər belə deyilsə, oldunuz YAP-ın tayı. YAP-da onları tənqid edənləri xain elan edir, sizlər də. Mülküm dağıdılıb. Haqqımı iqtidardan tələb etdiyim kimi, sizlərdən də tələb edirəm. Əmanətimi Əli Kərimliyə vermişəm. Mülk dağılan vaxt orada olardı. Niyə Əli Kərimli ora gəlmədi? Bütün Azərbaycan bilir ki, Əli bəy partlayış baş verəndən söküntü işləri olana qədər bir addım da atmayıb. Atmamısansa özün bilərsən. Bəs indi hansı siyasi addımları atırsan? Mənə sosial şəbəkədə müdafiə lazım deyil. Gündə bir səfirlik, təşkilatla görüşürsən. Hansında məsələmi qaldırmısan? Mənə dəyən ziyanı qabartmısan? Bütün bunları Gözəl xanıma da demişəm. O dediklərimi təsdiq edərək, düz olduğumu söyləyib. Adam başı aldatmaqla deyil ki”.

Mülk sahibi sosial şəbəkələrdə ona yazılan mesajlarda təhqir olunduğunu bildirdi: “Mən siyasətlə məşğul olmuram. Mənə məktub yazıb deyirlər ki, siz satılmısınız. Mən niyə satılıram ki? Əli bəyin başmağının bir tayı götürülsəydi, indi dünyanı dağıtmışdılar”.
Azər Əsgərov verdiyi müsahibə görə tənqid atəşinə tutulan, şantaj edilən “Yeni Müsavat” qəzeti barədə bunları dedi: “Mənə sizin qəzet zəng vurub, işin nə yerdə olduğu ilə maraqlanıb. Mən də demişəm. ”Yeni Müsavat" müxalifət orqanıdır. Hər zaman belə bilmişəm. Bundan sonra da belə olacaq. “Yeni Müsavat”ın baş redaktoruna böyük hörmətim var. Çıxışlarını, yazılarını bəyənirəm. Əli bəy, Gözəl xanım bu qəzeti hökumətyönümlü sayır. Onlara müraciət edib deyirəm ki, sizlər üçün belə ola bilər. Amma mənim üçün “Yeni Müsavat” obyektiv, qərəzsiz müxalifət qəzetidir".

“Azadlıq” qəzetinin baş redaktoru Qəniməd Zahid də facebook səhifəsində Azər Əsgərovun iddialarına cavab verərək, belə bir status paylaşıb: “Azər bəyi aldadıblar ki, Əli Kərimliyə qarşı bəyanatlar ver, sənin pulunu verəcəyik. Təkrar edirəm, aldadıblar, sadəcə olaraq”.

“Şükür etsinlər ki, yaxalarından tutub mülkümü tələb etmirəm. Mənə 3 min manat təklif etdilər ki, onlara sərf edən məktubu oxuyum”...


Azər Əsgərov bu fikirlərlə də bağlı mövqeyini açıqlayıb: “Qəniməd Zahid kimdir? Dövlətə işləyir? O, ”Azadlıq"ın redaktorudur. Qaçıb gedib xarici ölkəyə. Dövlətə işləyirsə, mənə kompensasiya verilib-verilməyəcəyini bilməlidir. Kim nə yazırsa, yazsın. Mənə “agent”, “xain”, “satqın” və başqa sözlər deyə bilərlər... Mirzə Sakitin onlar barədə dedikləri doğrudur... Onları qızışdırırlar, ağıllarına gələni yazırlar. Onları əvvəllər tanımamışam. İlk dəfə mülkümü Rəsul Quliyevin partiyasına vermişdim, sonra da bunlara. Kirayə vermişdim. Şükür etsinlər ki, yaxalarından tutub mülkümü tələb etmirəm. Mənə 3 min manat təklif etdilər ki, onlara sərf edən məktubu oxuyum. Amma imtina etdim. Pul düşkünü olsaydım, çoxdan almışdım. Bunu hər kəs qəşəng düşünsün. Söz alsaydım, onları partlayış olmamış qərargahdan çıxarardım. Çünki dəfələrlə mənə təhdid gəlmişdi. Mənə deyilən sözün hər biri şər-böhtandır. Onların özləri belə anlaşmaya vaxtilə getdiklərinə görə, indi mənim haqqımda deyirlər. Elə zənn edirlər ki, hamı bunların özü kimidir".

Qəzetimiz yazıda adları çəkilən hər bir kəsin mövqeyini dərc etməyə hazırdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler